Redaktordan

Əziz Oxucu!

Mübarək üç ayların sonuncusu və ən fəzilətlisi olan Ramazan ayı yaxınlaşır. Hər bir müsəlman üçün xüsusi yeri olan bu ay günahlardan təmizlənmək və müsbət keyfiyyətlər qazanmaq fürsətidir. Ruhların dincəlmə mövsümü olan Ramazani-Şərif fərd və cəmiyyətlərin islah olunması üçün əvəzsiz rola malikdir. Bu sayımızı Qurani-Kərimin nazil olduğu aya həsr edərək onun fəzilətini bir daha xatırlatmağa çalışdıq. Eyni zamanda dünyada baş verən koronavirus pandemiyası səbəbindən ölkəmizdə alınan izolyasiya tədbirlərini də nəzərə alaraq müəyyən tövsiyələri bir daha nəzərinizə çatdırmağa çalışdıq. Hər şeydən əvvəl dövlətimizin aldığı qərarlara tabe olub evimizdə oturmalı olduğumuzu unutmamalıyıq. Evdə oturduğumuz bu günlərdə nələrə diqqət etməli olduğumuzu, vaxtımızı necə səmərəli keçirə biləcəyimizi düşünərək jurnalımızın səhifələrində bu haqda yazmağa çalışdıq.

“İçimizdəki insanı oyatmaq zamanı” başlıqlı yazıda dünyada yaşanan böhranların səbəbi olduğumuzdan söz açılaraq yeganə qurtuluş yolunun insanlığımızı inşa etməkdən keçdiyinə diqqət çəkilir. Elə bu məqsədlə də Ramazan ayını fürsət bilərək insani keyfiyyətlərimizi canlandırmalıyıq. İslam dinində “orucun fəzilətləri”ni eyniadlı məqalədə oxuyacaqsınız. Ramazana qovuşmağımıza 15 gün qalmış Rəbbimizin bizə bir digər lütfü – Bəraət gecəsi ilə bağlı “Günahlardan bəraət gecəsi” adlı yazıda oxuyacaqsınız. “Sahurun bərəkəti”, “Ramazan gecələrini əhya etmək” bu ayın gecə və gündüzlərini necə dəyərləndirməli olduğumuzu xatırladır. Ölkəmizdə tanınmış həkim, fitoterapevt Dr. Fizuli Hüseynovla orucun sağlamlıq üçün faydaları haqda söhbət etdik. Eyni zamanda dünyada yayılan koronavirusla mübarizə yollarını da müzakirə etdiyimiz müsahibəni sizə təqdim edirik. Digər müsahibəmiz uzun illər Mədineyi-Münəvvərədə iftar süfrələri açan könül insanı Mehmet Yüzbaşı ilədir. O mübarək məkanlarda yaşanan ibrətamiz hadisələri oxuduqca İslamın necə böyük bir nemət olduğunu bir daha xatırlayacaqsınız. “Karantin günləri”ndə nələr edə biləcəyimizi eyni adlı yazıdan oxuyacaqsınız. “Qorxu virusdan daha təhlükəlidir” başlıqlı məqalədə təlaşa düşmədən lazımi tədbirləri alacağımız təqdirdə hər bir çətinliyin öhdəsindən gəlməyin mümkün olduğunu görəcəksiniz. Möhtərəm könül insanı Osman Nuri Topbaşın Ramazani-Şəriflə bağlı verdiyi müsahibə isə bu sayımızda oxuyacağınız ən gözəl səhifələrdən olacaq. Ramazanı necə dəyərləndirməli olduğumuzdan bəhs edən müsahibə vasitəsi ilə eyni zamanda dünyanın bugünkü gündəminə də onun gözü ilə baxmaq imkanınız olacaq.

Evdə oturduğunuz karantin günlərində “İrfan”la darıxmayacağınızdan əminik. Hər birinizə sağlamlıq, bütün dünyaya sülh və əmin-amanlıq arzulayırıq.