Könüllərin İmami / Mübariz ƏLİOĞLU

      Share

      Uca Allah Qurani-Kərimdə belə buyurur:

      “Ey İman gətirənlər! Sizə elə bir ticarət ( qazanc yolu ) göstərimmi ki, O sizi şiddətli əzabdan xilas etsin? ( O qazanc yolu budur ) Allaha ( c.c ) və onun peyğəmbərinə İman gətirən Allah ( c.c ) yolunda malınız və canınızla vuruşarsınız. Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir. ( Əgər belə etsəniz ) O sizin günahlarınızı bağışlayar və sizi altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu böyük qurtuluşdur.” (Əs-Saff, 10-12 )

      İlahi həqiqətlərin bəşər təfəkküründə iz qoyması, möhkəmlənməsi və dərinləşməsinin Rəsulullahın bu aləmə qədəm qoyduğu andan dövrümüzədək Allah yolunda aparılan cihad mücadilələri ilə gerçəkləşməsi Hz. Muhəmmədin fəzilətli əməllər sıralamasında imandan sonra məhz cihada önəm verməsi ilə müsəlmanların qəlb aləmində xüsusi dəyər qazanmışdır. İslami cihad tarixinin şərəfli səhifələrinin yazılıdığı Qafqaz bölgəsi və bu bölgənin ən məhşur simalarından olan İmam Şamilin unudulmaz həyat yolu buna ən layiqli nümunədir. Onun ilahi əmrlərə sarılma əzmini təcəssüm etdirən döyüşkən ruhunun yaddaşları vəcdə gətirən canlı bir şahid olması dini təəssübkeşliyi və Allaha qulluq mükəlləfiyyətini mənliyimizdə inkişaf etdirən etibarlı bir məktəbdir. O zamanlar dünyanın ən güclü müstəmləkə siyasətini həyata keçirən Rus imperiyasına qarşı formalaşan bu qüvvənin təməlində Allaha və Onun əmrlərinə duyulan sonsuz sədaqət dururdu. Adı müridizm olan, əslində isə ilahi əmrlərə qarşı insan şəxsiyyətində dönməz bir bağlılıq səadətini çiçəkləndirən bu cərəyanın rəhbərlərindən olan Molla Məhəmmədin “Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc, 78 ) əmri-ilahisini qəlbləri cuşə gətirəcək üslubda təbliği necə də heyrətamiz idi:

      “Sən də Allahın bu sadiq bəndələri kimi (müridlərini nəzərdə tutur) irfan yolu ilə hər şeyə vaqif olsan, Allahı dərk edərsən, sonra da Ona qovuşarsan. Allah özü belə buyurub. Onun yer üzərindəki elçiləri mürşidlər, vəlilər bizi öyrədir ki, bəndənin Allaha məhəbbəti sonsuzdur. Bu məhəbbət insan ürəyində dərya kimidir, dalğalandıqca insanı cuşa gətirir, vəcdləndirir. Gördüyünüz bu igidlərin (müridlərin) hər biri həmin dəryanın bir damlasıdır. Onlar nə zaman desən  Allah yolunda şəhid olmağa hazırdırlar. Soruşa bilərsən ki, bunun səbəbi nədir? Hardandır bu güc, bu mətanət? Bunun cavabı belədir: Bu gücün, bu məhəbbətin mənbəyi yenə də Allahdır. Onun sadiq bəndələri dünyanın fani əməllərindən, eyş-işrətdən, şərab içməkdən və digər bəd əməllərdən uzaq olduqları üçün Allaha yaxındırlar. Onlar bütünlüklə Allahın hüzurundadırlar. Qürrələnmək bəlasından xalidirlər. Ürəklərini ancaq Allaha məhəbbət üçün hifz eləyirlər. Bu məhəbbət onları fövqəlvarlığa, bəqaya aparır. Allaha qovuşdurur...

      Təbiidir ki, bu şəkildə sanballı bir dini dünyagörüşə sahib olan müəllimlərin əməyi İmam Şamilin timsalında ənənəvi kamillik zirvəsinə çatmışdı. Çoxmillətli Qafqaz xalqları arasında Allahın haqq dinini yaşama istiqamətində Peyğəmbər əxlaqının imkanlarından dəqiqliklə yararlanma qabiliyyəti sözün əsl mənasında Şeyx Şamili könüllərin imamına çevirmişdi. İlahi nemətləri dəyərləndirmə yönündə: “Allah yaratdığı şeylərdən  sizin üçün kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar, sizi istidən (və soyuqdan) saxlayacaq köynəklər, (sizi müharibədə) qoruyacaq zirehli geyimlər düzəltdi. Allah nemətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz!”. (ən-Nəhl, 81 ) əmri-ilahisini həyatına inanılmaz bir istəklə tətbiq edən imamın bu nemətlərdən təyinatı üzrə istifadə əmsalı da olduqca yüksək idi. Qafqazın dağlıq relyefi və yerli əhalinin bu və digər nemətlərə qarşı bir şükür həyatı sürməsi Allahın izni ilə Şamilin qələbələrinə yardım etdi. Dağlarda yerləşən Axulqo qalasının müdafiəsində 33.000 rus əsgərini tələfata uğradan İmam orani tərk etmək məcburiyyətində qalsa da rus komandanlığına ünvanladığı məktubunda bunları söyləmişdi: “General! Çarına xəbər ver ki, Qafqazın qoynunda minlərlə Axulqo var və on minlərlə Surxay qülləsi başını Allaha doğru qaldırıb əcəlinə susayanları gözləyir”.

      İmamın hərbi müvəffəqiyyətlərindən dəhşətə gələn rus generalı Yermolovun: “Bir qafqazlı uşağın asılması 100 rus əsgərinin sağ qalması deməkdir” sözü məhz həmin dövrdə Qafqazda yaşanan iman mücadiləsinin möhtəşəmliyini tanıdır. Qafqaz xalqlarının cihad mübarizəsi nə qədər təəssüflə qeyd edilsə də, maddi ehtiyatların tükənməsi səbəbi ilə tənəzzül mərhələsini yaşamalı olmuşdu. İmperiya ilə barışıq siyasətinə məcbur edilən İmamın alimlərin rəyinə önəm verməklə sərgilədiyi davranışı yenə də Quranın əmrləri ilə səsləşməkdə idi: “Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir! Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi.” (əl-Ənfal, 61-62)

      İlahi himayənin qanadları altında barışıqdan sonra istər rus çarından, istərsə də Həcc səfəri üçün çıxdığı yolda İstanbulda, Qahirədə, Məkkə və Mədinədə inanılmaz bir hörmət və təntənə görən İmamın ən ümdə istəyi Mədinəyə daxil olunca son həddə çatmışdı. Hər yerdən onu evlərinə dəvət edən mədinəlilərə bunu söyləmişdi:

      “Rəsulullaha illərcə qəlbimizdə duyduğumuz həsrət və məhəbbət burada qarşısıalınmaz bir selə, bir ümmana döndü. İlk vəzifəm Onun mübarək məzarına üzümü sürtmək, Onun mənəvi hüzurunda özümdən keçməkdir. Nə olar hər şeydən əvvəl mənə bu fürsəti verin”.

      25 illik möhtəşəm istiqlal mübarizəsinin əvəzsiz rəhbəri olan İmam Şamil 74 yaşında vəfat etmiş və Cənnətül-Baqi qəbiristanlığında dəfn olunmuşdur. Qəlblərə islami hürriyyət havasını daddırmış olan Könüllər İmamının bu fani həyatın məntiqi yekununu qiymətləndiməsi də özünə məxsus idi:

      “Kamil adam yeriməyə necə başlayarsa, elə də başa çatdırar”.

      _______________________________________

      Məqalənin hazırlanmasında İ. Mustafayevin və S. Murtuzayevin “İmam Şamil” adlı tarixi oçerkindən istifadə edilmişdir

      • Hits: 921 clicks

      Tecox component by www.teglo.info