Elm Və Əməl / Arif HƏŞİMOV

      Share

      “Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?”[1]

      Yəni ey kitab əhli! İnsanlara yaxşı işlər – xeyrin hamısını- əmr edib özünüzü unudmağınız və insanlara əmr etdiklərinizi özünüzün etməməyiniz sizə necə yaraşır? Halbuki siz Allahın əmrlərini qüsurlu edənlərin halını kitabdan oxuyursunuz.

      Özünüzə qarşı nə etdiyinizi “...məgər başa düşmürsünüz?” Elə isə bu yuxunuzdan ayılın və korluqdan gözlərinizi açın.

      Qatadə bu ayə haqda belə demişdir: İsrail oğulları insanlara Allaha itaəti və təqvanı əmr edərdilər, ancaq özləri əmrlərə müxalif davaranardılar. Buna görə də Allah-Təala onları qınadı, ayıbladı.

      Hər nə qədər bu ayədəki hökm xüsusi olsa da, ümuma da bir dərsdir, ibrətdir. Bu gün KİV –dən, xəbər verilişlərindən tez-tez “ikili standart” deyimini eşidirik. Dünyada yaşanan xaos isə ortalıqda və acı nəticələrindən bütün bəşəriyyət, ələlxüsus da müsəlman dünyası əziyyət çəkməkdədir. Səbəbi isə aydındır: Dünyanın aparıcı lider və siyasi təşkilatlarının müsəlman dünyasına verdiyi əməlsiz vədlər, qətnamələr, bəyannamələr, söz oyunları, diplomatik jestlər, hədsiz maraqlar və s…

      Bəs müsəlman dünyasının hər bir şəxsinin bu vəchdən vəziyyətləri ürəkaçandırmı? Bu sual tutduğu vəzifəsindən asılı olmayaraq hər birimizə: müdirə, müəllimə, ailə başçısına, bu yazını yazana, oxuyana - xülasə, hər kəsə şamildir.

      Hz. Peyğəmbər (s.ə.s) buyurur: “Qiyamət günündə bir adam gətirilərək oda atılar. Onun (qarnı) yırtılıb bağırsaqları bayıra çıxar və o, eşşəyin dəyirman daşını fırlatdığı kimi onlarla birgə dönər. Cəhənnəm əhli onu əhatəyə alıb belə deyər: Ey filankəs, sənə nə oldu? Sən bizə yaxşını əmr edib çirkini qadağan etmirdinmi?! O, belə cavab verər: Mən sizə yaxşını əmr etdiyim halda özüm onunla əməl etməzdim, çirkini də qadağan etdiyim halda özüm onu işləyərdim.”[2]

      Yenə Hz. Peyğəmbər (s.ə.s) buyurur: “Meracda olduğum gecə bir topluluğa uğradım ki, onların ağızları oddan düzəldilmiş qayçılarla kəsilirdi. Mən dedim: Bunlar kimdir? Onlar insanlara yaxşını əmr edib özlərini unudan dünya əhlindən olan ümmətinin xətibləridir. Onlar Kitabı oxuduqları halda (belə çirkin əməllərini) başa düşmürlər?, -cavabını verdilər. ”[3]

      Bir kişi İbn Abbasın (r.anhumə) yanına gəlib ona belə deyir: Mən mərufu (yaxşılığı) əmr etmək və münkərdən (çirkin əməldən) nəhy (qadağan) etmək istəyirəm.

      İbn Abbas dedi:

      - Bu qədər yetişdin?

      Adam:

      - Ümid edirəm.

      İbn Abbas:

      - Əgər Allahın Kitabından üç ayə ilə özünün ayıbının üzə çıxmasından qorxmursansa, et.

      Adam:

      - Onlar hansı ayələrdir?

      Bu zaman İbn Abbas: “Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?”[4] ayəsini oxuyub ona belə dedi:

      Bunun hökmünü yerinə yetirmisən?

      Adam:

      - Yox, -dedi.

      Sonra İbn Abbas: “Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.”[5] ayəsini oxuyub həmin adama dedi:

      - Bunun hökmünü yerinə yetirmisən?

      Adam:

      - Yox, -dedi.

      Nəhayət İbn Abbas Hz. Şueybin (ə.s) sözünü: “…Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!”[6] oxuyub adama dedi:

      - Bəs, bunun hökmünü yerinə yetirmisən?

      Adam:

      - Yox, -dedi.

      Bu zaman İbn Abbas (r.anhumə) həmin adama belə dedi:

      - Elə isə özündən başla[7].

      Rəvayət olunduğuna görə, Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- belə buyurmuşdur: “Cənnət əhlindən bir qrup insan cəhənnəm əhlindən bir qrupun halına vaqif olub onlara belə deyərlər: Siz nə səbəbə görə od içinə düşmüsünüz? Halbuki, biz sizdən öyrəndiklərimiz səbəbilə cənnətə daxil olmuşuq. Onlar belə cavab verərlər: Biz deyərdik, ancaq əməl etməzdik.”[8]

       



      [1] əl-Bəqərə, 2/44.

      [2] Buxari, 3094.

      [3] Əhməd bin Hənbəl, Müsnəd, 122.

      [4] əl- Bəqərə, 2/44.

      [5]  Saff, 61/2,3.

      [6] Hud, 11/88.

      [7] Bunu Dahhak İbn Abbasdan nəql etmişdir.

      [8] Bunu İbn Əsakir Vəlid bin Uqbənin tərcümeyi-halında qeyd etmişdir.

       

      • Hits: 990 clicks

      Tecox component by www.teglo.info