Nurlan MƏMMƏDZADƏ / BÖYÜK ŞƏHƏRLƏRİN KİÇİK İNSANLARI

Çap

Yazan redaktor 20.06.13 09:54

Share

Bir də baharlar bilirim

Apartman odalarında böyüyən çocuqların bilmədiyi, biləməyəcəyi…

Yazın isti nəfəsini duyduğumuz bir zamanda türk şairi Ərdəm Bəyazidin qələmə aldığı bu misralarla başlamaq istədim buaykı yazıma. Şair necə də gözəl təsvir edir mədəniləşmək adına daş binalara doluşub, həyatı yeknəsək yaşayanları. Yazın gəlişini yalnız havanın isinməsindən hiss edən, daş binalar arasında və asfalt zəmin üzərində məktəbə gedib, evə gələn, ən yaxşı halda süni fotbol meydançasında top oynayan azyaşlıların bahar təəssüratları nədən ibarətdir görəsən?

Başqa bir yazımda da qeyd etdiyim və yenə təkrarlamaq məcburiyyətində qaldığım məşhur bir kəlam var: “İnsan mədəni, yəni sosial varlıqdır” Bu, hələ bir neçə əsr əvvəl İslam mütəfəkkiri İmam Maverdinin insanın tərifini verərəkən istifadə etdiyi bir cümlədir. Bəs nədir mədəni olmaq, nədir mədəniyyət? Ərəb sözü olan “mədəni”; şəhərli, şəhərə məxsus mənalarına gəlir. Bir yanlış fikri də burada düzəldərək qeyd etməliyəm ki, bu fikrə əsaslanmaq o demək deyil ki, kəndlilər geriqalmış insanlardır. Şəhərlər əhalinin çoxluğu səbəbiylə qaynayıb-qarışma baxımından kəndlərə nisbətən daha fəal olduğu və sosiallaşma prosesinin məhz burada geniş inkişaf etdiyi üçün belə qəbul edilir. Çünki şəhər hər tərəfə çıxışı olan, elm, mədəniyyət, ticarət və s. mərkəzlərinin qurulduğu məskunlaşma yeridir. Məhz buna görə də sosiallaşma prosesi kəndlərdən daha sürətli gedir böyük şəhərlərdə. Hələ müasir əlaqə vasitələrini də  Belə deyirik, amma gəlin görək zəmanəmizdə bu sosiallaşma nələrin bahasına başa gəlir bizə? Və ya həqiqətən də şəhərdə yaşayanlar bir-biriylə qaynayıb-qarışmağı, sosiallaşmağı bacarırlarmı? Bu sualın cavabı olaraq  bu yaxınlarda oxuduğum kitabdan bir bölümü sizinlə paylaşmaq istəyirəm. Uşaqlar üçün yazılmış, lakin böyük məna daşıyan “Bizim binamız çox böyükdür” başlıqlı kiçicik bir məqaləni gəlin birlikdə oxuyaq:

Yaşadığımız bina iyirmi beş mərtəbədən ibarətdir. Hər mərtəbədə dörd mənzil var.

Hər dəfə söz düşəndə atam deyir ki, “Bu binada yaşayanların sayı kəndimizin sakinlərindən çoxdur.”

Liftə minib, vınnn... aşağı enirik. Yenə liftə minib vınnn... yuxarı qalxırıq. Ürəyimiz darıxanda kiçicik eyvanımıza çıxıb qarşımızdakı binanın damını seyr edirik. Bəzən özümüzü saxlaya bilməyib evin içində topla da oynayırıq. Onda da ya anam bizə hirslənir, ya da bizdən aşağı mərtəbədə yaşayan qonşumuz oxlovla tavanı döyəcləyir. Tak... tak... tak...

Çoxlu qonşumuz var, amma çoxunu tanımırıq. Liftdə və ya binanın girişində qarşılaşanda ayıb olmasın deyə böyüklərimiz bir-birilərinə təbəssüm edirlər.

Hərdən qapıbir qonşumuzla görüşürdük. Amma gediş-gəlişi kəsdik. Binanın istilik pulunu ödəmədikləri üçün atam onlarla dalaşıb.

Üçüncü mərtəbədə yaşlı bir qadın vəfat edibmiş, amma üç gün sonra xəbər tutublar..

Ehh, yaşadığımız bina çox böyükdür!..

Hörmətli oxucular, bu sətirləri oxuduqdan sonra qərar verməyi sizin öhdənizə buraxıram. Həqiqətən bu gün cəmiyyətmizdə bir-birini aylarla görməyən qohum-əqrəbalar, dost-tanışlar gündən-günə artır. Daş binaların beton arakəsmələriylə birlikdə daşa dönüb qonşuluq əlaqələri. Çünki biz çox “mədəni”yik. Və bu “mədəniyyət” naminə ailədaxili münasibətlər, insanlararası əlaqələr arxa plana atılmışdır. Önəmli olan iş həyatındakı uğurlar, evimizin divarını hansı oboyun bəzədiyi, salonumuzdakı çilçırağın bahalığı, sürdüyümüz maşının markasıdır. O qədər mədəniləşmişik ki, evdə uşaqlarımızı televizor tərbiyəlləndirir, ailə üzvləri bir-biriylə internet vasitəsilə məktublaşaraq əlaqə qurur. Necə deyərlər texnologiyanın son imkanlarından maksimum istifadə edirik. O qədər “mədəni”ləşmişik ki, artıq  bütün ailə üzvlərinin axşam yeməyinə bir süfrə ətrafına yığışması az qala nağıla çevrilib. Zarafat deyil, axı biz Mc Donalds və hamburger çağında yaşayırıq. Belə getsə bir neçə ildən sonra böyük şəhərlərdə yaşayan gənclərimiz fast-food[1] yeyə-yeyə bozbaşın, plovun, buğlamanın nə olduğunu unudacaqlar. Eynilə toylarımızda “vağzalı”nın unudulub, yerinə kilsə musiqisinin səsləndirildiyi kimi. İnsan ruhunu oxşayan muğamımızı bu gün şeytanın çılğınlıq və üsyan səsi olan rock əvəz etməyə başlayıb. Halbuki bizim laylamız Dədə Qorqud qopuzundan qopub gələn muğam üstə köklənmişdi. Yaxşı ki, hələ əvvəlki nəslin nümayəndələri var və milli dəyərlərimizin qorunmasına müəyyən qədər sahib çıxırlar. Əvvəlki nəsil dedim, böyüklərə hörmət düşdü yadıma, oradan da yaxın günlərdə metro ilə bağlı bir xatirəm təzələndi. Neçə vaxtdır metrodan istifadə etmirdim. O gün metro qatarı ilə bir yerə getməli oldum. Avto-dispeççer növbəti stansiyanın adını dedikdən sonra “Qocalara, əlillərə, əliuşaqlılara oturmaq üçün yer verin” -dedi. Sözün düzü çox yadırğadım bu cümləni. Deməli, cəmiyyətimizdə yetişən gənclər yaşlılara yer verməyi unudublar. Ailədə yetişən uşaqlar ata-anaları tərəfindən o qədər özbaşına və kapitalist ruhda böyüdülürlər ki, artıq qalx filankəsə yer ver deyilmədikcə özlərindən böyüklərə yer verməz hala gəliblər. Əgər mədəniləşmək dedikdə avropasayağı əxlaqsız geyim tərzi, gənc oğlanların “müasirləşmə” bəhanəsiylə qaşlarını aldırması, qulaqlarına sırğa taxması nəzərdə tutulursa və əsrlərin sınağından çıxmış dəyərlər, ailə münasibətləri ayaq altına atılırsa bu kimə lazımdır? Olmaya bizim Nizamilərimiz, Füzululərimiz mədəniyyətsiz insanlar idi?! Görəsən, tarixən əcnəbilərə mədəniyyət öyrədən bizlər bu gün nə üçün özümüz olmaqdan həya edirik? Unutmayaq ki, Türk-İslam mədəniyyətinin əsasını Allahın kitabı və Rəsulunun sünnəsi təşkil edir. Hansı ki, orada böyüklərə sayğı və hörmət də, alicənablıq da, əxlaq da, ədəb də ən mükəmməl səviyyədədir. İslam Peyğəmbərinin tövsiyələrinə qulaq verən bir insan başqalarına təbəssümü, möhtaclara yardımı, sevincləri paylaşmağı, dərdlərə şərik çıxmağı,  camaat olmağı, bir sözlə sosial və mədəni olmaq adına nə varsa hamısını bəşəriyyətə örnək olan O böyük insandan öyrənmiş olar. Öz-özümüzə düşünək, bəlkə yadların bizi bizdən qoparan həyat tərzini mənimsəmək yerinə, özümüz olmağa, öz mədəniyyətimizə, dəyərlərimizə sahib çıxmağa çalışsaq hər şey tamam fərqli olacaq.      


[1] ayaqüstü yeməklər

 

Tecox component by www.teglo.info