Həyat Dəftərindən / Ülvi Məmmədov

      Share

      Günlərin birində zəngin bir ata oğlunu ailəsi ilə birlikdə kəndə apardı. 

      Bu səfərin bir məqsədi vardı, insanların nə qədər kasıb ola biləcəklərini oğuluna göstərmək. Çox kasıb bir ailənin yaşadığı bir evdə bir gün və gecə keçirdilər.

      Səfərdən qayıdarkən ata oğulundan soruşdu:

      “İnsanların nə qədər kasıb ola biləcəklərini gördünmü?” oğlu cavab verdi:

      “Bəli!”

      “Yaxşı, bəs nə dərs çıxardın bundan?”

      Oğlu cavab verdi:

      “Bunu gördüm: bizim evdə bir itimiz var, onlarınsa dörd. Bizim bağçanın ortasına qədər uzanan bir hovuzumuz var, onlarınsa sonu olmayan böyük bir gölləri. Bizim bağçamızda mağazadan aldığımız lampalar var, onlarınsa saysız-hesabsız ulduzları. Biz qarşımzıdakı həyəti görürük, onlarsa ucsuz-bucaqsız üfüqü görürlər.”

      Oğlu sözünü bitirdikdə atası söyləyəcək bir söz tapmırdı. Oğlu əlavə etdi: “Təşəkkür edirəm ata, nə qədər kasıb olduğumuzu göstərdiyin üçün minnətdaram!”

      SİLİNMƏZ İZLƏR

      Pis xasiyyətli bir gənc vardı. Bir gün atası ona mismarlarla dolu bir torba verdi. “Yoldaşlarınla mübahisə etdikdə, dava saldıqda hər dəfə bu taxtaya bir mismar vur”, -dedi. Gənc birinci gün taxtaya 37 mismar vurdu. Sonrakı həftələrdə öz-özünə nəzarət etməyə başladı və hər gün taxtaya vurduğu mismarlar azalmağa başladı.

      Nəhayət,bir gün taxtaya bir dənə də olsa mismar vurnadı. Nəticəni atasına söylədi. Atası onu yenidən taxtanın yanına apardı. “Bu gündən başlayaraq mübahisə etməyib, dava salmadığın hər gün üçün taxtadan bir mismar çıxart”, -dedi.

      Günlər keçdi. Bir gün bütün mismarlar çıxarılmış oldu. Atası oğluna: “Afərin, yaxşı hərəkət etdin, amma bu taxtaya diqqətlə bax. Görürsən, nə çox dəlik var? Artıq keçmişdəki kimi gözəl olmayacaq”, -dedi. Sonra əlavə etdi:

      “Yoldaşlarınla mübahisə etdiyin və dava saldığın vaxt pis sözlər deyirsən. Hər pis söz bir yara (dəlik) açar. Yoldaşından min dəfə üzr istəyə bilərsən, amma bu dəlik eynilə qalacaq bağlanmayacaq. Bir dost nadir tapılan bir ləl-cəvahirat kimidir. Səni güldürər, ürəkləndirər, ehtiyac duyduğunda sənə köməkçi olar, səni dinləyər və sənə ürəyini açar”.

      ÖMÜR PARÇAYA BƏNZƏMƏZ

      Tanınmış bir toxucunun diqqətlə toxuyub satdığı bir top parçada bir nöqsan tuturlar və məhsulu geri qaytarıb pulunu istəyirlər.

      Toxucu pulu qaytarır, lakin yanaqlarına iki damla yaş süzülür.

      Müştərilər soruşur:

      “Nə üçün ağlayırsan? Parçanı qaytardığımıza görə bu qədər kədərləndinsə geri alıb gedə bilərik. Pulunu da qaytararıq.”

      Toxucu cavab verir:

      “Xeyr, parça üçün ağlamıram. Onun bir qüsuru vardı və geri qaytarıldı. Lakin ömür boyu etdiklərim... Allaha ərz olunduqda belə bir qüsur üzündən geri çevriləcək olsa, halım necə olacaq? Bir anlıq bunu düşündüm, ağladım.

      Həyat parça kimi deyil ki, düzəldilsin, ya da təkrar toxunsun!

      ŞİRİN KÖRPƏ

      Gənc Qadın körpənin gözəlliyi qarşısında ovsunlanmış kimi idi. Buruq sarı saçları, iri mavi gözləri, zərif burnu və kiçik qırmızı dodaqlarıyla nur topuna bənzəyən körpə qadının indiyə qədər gördüyü ən şirin qız uşağı idi. Onun ipək yanaqlarından doyunca öpmək və cənnət qoxusunu ciyərlərinə çəkmək üçün əyildikdə bir səs eşitdi:

      - Toxunma mənə! Məni oxşamağa haqqın yoxdur!..

      Qadın qorxuyla diksinib ətrafa baxdı. Körpəylə özündən başqa heç kim yox idi. Eyni səsi təkrar eşidəndə körpəyə baxdı. “Aman Allahım!.. Yeni doğulmuş olmasına baxmayaraq danışan o idi.”

      Körpə:

      - Mənə yaxınlaşmağını istəmirəm, -deyə davam etdi, -uzaq dur məndən!

      Qadın bir az özünü toplayıb:

      - Hər dəfə uşağımız oğlan olur, -dedi. Onlar da gözəldir, amma qız uşaqları başqadır. Buna görə səni öpmək istəmişdim.

      - Məni öpə bilməzsən, -deyə ağlamağa başladı körpə. Mənim də səni öpməyim mümkün deyil.

      Qadın çaşqın halda soruşdu:

      - Niyə? Nə üçün öpə bilməzsən ki?

      Körpə, hıçqırıqlara ağlayarkən:

      - Bunun səbəbini yaxşı bilrisən, -dedi. Düşünsən mütləq tapacaqsan.

      Qadın nə baş verdiyini götür-qoy edərkən birdən özünə gəldi. Özəl bir xəstəxananın ən lüks otağında uzanmışdı və narkozun təsirindən ürəyi bulanırdı. Ailə dostları olan gənc həkim qadına bir dəstə çiçək uzadıb:

      - Gözünüz aydın, xanım, dedi. Abort müvəffəqiyyətlə nəticələndi. Həə!.. Qız imiş bətninizdəki körpə...

      • Hits: 822 clicks

      Tecox component by www.teglo.info