Ruha qida olacaq bir Qurban üçün... / Osman Nuri TOPBAŞ

      Share

      Qurbanın həqiqəti

      Şükerlər olsun ki, feyzli bir Ramazan bayramını arxada qoyduq. Növbəti Qurban bayramıərəfəsindəyik. Biz qullarını bu mübarək günlərə çatdırdığı üçün Allah-Təalaya sonsuz həmd-sənalar olsun.

      Ramazani-Şərif sanki bir riyazət iqliminə girib günahlardan təmizlənmə və beləcə, Allah-Təalaya yaxınlaşma mövsümüdür. Qurban bayramı da ilahi əmrlərə itaət yolunda göstəriləcək  fədakarlıqlarla Haqqa yaxınlaşma mövsümüdür. Ramazan “təqva bayramı”dır, Qurban bayramı isə fədakarlıqlar nəticəsində Allah-Təala ilə “dost ola bilmə bayramı”dır.

      Hicrətin ikinci ilində əmr edilmiş olan qurban ibadəti şərtlərinə sahib olan hər varlıqlı müsəlmana vacib qılınmışdır. Belə ki, Peyğəmbərimiz:

      “Ey insanlar! Hər il hər bir ev əhlinə qurban kəsmək vacibdir”, -buyurmuşdur. (İbn Macə, Ədahi, 2; Tirmizi, Ədahi, 18/1518)

      Maddi imkanı əlverişli olan hər mömin qurban kəsmək məcburiyyətindədir. Çünki Rəsulullahın bu xüsusdakı xəbərdarlığı çox dəhşətlidir:

      “Bir kimsə maddi imkanları əlverişli olduğu halda qurban bayramında qurban kəsməzsə, namazgahımıza yaxınlaşmasın!” (İbn Macə, Ədahi, 2)

      Deməli, Allahın lütf etdiyi saysız nemətlərə baxmayaraq, -imkanı olanların- Allah üçün qurban kəsməkdən qaçınmaları müsəlmana əsla yaraşmayan böyük bir xəsislik əlamətidir.

       

      Qurban fədakarlıq təlimidir…

      Qurban ibadətinin mənası, yəni qəlbi cəhəti və dəruni hikmətləri ən az zahiri şərtləri qədər üzərində dayanılması lazım olan xüsuslardır.

      Çünki Qurban bayramı Xəlilullah İbrahim və oğlu İsmayılın başından keçən “Allah ilə dostluq” imtahanlarının hikmət dolu xatirələriylə ümməti-Məhəmmədə lütf edilmiş bir bayramdır. Bu günlərdə ifa edilən “həcc” ibadətində də İbrahim və İsmayılın Allah-Təalanın əmrinə göstərmiş olduqları təslimiyyət hallarından bir qismi möminlərə ibadət rüknü olaraq fərz qılınmışdır.

      “Qurban” sözü “təqərrüb”, yəni yaxınlaşmaq və Allaha yaxınlaşmağa vəsilə qılınan mənalarına gəlir. Rəbbimiz Özünə yaxınlaşa bilmək və Onunla “dostluq” iqliminə qəbul edilmək üçün biz qullarından sanki “qurbanlar” istəyir. Yəni malımızla, canımızla, bütün imkanlarımızla “fədakarlıq”  edərək bu imkanları uca dostluğuna vəsilə etməmizi arzu edir.

      İbrahim (ə.s) malıyla sınağa çəkildi, comərdliklə infaq etdiyi üçün “Xəlil İbrahim bərəkəti”nə məzhər oldu. Canıyla sınandı, heç tərəddüd etmədən Allah üçün canını ortaya qoydu. Nəticədə Allah-Təala ona atəşi sərin və zərərsiz etdi, gülüstana çevirdi. Canının bir parçası, oğlu İsmayıl ilə sınadı. Övladını Allaha qurban edəcəyi anda imtahanı qazandığına dair ilahi müjdə gəldi:

      “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin! Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.  Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) “İbrahimə salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!” (əs-Saffat, 104-110)

      Qurban mərhəmət, fədakarlıq, təvəkkül və təslimiyyət təliminin ifa edildiyi bir mövsümdür. Bu mövsümdə İbrahim (ə.s)-ın Allah-Təala ilə dostluq barəsində tabe tutulduğu bu ilahi imtahanları xüsusilə xatırlamaq lazımdır. Hər bir müsəlman özünü hesaba çəkməlidir. Bu həqiqətlər işığında möminlər olaraq tez-tez təfəkkür etməliyik:

      Görəsən, biz Allahın sevgisini qazanmaq üçün fani məhəbbətlərdən nə qədər vaz keçə bilirik? Canımızı və malımızı Allah yolunda nə qədər fəda edə bilirik? Tövbə surəsinin 111-ci ayəsində buyurulan: “Canları və malları müqabilində cənnəti satın alan möminlər...” xüsusiyyətinə nə qədər layiqik?..

      Məkkəli müşriklər Peyğəmbərimizə çoxlarının iradəsini əridən üç təkliflə: -sərvət, şöhrət və şəhvət təklifləri ilə gəldilər. Peyğəmbərimiz isə Haqqa tam bir təslimiyyət içərisində bu müdhiş cavabı verdi:

      “Allaha and olsun ki, Onun dinini təbliğdən imtina etməyim üçün günəşi sağ əlimə, ayı da sol əlimə qoysalar, mən yenə də bu təbliğimdən vaz keçmərəm! Ya uca Allah onu bütün dünyaya yayar, vəzifəm sona çatar, ya da bu yolda ölərəm!”

      Qurban nəfsani arzulardan imtina edərək bu fədakarlıq iradəsini göstərə bilməkdir. Bu gün də yalnız Qurban bayramlarında deyil, hər vaxt bu fədakarlığa hazır olmamız zəruridir.

      Tarix boyunca lazım gəldikdə heç çəkinmədən Allah yolunda canını qurban edən şəhidlər bu ibadətin əsil mənasını ali səviyyədə idrak etmiş olan insanlardır. Rəsulullah Mutəyə üç komandir göndərərkən onlar şəhid olacaqlarını bilirdilər. Üçü də bunda ən kiçik bir tərəddüd etmədi. Allah üçün canlarını fəda etməyi özlərinə minnət bildilər.

      Çanaqqalaya anaları tərəfindən saçlarına xına çəkilərək sanki qurbanlıq qoç kimi göndərilən qəhrəman mehmetciklərimiz Allah üçün canlarını fəda etməkdən çəkinməyən bir İsmayıl olduqlarını, bütün dünyaya şanla, şərəflə sərgiləmişdilər...

      Bu səbəbdən Allah yolunda yalnız malı və sərvəti deyil, lazım gəldikdə bütün varlığı qurban edə bilmək lazımdır. Yəni qurban hər xüsusda fədakarlıq təlimidir... Allahın verdiyi bütün nemətləri Onun yolunda səxavətlə xərcləyə bilməkdir. Qurbanın əsas mənası bu fədakarlıq şüurudur.

      Necə ki, səhabeyi-kiram da bu qəlbə sahib idi. Onlar Allah Rəsulunun ən kiçik bir arzusunu belə canlarına minnət bilərək: “Atam, anam, malım, canım sənə fəda olsun, ya Rəsulallah!” deyirdilər. Allah və Rəsulu uğrunda bir fədakarlıq şərəfinə nail ola bilmək üçün sanki bir-birləriylə yarışırdılar.

      Qurbanda da əsl məsələ “Canım qurban olsun, sənin yoluna...” sözünün içini dolduraraq söyləyə biləcək bir fədakarlıq üfqünü qazana bilməkdir.

      Niyyət xalis olmalıdır

      Əməllərə qiymət və bərəkət qazandıran onların ifasındakı ruh halı, fədakarlıq hissiyyatı və xalis niyyətlərdir.

      Süfyan Sevri həzrətləri:

      “Keçmişdə insanlar necə əməl edəcəklərini öyrəndikləri kimi, necə xalisanə niyyət edəcəklərini də öyrənərdilər”, -buyurmuşdur.

      Qurban kəsməkdən əsil məqsəd Allaha bu təslimiyyət təvəkkül şüuruyla qulluq etmə barəsində könüllərin agah olmasıdır. Yəni qurban yalnız şəkli bir ibadət deyil. Bu ibadət də digər ibadətlər kimi ruhi bir canfəşanlıqla ifa edilməlidir. Çünki Haqq-Təala buyurur:

      “(Qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir).” (əl-Həcc, 37)

      Elə buna görədir ki, cismani qurbandan məqsəd ilahi əmrlərə qeyd-şərtsiz itaət etmək, can-dildən, tərəddüd etmədən təslimiyyət göstərmək surətiylə, Ona yaxınlaşma arzusunun, yəni qəlbdəki bu xalis niyyətin izharıdır. Qurbanda Haqq qatına yüksələrək qəbul ediləcək olan da məhz qulun bu qəlbi səviyyəsidir. Qurbanın əti və qanı deyil...

      Haqq qatına yüksələcək olan qulun təqvasıdır. Təqva üzrə yaşamayan, etiqad, əxlaq və müamilələrdə ciddi problemləri olan birinin ibadət və əməlləri də düz olmaz. Çünki əyri xətkeşlə düz xətt çəkmək imkansızdır. Belələrinin ibadətləri riya, göstəriş, qınaqdan qorxma kimi fani məqsədlər və nəfsani mərəzlərlə bulanıqdır.

      Şeyx Şibli həzrətləri qurban kəsərkən niyyəti sırf Allahın rizasına təsis etməyin zərurətini nə gözəl ifadə edir:

      “Qurban kəsərkən nəfsani istəklərini və iradəni Haqqın rizasına ram etmədinsə, gerçəkdə qurban kəsmiş olmazsan.”

      Yəni qurbana niyyətlənən bir mömin əvvəlcə könlündəki niyyəti düzəltməli, tam bir ixlas duyğusu içində olmalı, niyyətinə faniləri ortaq etməkdən qətiyyətlə çəkinməlidir. Qonum-qonşunun ayıblamasından, cəmiyyətdəki etibarının zədələnilməsindən qorxmaq və ya göstəriş kimi bayağı və nəfsani düşüncələrlə qurban kəsməməlidir. Elə buna görədir ki, Mövlana həzrətləri də:

      “Keçinin kölgəsini qurban etmə!” deyərək bizləri bu ibadətin əsas məqsədini idrak etməyə, yəni ixlasa dəvət edir. Çünki qurban edilən heyvanın əti-sümüyü kölgə varlıqdır. Əsil olan onun ifadə etdiyi mənadır. Könül bu mənanın fərqində olmalıdır.

       

      Qurbana təzim Allaha təzimdir…

      Peyğəmbərimiz (s.ə.s)  belə buyurur:

      “Adəm övladının Qurban Bayramının birinci günü etdiyi işlərin Allaha ən sevimli olanı (qurban) qanı axıtmaqdır. Qiyamət günü o qurban buynuzları, dırnaqları və tükləriylə gələr. Qurbanın qanı da hələ yerə düşmədən Allahın rizasına nail olar və qəbul edilər. O halda qurbanlarınızı könül xoşluğu ilə kəsin!” (Tirmizi, Ədahi, 1/1493)

      Yəni qurbanı könlümüzdə ən kiçik bir tərəddüd duymadan, əksinə, Allah sevgisi və iman ləzzətiylə, Rəbbimiz üçün bir fədakarlıq etməyin vicdan rahatlığı ilə, xüsusilə ədəb və təzim duyğuları içində kəsməmiz lazımdır.

      Çünki ayeyi-kərimədə:

      “Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik.” (əl-Həcc, 36) -buyurulmuşdur.

      Bu səbəbdən Allahın əlamətlərindən olan qurbana əhəmiyyət və dəyər vermək, Allaha təzimdəndir. Necə ki, digər bir ayeyi-kərimədə də: “...Hər kəs Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır.” (əl-Həcc, 32) buyurulmuşdur.

      Məhz bu ilahi təlimatlara riayətlə Sami Əfəndi həzrətləri və rəhmətlik atam Musa Əfəndi həzrətləri qurban kəsərkən çox həssas davranardılar. Bir çuxura iki qurban kəsdirməzdilər. Ya da çuxur təmizləndikdən sonra ikinci qurbanı kəsdirərdilər. Qurbanın gözünü bağladardılar. Heyvanı kəsiləcəyi yerə itələyərək aparmaz, sürükləməzdilər. Əgər qurban kiçikbaş heyvan olardısa, qucağa alınıb şəfqətlə aparılmasını istəyərdilər. Kəsərkən bıçağın iti olmasına diqqət yetirərdilər. Heyvana əziyyət verməyəcək şəkildə gözəl kəsilməsini və qanın yaxşıca axıdılmasını arzu edərdilər. Qurban kəsilərkən oturmaz, heyvanın qanı tamamilə axana qədər Allahın əmrinə təzim məqsədiylə ayaq üstə gözləyərdilər. Allah-Təalanın nemətlərini təfəkkür edərək, qulluq şüuru içində olardılar.

      Digər tərəfdən qurban bizi belə bir təfəkkürə də dəvət edir:

      Kəsilən bu heyvanlar Allah-Təalanın bizə böyük lütfləridir. Haqq-Təala bizi insan olaraq yaradıb bu heyvanları da əmrimizə verdi. Biz də qurbanlıq bir heyvan olaraq dünyaya gələ bilər, o heyvan da insan olaraq yaradılıb bizi qurban edə bilərdi. Məhz qurban Rəbbimizin sonsuz nemət və lütflərinə qarşı könüllərimizdə belə bir təfəkkür dərinliyi və düşüncə hissiyyatı da hasil etməlidir.

      Unutmayaq ki, Allah-Təalanın bizim ibadətlərimizə ehtiyacı yoxdur. Allahın mülkündə yaşayan qulun Rəbbin əmanəti olan malından, canından, bütün imkanlarından Allah üçün infaq etməsi Ona bir ikram deyil, əksinə, Allahın o quluna ayrı bir ikramıdır. Çünki Allah-Təalanın heç bir şeyə ehtiyacı yoxdur, lakin qulların Onun rizasına və məhəbbətinə, mərifətullah və məhəbbətullahdan nəsib almağa ehtiyacları sonsuzdur. Bu baxımdan biz həm Rəbbimizə minnət və təşəkkür hissləri içərisində saleh əməllər işləməli, həm də Rəbbimizin lütf edib qəbul buyurmasını niyaz etməliyik.

      Qurbanın hikməti

      Bütün ibadətlərin əsas məqsədi Allahın əmrinə itaət edərək, Onun rizasını qazanmağa çalışmaqdır. Niyyət bu olmaqla birlikdə, əgər belə demək mümkündürsə, ruhumuz hər ibadətdən ayrı bir qida alar. Ruhi sağlığımız bütün ibadətlərdən və saleh əməllərdən alacağımız bu könül feyzinə / mənəvi enerjiyə möhtacdır.

      Qurban ibadəti insandakı xəsislik və mal sevgisini aradan qaldırmağın və maddə əsarətindən xilas olmağın ən təsirli vasitələrindən biridir. Buna müvəffəq olanlar nəfs əngəlini aşaraq əsil insanlıq cövhərini ortaya qoymağın səadətinə çatmış olarlar. Çünki bütün ülvi davranışlar ruhumuzu bürüyən qəflət dumanından xilas olmağın bir təzahürüdür. Bu səbəblə qurban ibadəti bəşəriyyətin mənən səviyyə qazanması yolunda müstəsna bir fürsətdir.

      Cəmiyyətdə isə qardaşlıq, yardımlaşma və paylaşma duyğularını inkişaf etdirir. Allah tərəfindən bizə zimmətlənmiş kasıb və qəribələrin, yəni din qardaşlarımızın dərdli könüllərinə bir təsəlli ola bilməyin vicdan rahatlığını yaşadar. İnsanları məhəbbət və mərhəmətlə bir-birinə bağlayar. Allahın nemətlərini Onun qullarıyla paylaşa bilməyin ləzzətinə çatdırar. Cəmiyyət halında yerinə yetirilən fərdi və ictimai ibadətlərlə Allahın rizasını qazanmağa və Ona yaxınlaşmağa vəsilə olar.

       

      Qurban təfəkkürü

      Başda İbrahim və İsmayıl olmaqla, həyatları tövhid mübarizəsiylə keçən bütün peyğəmbərlərin Allah yolunda dözdükləri əziyyətləri, göstərdikləri fədakarlıqları düşünməli və “Biz nə qədər bu fədakarlığın içindəyik?” sualını özümüzə verməliyik.

      Din fədakarlıqlarla bu günlərə gəlmiş və təbliğ edilmişdir. Rasulullahın, Səhabeyi-Kiramın həyatındakı fədakarlıq misallarını düşünüb onlarla axirətdə birlikdə ola bilmək üçün necə bir fədakarlıq səviyyəsi nümayiş etdirməyimizin lazım olduğunu təfəkkür etməliyik.

      Çünki hədisi-şərifdə buyurulan “insan sevdiyiylə bərabərdir” müjdəsi eyni zamanda bu sevginin isbatı mahiyyətində feili məsuliyyətlər yükləyir çiyinlərimizə...

      Sevmək sırf sözdə qalan, quru bir birlik ifadəsi olmamalıdır. Gerçək məhəbbət tətbiqat istər, isbat istər. Bu məhəbbətin nəticəsi olan birlik də yalnız zahiri birlik deyil. Əməli birlik, hissiyyat və fikir birliyidir. Peyğəmbərimizlə zahiri birlik -inşallah- bu birliklərin axirətdəki mükafatı olacaq.

      Lakin Peyğəmbərimizin təlimatlarına layiqiylə itaət etməsək, onun yaxınlığını və şəfaətini diləməyə də üzümüz olmaz. Çünki ayeyi-kərimədəki xəbərdarlıq çox açıqdır:

      “(Ya Rəsulum!) De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın...” (Ali-İmran, 31)

      Bu həqiqət hamımızı düşündürməlidir:

      - Gündəlik yaşayış tərzimdə nə qədər Peyğəmbərimlə bərabərəm?

      - Varlıq və bolluq qarşısında nə qədər Onunla bərabərəm?

      - Yoxluq və darlıq qarşısında nə qədər Onunla bərabərəm?

      - Əziyyətlər qarşısında nə qədər Onunla bərabərəm?

      - Zəfərlər, müvəffəqiyyətlər qarşısında nə qədər Onunla bərabərəm?

      - Muamilə, əxlaq və ibadət həyatım nə qədər Onun həyatına bənzəyir?

      - Yetimlər, qəriblər, kimsəsizlər, məzlumlar qarşısında nə qədər Onunla birlikdə və ya Onun yaxınındayam?

      - Peyğəmbərimiz və əshabi-kiram bu dövrdə yaşasaydılar, görəsən qurban ibadətini necə yüksək bir fədakarlıq üfüqündə ifa edərdilər? Mən bu üfüqə necə daxil ola bilərəm?

      - Əsri-səadət insanı nə ilə kifayətlənirdi, mən isə nəfsim üçün nələri arzulayıram? Aclıqdan qarnına daş bağlayan bir Peyğəmbərin qafil və nadan bir ümməti olmamaq üçün özümü nə qədər israfdan qoruya bilir, nə qədər riyazət halında yaşaya bilirəm? Çünki Həzrət Əli buyurur ki:

      “Bir cəmiyyətdə zənginlərin israf etdiyi ölçüdə insanlar ac qalar!..”

      - Ac və möhtac qardaşlarımla imkanlarımı nə qədər paylaşa bilirəm?..

      Bir ananın övladına olan şəfqət və mərhəmətindən daha artığını ümmətinə bəsləyən Rəhmət Peyğəmbəri həm özü üçün, həm də ümmətindən gücü çatmayanlar adına qurbanlar kəsərdi.  Hətta Vida Həccində 100 qurbanından 63 qurbanını şəxsən özü kəsmişdi.

      Rəsulullahın ümmətinə göstərdiyi şəfqət, mərhəmət və comərdliyi bu gün ümməti- Məhəmməd olaraq bizlər də -imkanlarımız daxilində- yaşayıb Peyğəmbərimizə vəfa göstərməyə cəhd etməliyik.

      İmkanımız varsa, vacib qurbanlarımızı yaşadığımız yerlərdə ailəmiz, qonşularımız və möhtaclar arasında paylaşmalı; lakin qəza, bəla və xəstəliklərin dəf edilməsi, Allah-Təalanın lütf etdiyi nemətlərin şükrü və din qardaşlarımıza kömək əli uzada bilmək məqsədləriylə, sədəqə olaraq da əlavə qurbanlar kəsib dünyanın dörd bir tərəfindəki məzlum, zərər çəkmiş, qərib və kimsəsizlərə paylamağa imkan daxilində səy göstərməliyik. Çünki bu səy belə mərhəmətli bir Peyğəmbərə bizi ümmət edən Allah-Təalaya ən gözəl şükür ifadələrimizdən biri olacaq.

      Bir gün qurban kəsildiyində Peyğəmbərimiz (s.ə.s) ondan geriyə nə qaldığını soruşmuşdu. Həzrət Aişə anamız:

      “-Yalnız bir kürək sümüyü qaldı” -dedi.

      Bunun üzərinə Peyğəmbərimiz (s.ə.s):

      “- (Ya Aişə), de ki, bir kürək sümüyü xaric, hamısı (yəni bütün infaq etdiklərimiz) bizim oldu!”, -buyurdu. (Tirmizi, Qiyamə, 33)

      Deməli, mühüm olan, bizimlə qalacaq olan fədakarlığımızdır...

      Həmçinin Peyğəmbərimiz çətin zamanlarda infaqlarını daha da artırardı. Necə ki, Qurban bayramı yaxınlaşdığı bir zaman bədəvilərdən ehtiyac içində olan bir birlik Peyğəmbərimizin yanına gəlmişdi. Bunun üzərinə Rəsulullah (bayram xütbəsində):

      “- Sizdən kim qurban kəssə, bayramın üçüncü günündən sonra evində qurban ətindən bir şey qalmasın!”, -buyurdu.

      Ertəsi il səhabələr:

      “-Ya Rəsulallah! Yenə keçən il etdiyimiz kimi edək?”, -deyə soruşdular. Rəsulullah belə cavab verdi:

      “- Bu il özünüz yeyin, başqalarına yedirin və daha sonra yemək üçün saxlayın! Keçən il insanlar dolanışıq çətinliyi çəkirdilər. Bu səbəblə onlara bu kömək etmənizi istəmişdim.” (Buxari, Ədahi, 16)

      Yəni müsəlmanların dolanışıq çətinliyi çəkdikləri bir zamanda Peyğəmbərimiz səhabələrini daha çox infaq etməyə sövq etmişdi. Görəsən, Peyğəmbərimiz möminlərin həyat-ölüm  dərəcəsində ağır çətinliklərə düçar olduqları indiki vaxtda bizdən necə bir yardımlaşma səfərbərliyi istəyərdi? Bu gün Afrikanın, Arakanın, Fələstinin, Suriyanın ürəkləri dağlayan halı ortada ikən görəsən, Peyğəmbərimiz (s.ə.s) bizdən necə bir fədakarlıq həssaslığı gözləyərdi? ÇünkiPeyğəmbərimiz:

      “Mömin qardaşının dərdiylə dərdlənməyən bizdən deyil.” (Hakim, IV, 352; Heysəmi, I, 87)

      “Qonşusu ackən tox yatan (kamil) mömin deyil.”, -buyurur. (Hakim, II, 15)

      Bu gün ünsiyyət vasitələrinin tərəqqisi nəticəsində, sanki bütün dünya müsəlmanları bir-birinin qonşusu oldu. Dünyanın ən uzaq yerlərinə belə təyyarə ilə təxminən yarım gün içində gedilir.

      Belə olduğu halda bu nəbəvi təlimatların çiyinlərimizə yüklədiyi məsuliyyət daha da ağırlaşır. Bu mühasibəni öz içimizdə tez-tez etməliyik:

      - Dünyanın dörd bir tərəfində fəlakətlərlə pərişan vəziyyətdəki qardaşlarımızın, mühasirə altında dərmandan belə məhrum qalan fələstinli qardaşlarımızın, missionerlərin əlindəki dərmanla imanı arasında seçim etmək məcburiyyətində qalmış, maddi-mənəvi aclığa məhkum edilmiş afrikalı qardaşlarımızın, bəlkə də qapıbir qonşumuz olduğu halda səssiz fəryadlarını eşitmədiyimiz üçün maddi-mənəvi səfalət içində qalan qardaşlarımızın könlümüzdə nə qədər yeri var?

      - Bir il boyunca öz boğazımızdan nə qədər, afrikalı qardaşlarımızın boğazından nə qədər ət keçir?

      - Öz insanımızı imkanlarımız daxilindəki haqlarını təslim etmək surətiylə missionerlərin məngənəsindən nə qədər qurtara bilirik?

      Mömin möminə zimmətlidir. Onun sevincini də, dərdini də paylaşmaq məcburiyyətindədir. Bu səbəblə biz də əvvəlki illərdə davam etdirdiyimiz qurban xidmətlərimizi Afrika və digər İslam coğrafiyasında bu il də -inşaallah- davam etdirəcəyik.

      Bu qurban bayramında heç bir imkanı olmayanlar da o məzlum və zərər çəkmiş qardaşlarımızla ən azından dualarıyla bayramlaşmalıdır... İmkanı olanlar buna ikram və infaqlarını da əlavə edərək feli dualar etməlidirlər...

      Keçdiyimiz illərdə o dərdli ürəklərin dualarıyla bayramlaşmış və vətənimizə çox şirin xatirələrlə dönmüşdük. Bu il də onların qəmli, məhzun və qırıq könülləriylə yenidən bayramlaşa bilməyin əzm və cəhdi içindəyik.

      Afrikada, Orta Asiyada, Qafqaz bölgəsində, Balkanlarda və daha nə qədər yerdə bizlərə “Siz Peyğəmbər müjdəsinə nail olmuş Fatehlərin nəvələrisiniz. Ümməti şəfqət qanadları altında qorumağa çalışan Əbdülhəmidlərin nəvələrisiniz”, -deyirlər. Allah-Təala belə dostlarını unutdurmur. Belə dostlarına əsrlər sonra belə dünyanın hər tərəfindən sanki bir “hüsnü-hal kağızı” gəlir. Peyğəmbərimizin “cənnət vacib oldu” deyə müjdələdiyi gözəl şahidliklərin bənzərləri nəsib olur.

      Məhz İslam coğrafiyasındakı möhtac din qardaşlarımıza edəcəyimiz infaqlarla onlardan Haqq qatına yüksələcək dualar da inşallah bizim üçün gözəl bir şahidlik olaraq ilahi əfvə nail olma vəsiləsi olar. Biz o qardaşlarımızın duasına möhtacıq. Bəlkə heç görmədiyimiz, heç tanımadığımız qardaşlarımızdan gələcək dualar bizə də qiyamət günü bir “hüsnü hal kağızı”, bir bağışlanma məktubu olacaq.

      Çünki ən məqbul dua qiyabi duadır. Kimdən bizə nə qədər qiyabi dua gəldiyini də ancaq qiyamət günü, -önümüzə ilahi manitorlar gəldiyi zaman anlayacağıq... Hətta bəlkə o zaman “Kaş ki bu bayram hədiyyələrimizi, etdiyimiz ehsanları daha da uzaqlara apara biləydik!..” -deyə təəssüflənəcəyik.

      Allah-Təala ayeyi-kərimələrdə bizə belə xəbərdar edir:

      “Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! - deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.” (əl-Munafiqun, 10)

      “Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın!” (əl-Bəqərə, 254)

       

      Bayram tətil olmamalıdır

      Bayram əsla bir tətil deyil. Bayram fərdin nəfsani rahatlıq tapdığı zaman deyil, cəmiyyətin müştərək sevincidir.

      Bayram İslam qardaşlığının cəmiyyət planında yaşandığı, incikliklərin unudulduğu, məhəbbət və yardımlaşma duyğularının gücləndirildiyi, keçmişlərin ruhlarının -bir vəfa borcu olaraq- müxtəlif xeyir-həsanat ilə şad edildiyi, qohum-əqrəba ziyarətlərinin canlandırıldığı ictimai ibadət mövsümüdür.

      Əsas tətil son nəfəsdə, cənazəyə qoyulanda başlayacaqdır. Allah-Təala insan oğlunu dünyaya axirətini qazanmaq üçün göndərdi. Bayramlar da bu qazancın sanki xırman zamanıdır. Belə bir zamanı qəflətə dalaraq əyləncəylə ziyan etmək çox qəmli bir aldanış və acı bir itkidir.

      Bu mübarək günlərdə mənasız mövzularla məşğul olmayıb bu qiymətli vaxtları zikrullah ilə və xüsusilə də bayramın şüarından olan təkbirlərlə, sədəqələrlə, ikramlarla canlandırmaq lazımdır.

      Çünki Bəhlul Danəndənin dediyi kimi:

      “Gerçək bayram yeni paltar geyinənə deyil, Allahın əzabından əmin olanadır”.

      Beləliklə bunu unutmamaq lazımdır ki, bayram ilahi rizanı qazanma günləridir.

      Bayram könül səfərbərliyidir. Könüllərin bir nəzərgahi-ilahi olduğu şüuru içində könül almağın ən feyzli zamanıdır.

      Elə buna görə də bu sevincli günlərdə xüsusilə kimsəsizlərin, dərdlilərin və qəriblərin könüllərini xoş etməliyik. Çünki mərhəmət edənə mərhəmət edilər. Allah rizası üçün kiçik bir hədiyyə ilə də olsa mömin bir qulunu sevindirəni Haqq-Təala şanı-uluhiyyətinə layiq mükafatlarla sevindirər.

      Allah-Təala bayramın həqiqətini idrak edə bilməyi və bu fürsəti yaxşı qiymətləndirərək könüllərimizi bir rəhmət dərgahı halına gətirə bilməyi hər birimizə nəsib etsin. Ömrümüzə dirilik bəxş edən Ramazani-Şəriflər kimi, mübarək gecələr kimi, Zilhiccənin ilk on günü kimi feyzli bir ömür, son nəfəsimizi də əbədi bir bayram səhərinin ilk addımı etsin!..

      Bu mübarək günlərdə qanadıqırıq bir quş kimi şəfqət və mərhəmətə möhtac olan yaralı könüllərə, xüsusilə Suriya, Arakan, Fələstin və Afrikadakı məzlum və dərdli din qardaşlarımıza qəlbimizin uzanmasını nəsib etsin. Onların üzlərindəki təbəssümü, ürəklərindəki təşəkkürü bizlər üçün əbədi bayramların sevinc və səadətinə çevirsin! Həqiqi bayramların səadət və sevincləriylə millətimizin, vətənimizin və bütün İslam aləminin üzünü güldürsün!..

      Amin... 

      • Hits: 916 clicks

      Tecox component by www.teglo.info