O Hər Zaman Bağışlamışdır… / Salih Zeki Meriç

      Share

      Bağışlamaq Uca Rəbbimizin ən çox xoşuna gələn əməllərdəndir. Şəxsimizə qarşı edilən və bəyənmədiyimiz hərəkətləri bir mömin kamilliyi ilə əfv etmək imanımızın kamilliyindəndir.

       Möminin xüsusiyyətlərindən biri də ''bağışlayıcı'' olmasıdır. Çünki Rəbbimiz özünə qarşı işlənən o qədər günaha baxmayaraq yenə qullarını bağışlayır və onları şəfqət və mərhəmətindən məhrum etmir. Əlbəttə ki, bu Onun şanının ucalığındandır.

      Mömin günahkara deyil, günaha qarşı olmalıdır. İnsan yaradılış etibarilə xətaya düşə bilər. Ona görə hər birimiz səhv edə bilərik. Özümüzü qüsursuz görmək ən böyük səhvlərdən biridir. Belə ki, insanoğlu qan laxtasından, ət parçasından yaradıldığını unudub Rəbbinə baş qaldırsa və bu qəflətinin fərqinə varıb tövbə-istiğfar etsə Rəbbimiz bu qulunu belə bağışlayacağını müjdələyir. Ona görə ''əfv''  Rəbbimizin qullarına mərhəmətinin bir təzahürüdür.

      Peyğəmbərimiz (s.ə.s) də hər zaman əfv etdiyi üçün hamının qəlbini fəth etmişdir. Necə ki, Qurani-Kərimdə Rəbbimizin Peyğəmbərimizə öyüdü də bu istiqamətdədir:

      “Sən əfv yolunu tut, İslama uyğun olanı  əmr et və cahillərdən üz çevir.” (əl-Əraf, 199)

       Möminin dilindən salmaması lazım olan dulardan biri də: ''Allahım! Sən əfvi sevirsən, bizi də əfv et!..'' duası olmalıdır.

      Bağışlamaq insanın qəlbində olan sevgi və mərhəmət duyğularının nəfsi duyğulara qalib gəldiyinin göstəricisidir.  Rəbbimizin “Afuv” sifəti də Onun qullarına qarşı mərhəmətli və bağışlayıcı olduğunu göstərir. Qurani Kərimdə “cəza” sözünün 117 dəfə keçməsinə qarşılıq “əfv” sözü 234 dəfə zikr olunur. Bu da Rəbbimizin  mərhəmətinin hər vaxt qəzəbindən qabaqda olduğunu ortaya qoymaqdadır.

      Rəbbimizin bağışlayıcılığını izah edən onlarla ayə var. Bu ayeyi-kərimələrin demək olar ki, hamısında diqqətimizi çəkən xüsus bağışlamağa təşviqin olmasıdır.

      Həmin ayələrdən bir neçəsi belədir:

      “Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir.Həqiqətən O, zalımları sevməz.” (əş-Şura, 40)

      “Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir.” (əş-Şura, 25)

      Hz. Peyğəmbərin özünə edilən o qədər əziyyətə, işgəncəyə baxmayaraq həmişə əfv yolunu seçdiyini görürük. Məkkədə istər öz qəbiləsi, istərsə də digər düşmənləri tərəfindən işgəncə görməsinə baxmayaraq, İslamı seçmələrindən sonra onları özünə bir qardaş bilmiş və etdiklərindən ötrü onlara qarşı pis rəftar etməmişdir.

      Gözünün nuru, qızı Zeynəbi dəvədən salan Həbbarı bağışlaması Onun alicənablığından xəbər verir:

      Həbbar bin Əsvəd də İslama düşmən olanlardandı. Həzrət Peyğəmbər (s.ə.s)-in qızı Zeynəb (r.a) Məkkədən Mədinəyə hicrət edərkən mizrağıyla vuraraq onu dəvədən yıxmışdı. Həzrət Zeynəb hamilə olduğu üçün uşağını salmış və çox ağır yaralanmışdı. Bu yara daha sonra vəfatına səbəb olmuşdu.

      Həbbar buna bənzər bir çox cinayət törətmişdi. Məkkənin fəthindən sonra qaçdı və ələ keçmədi. Rəsulullah (s.ə.s) Mədinədə səhabələriylə oturduğu bir əsnada hüzuruna gələrək müsəlman olduğunu bildirdi. Həzrət Peyğəmbər onu da bağışladı. Onu incidəcək sözlər söyləməyi və təhqir etməyi səhabələrinə qadağan etdi. (Vaqidi, II, 857-858)

      Onun döyüş əsirlərinə qarşı davranışı, onları bağışlaması da peygəmbərlik şanından irəli gəlirdi. Çünki o həyatı boyunca heç kimə nəfsi üçün kin saxlamamış, sevərkən də, qəzəblənərkən də Allahın rizasına uyğun hərəkət etmişdir. Onun könülündə zərrə qədər nəfsindən qaynaqlanan ehtiras və nifrət yox idi. Çünki rəhmət peyğəmbəri idi, sevgi ilə göndərilmişdi. Taif səfəri əsnasında özünə əziyyət edənlər üçün ''Ya Rəbb, onlar bilmirlər. Bilsələr belə etməzlər.'' deyərək onların hidayətini istəmişdi.

      Əmisi Həzrət Həmzənin ölümünə səbəb olan Hindi bağışlaması Onun İslam dairəsinə girən hər kəsə qucaq açmasından xəbər verir.

      Hind beyət etmək istəyən digər qadınlarla birlikdə Rəsulullahın hüzuruna gəldi. Tanınmamaq üçün üzünü örtmüş, libasını dəyişdirmişdi. Öldürülməkdən qorxur, Peyğəmbərimizdən uzaq dayanırdı. Digər qadınların danışmadığını görən Hind:

      “- Ya Rəsulallah! Allaha həmd olsun ki, özü üçün seçib bəyəndiyi dinini üstün etdi. Şübhəsiz ki, Sənin rəhmətin mənə də toxunacaq! Ey Məhəmməd! Mən indi Allaha inanmış və Onu təsdiq etmiş bir qadınam!" dedi. Sonra üzündən örtüyü açıb:

      “- Mən Hind binti Utbəyəm! Allah keçmiş günahları bağışlayar. Sən məni bağışla ki, Allah da Səni bağışlasın!” dedi.

      Rəsulullah (s.ə.s) təbəssüm etdi, Hindi yanına çağırdı və:

      “- Deməli, sən Hind binti Utbəsən?!” buyurdu. Hind:

      “- Bəli!” -dedi.

      Allah Rəsulu:

      “- Mərhəba, xoş gəldin!” buyurdu. Hind:

      “- Vallah, ya Rəsulallah! Dünən yer üzündə sənin ailən və tərəfdarların qədər zillətə və təhqirə uğramasını istədiyim başqa bir kimsə yox idi! Bu gün səhər isə sənin ailən və tərəfdarların qədər izzət və şərəfə nail olmasını istədiyim başqa biri yoxdur!” -dedi.

      Rəsulullah:

      “- Sənin bu halın daha da artacaq!" buyurdu. (Zəməxşəri, VI, 107)

      Allah Rəsulu kəlmeyi-tövhid hörmətinə Hindi və neçə-neçə insanə bağışlamışdı.

       

      • Hits: 1009 clicks

      Tecox component by www.teglo.info