Dua edirəmsə, deməli, varam! / Natiq Əhmədov

      Share

      Kiçik qızım İncinin çox sevdiyim bir hərəkəti var.

       Ondan nə isə istədikdə və o şey onda olmayanda əllərini çiyninədək qaldırır və ovuclarının içini göstərərək “yox”u anladır. Onun tərtəmiz dünyasında “yox” u ifadə etməyin ən sadə, ən təsirli yolu boş ovuclarını gostərməkdir. Bu, “bax, əllərim bomboşdur, əlimdə hec nə yoxdur” deməkdir bu.

      Həm öz qızımda, həm də başqa uşaqlarda şahid olduğum bu davranış hər zaman diqqətimi çəkmişdir.

      Nə vaxt dua etmək üçün əllərimi qaldırsam, istəklərimi dilə gətirməyə başlasam, ağlıma uşaqlar gəlir. Boş əllərini gostərərək “yox” deyən uşaqlar…

      Anlayıram ki,

      “Tək sənə sığınır hər yüksək, alçaq.

      Hər varlıq yoxluqdur, Sən varsan ancaq.” 

      -deyən dahi  şairimiz Nizami Gəncəvi ilə eyni dua iqlimində dolaşıram. “Allahım”, deyirəm, “hüzuruna boş əllərimlə gəldim, əllərim bomboşdur,  heç nə yoxdur. Əllərimdə sadəcə “yox”lar var və mən yoxdan var etdiyin bu əllərlə sənə yönəlirəm. Sənin sonsuz kərəminə əl açıram. Rəhmətinə, mərhəmətinə sığınıram.Çünki məndə varlıq yoxdur, səndə isə yoxluq.”

      Bu hissiyyatla “insan bu dünyada  kiçik və kövrək uşağa bənzəyər” söyləyən bir mütəfəkkirin sözləri düşür yadıma. Əlimdə yeganə varlıq olan “yox” ilə sonsuz kərəm sahibi olan Rəbbin dərgahında dua edərkən, arzu və hisslərimi Ona açarkən, əslində “yoxluğum”un nə qədər böyük xəzinə olduğunu anlayıram. Zəifliyimin böyük bir qüvvət, acizliyimin böyük bir qüdrət, fəqirliyimin isə nə qədər böyük bir zənginlik olduğunu görürəm.

      Əllərimdə yeganə var olan “yox” ilə gəldiyim Rəbbimin hüzurunda artıq Onun sonsuz xəzinələrində dolaşıram və Dekartın o məhşur sözündən daha güclü bir həqiqəti kainata duyurmaq istəyirəm…” Dua edirəmsə, deməli, varam!”

      • Hits: 904 clicks

      Tecox component by www.teglo.info