Sual-Cavab

      Share

      Sual: Tərkibində qida jelatini olan məhsulları yemək caizdirmi?

      Cavab: Jelatin qeyri-təbii proteindir. Jelatinin hazırlanmasında əsasən heyvan dərisi, sümüyü, qığırdağı və toxumalarından istifadə edilir. Jelatin mürəkkəb kimyəvi proseslərdən keçərək əldə edilir və səkkiz mərhələdən sonra istifadəsi yararlı hala gəlir. Qeyd etmək lazımdır ki, tibbi ləvazimat və qida istehsalında istifadə edilən jelatinlərin xam maddəsi əsasən donuz və ya dana dərisi, yaxud sümüyüdür.

                  İslam hüququ baxımından jelatinin xam maddəsi kimi istifadə olunan dəri, toxuma və ya qığırdaq halal yoldan əldə edilərək istifadə edilibsə jelatin halal və caizdir. Əgər haram və ya şübhəli yoldan əldə edilibsə, nəticədə istehsal edilən jelatin də caiz hesab olunmur.

                  Vurğulamaq lazımdır ki, bir maddəyə haram və ya halal deyilə bilməsi üçün həmin şey haqqında ya nəss (ayə və ya hədis), yaxud da mötəbər İslam alimləri həmin mövzuda həmfikir olmalıdırlar. Əks təqdirdə, yəni həmin şeylə bağlı “haram, məkruh, mübah” kimi müxtəlif “fitva”lar, varsa mütləq mənada haram damğasının da vurulması düzgün deyil.

                  Jelatin məsələsinə gəlincə, jelatin və digər qoruyucu maddələr kimi yeni məhsulların bir hissəsinin istehsalında donuz və murdar heyvanın dəri, sümük və toxumalarından istifadə olunur. Bundan başqa, insanın sağlamlığına bir sıra ziyanlarının da olduğu bildirilir.  

                  Fiqh alimlərinə görə maddə “ərimə, donma, quruma, qarışma” kimi tərkibinin dəyişməsi ilə onun dini hökmü də dəyişikliyə məruz qalır. Belə ki, məsələn, sərxoşluq verən bir içkinin sirkəyə çevrilməsi, heyvanın duza çevrilməsi kimi kimyəvi dəyişikliklərə məruz qalarsa onun mahiyyəti və hökmü də dəyişir. Yəni onun yeni maddəsi duz və ya sirkə adını alar.

                  Odur ki, jelatin və qoruyucu maddələrin istehsalında nədən istifadə olunursa olunsun, kimyəvi cəhətdən dəyişdiyi, adları və mahiyyətləri, tərkib hissəsi artıq başqa maddələrdən ibarət olduğu mütəxəssislər tərəfindən açıq-aşkar bildirilir. Ona görə də bu kimi məsələlərdə fətva verə bilmək üçün iki elm sahəsinin əməkdaşlıq etməsinə ehtiyac vardır. Belə ki, mütəxəssislər tərəfindən yeni maddənin ona qatılan və haram olan maddədən tamamilə başqa bir maddəyə çevrilib-çevrilmədiyi barədə dəqiq rəy olmalıdır. Bunun nəticəsində fiqh alimi də məhz bu rəyə əsasən dini baxımdan onun fətvasını verməlidir. Yəni tərkibləri tamamilə dəyişərsə halal, əks təqdirdə caiz deyil.

       

      Sual: Bir insanın birdən artıq evi varsa, bunun zəkatını verməlidirmi?

      Cavab: Əvvəlcə qeyd etmək lazımdır ki, hər hansı bir əşya ticarət əşyası olmadıqca həmin əşya zəkata daxil deyildir. Belə ki, ev alğı-satqısı ilə məşğul olan şəxs öz mülkiyyətində olanı satışa qoyduğu daşınmazlardan, zəkat hesabatında əlində olanların dəyəri üzərindən 2,5% zəkata daxil olar. Vasitəçi olaraq başqalarına məxsus daşınmazları satan və ya icarəyə verən isə, qazandığı gəlirlərdən il sonunda zəkata əlavə edər.

                  Günümüzdə sərmayə, torpaq və ticarətdən başqa müntəzəm gəlir təmin etmək məqsədi ilə başqa istiqamətlərə yönəlmişdir. Kirayə gəliri təmin etmək üçün əldə mövcud olan mənzil, iş yeri, dükan, bina, anbar ilə istehsalat üçün təsis edilən fabriklər, nəqliyyat üçün istifadə edilən avtobus, qatar, təyyarə, gəmi, yük maşını və s. vasitələr bunlar arasında sayıla bilər. Bunların hamısı çoxalma və inkişaf olmadan gəliri üçün edilən işlərdir. Məhz bu səbəblə də gəlirlərindən zəkat verilməlidir.

      Bununla yanaşı, müxtəlif avtomobil alqı-satqısı ilə məşğul olanların əllərində mövcud olan maşın, raf, yük maşını, avtobus kimi nəqliyyat vasitələri dəyəri üzərindən zəkata daxil olur. Başqalarına məxsus nəqliyyat vasitələrini vasitəçi kimi satanlar isə, gəlirlərindən il sonunda əlində qalanı zəkata əlavə edər və əgər varlıdırsa 2,5% üzərindən zəkata daxil olar.

      Şəhərlərarası avtobusla sərnişin nəqliyyatı ilə məşğul olan firma, həmin avtobusların gəlirindən ilin axırında 2,5% zəkat verməlidir. Ancaq il içində bunlardan məsələn, beş avtobusun satışına qərar verilərsə, müştəri tapılıncaya qədər, bunlar gedişə davam edə bilər, lakin ticarət malına çevrildiyi üçün dəyərinə görə zəkata əlavə edilər.

       

      Sual: Evdə qızıl əşyalarından və ipək parçalardan istifadə etmək olarmı?

      Cavab: Hz. Peyğəmbərin hədislərində hər dövrdə bəzək əşyası kimi öz əhəmiyyətini qoruyub saxlayan qızıl, gümüş və ipək paltardan istifadə etmə ilə əlaqədar müəyyən məhdudiyyət qoyulmuşdur. Qadınların fitrətən bəzənməyə olan ehtiyac və meyilləri səbəbilə onlara bu mövzuda güzəşt verilmişdir. Qadınların israf və göstərişə yönəlməmələri, həmçinin bunları cinsi təhrik vasitəsi etməmələri qeyd-şərti ilə qızıl və gümüşü bəzək (zinət) əşyası kimi istifadə edə biləcəkləri və ipək paltarlar geyə biləcəkləri bildirilmişdir. Lakin bunların məişət əşyası kimi istifadə olunması məhdudlaşdırılmışdır. Sözügedən bu üç maddənin kişilər tərəfindən istifadə olunması isə bir qayda olaraq qadağan olunmuşdur.

      Mövzu ilə əlaqədar qadağaları bildirən hədislərdən bər neçəsi bunlardır: “Qızıl və ipək ümmətimin kişilərinə haram, qadınlarına halaldır” (Buxari, Libas, 30; Əbu Davud, Xatəm, 3; Tirmizi, Libas, 1). “Qızıl və gümüş qablarda heç bir şey içməyin və bu ikisindən emal olunan boşqablarda heç bir şey yeməyin. Çünki bu boşqablar dünyada müşriklər üçün, axirətdə isə sizin üçündür” (Müslim, Libas, 1). “Hz. Peyğəmbər qızıl üzükdən istifadə etməyi qadağan etdi” (Buxari, Libas, 45). Bəra İbn Azib (r.ə.) belə demişdir: “Hz. Peyğəmbər bizə yeddi şeyi əmr, yeddi şeyi də qadağan etdi. Bizə qızıl üzükdən istifadə etməyi, gümüş qabdan içməyi, yəhərlərin üstünə qoyulan ipək örtükdən (misərə), ipəkdən naxış qoyulmuş parçadan (qəssiy) istifadə etməyi, ipək (həsir), qalın ipəkdən parça (istəbrəq) və ipək parça (dibac) geyməyi qadağan etdi” (Buxari, Libas, 45 ; Müslim, Libas, 1).

      Yuxarıda qeyd olunan üç maddənin və buna oxşar bəzək əşyasının istehsalı və ticarəti (alqı-satqısı) caizdir (Buxari, Libas, 25,30). Çünki bunların istifadəsi halal olduğu kimi, müharibə şəraitində və ya xəstəlik səbəbilə ipək paltar geyinmək kişilər üçün də caiz sayılmışdır (Buxari, Libas, 29). Əksər İslam hüquqşünaslarına görə ipək parça yalnız geyİNmək üçün yox, həmçinin yorğan, döşək, yastıq, xalça kimi əşyada da kişilər üçün geyinmə hökmündə olduğu fikrini irəli sürmüşlər. Ancaq Əbu Hənifə və bəzi Maliki məzhəbindən olan İslam hüquqşünaslarına görə hədislərdəki qadağa ancaq geyim əşyası ilə əlaqədardır. Odur ki, ipək parça kişilər üçün geyimdən başqa yerdə istifadə oluna bilər.

       

       

      • Hits: 865 clicks

      Tecox component by www.teglo.info