Sarı Qadı Üryançayda / Adem Şahin

      Share

      Ankarada Hacəttəpə Universitetinin yaxınlığında Sarı Qadın Camesi yazılan məscidin qarşısından keçərkən işi-gücü olmayan dükandarların vaxt keçirmək üçün papaqlarını tərəzidə çəkməsi kimi öz-özümə bu sualları verdim:

      Kimdir görəsən bu Sarı Qadın? Nə üçün adı ilə deyil, sifəti ilə tanınıb?

      Bir qadının sarılığı başını örtübsə, üzünə baxılaraq bilinərmi? Hara getdiyini soruşanlara bu məscidin adını verib məscid sözünü düməmək nə mənalara gələr? Əldə təsbeh, başda təkkə “Sarı Qadına gedirəm”, “Sarı Qadından gəldim” kimi sözlər məscidi tanımayanları güldürməzmi?

      Ruslar bizə “qara millət” deyirlər. Əsmər insanların sarı rəngə meyil salmaları adi haldır. Döyüşlərdə cariyə tutmağın və uzaq ölkələrə uzanan kəşflərin təməlində özünə bənzəməyəni və özündə olmayanı əldə etmək həvəsi var.

      Tələbəliyimin son illərində “n” hərfinin silinərək Sarı Qadı camesi olduğunu gördüm. (Şəkil: 1) Sonradan öyrəndim ki, cameni nəsildən-nəslə bir çox müdərris və qazı yetişdirən Qadızadələr ailəsinə mənsub Sarı Qadı (qazı) tikdirib.

      Tablodakı dəyişikliyi görmədən Ankaradan ayrılanların zehnindəki Sarı Qadın məscidindəki “n” hərfi necə silinəcək?

      Ağdaşdan Xosrov kəndinə gedərkən arada Türyançay köprüsü var. Bu köprünün mədrəsə yolunun üstündə olması, nur üzlü, qartal baxışlı, həya sahibi ululara keçid olması belə daşını-torpağını sevməyə səbəbdir.

      Adının heç bir şeylə səsləşməməsi səbəbiylə Türyançaydan yazı çıxmayacağına qərar vermişdir. Amma bir gün körpüdən keçərkən “T” hərfinin silinərək “üryançay” qaldığını gördüm. (Şəkil: 2) Ankarada hərf artırılaraq edilən təhrif Ağdaşda hərfin silinməsiylə baş vermişdi.

      Tablonun dəyişdiyini görmədən Ağdaşdan ayrılanların zehnindəki Üryançay körpüsünə “T” hərfi necə əlavə ediləcək?

      Pürrəngi çayla birlikdə bir çay yazısı oxumaq yerinə düşər…

      Üryan olmağın utancının yaşandığı və örtünmə hadisəsinin başladığı məkan cənnət olmuşdur. Örtünmək cənnət xatirəsidir. Örtünmə və insandan başqa cənnətdən nə isə gəlib məgər?

      “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha xeyirlidir.” (əl-Əraf, 26)

      Həzrət Mövlananın: “Elə insanlar gördüm ki, geyməyə paltarı yox, elə geyinmişlər də gördüm ki, içində adam yox” sözü ayədə keçən təqva libası ilə zahiri geyimin yoxluğuna işarətdir.

      Taşlıcalı Yəhya bəyə görə insan dünyaya ağlayaraq üryan gəlir, öldükdə də doğulduğu hal üzrədir.

      Adəm oğlu aləmə üryan gələr, üryan gedər

      Naleyi-əfqan giryan gələr, giryan gedər.

      Qaracaoğlan da eyni həqiqəti belə dilə gətirir:

      Üryan gəldim, yenə üryan gedərəm

      Ölməməyə əldə fərmanımmı var?

      Əzrayıl gəlmiş də can tələb eylər

      Mənim can verməyə dərmanımmı var?

      Üryan olmağın ikinci mənası mənəvi kirlərdən təmiz olmaqdır. Hər cür nəfsani və şeytani duyğulardan, hərəkətlərdən uzaq olmaq; qəlbin təmizliyi, paklığı mənasında üryan olmaq deyilir. Bitlis, Eskişehir, Urfa kimi şəhərlərdə Üryan baba türbələri, Tuncelidə də Üryan Xızır türbəsi var. Üryanın bu ikinci mənasına görə Yunus Əmrə eşq əlindən üryan olmaq – paklanmaq istər. “Eşq gəldikdə bütün pisliklər yox olar” deyən Yunusa görə eşqin nəticəsi yenilənmək, qabıq bağlamış pisliklərdən qurtulmaq və üryan olmaqdır.

       

      Məskənim dağlar

      Göz yaşım çağlar

      Durmaz qan ağlar

      Eşqin əlindən

       

      Varım verəyim

      Qədrə ərəyim

      Üryan olayım

      Eşqin əlindən

       

      Yunusun sözü

      Kül olmuş özü

      Qan ağlar gözü

      Eşqin əlindən

       

      Üryan olmağı sadəcə çılpaqlıq olaraq anlamaq üryan olmaq istəyən Yunusa və üryan babalara həqarətdir. Zehnimizdə üryan sözünün çılpaqlığa işarə etməsi isə virtual dünyanın zehnimizdə və könlümüzdə apardığı təxribatın əsəridir.

      Hz. Musaya Tur dağında nəleynlərini çıxarması əmr edilmiş, ayaqlarının yalın olması istənmişdir. “…Ya Musa! Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan!” (Ta ha, 11-12)

      Həzrət Musanın ürəyi ismət sifəti səbəbiylə heç şübhəsiz ki, nəleynlərinin altından daha təmiz idi. Ürəyi ayaqqabısının altından daha kirli olanların daxili aləmlərini kirlərdən üryan etməyə daha çox ehtiyacı var.

      Türyançay gecə-gündüz axarkən müvəqqəti olaraq adının Üryançaya çevrilməsindən narahat olmamışdır. Çünki onun dərdi ad-san deyil. Füzulinin su qəsidəsini yazdığı çayın, bulağın adını bilən varmı? Füzuliyə görə su Rəsulullah (s.ə.s)-ə tərəf axır və onun həsrətiylə çağlayır. Adı nə olursa olsun hər axan çayın dərdini yalnız Füzuli dilə gətirə bildi. Çayların adını isə lövhələrə hər millətdən minlərlə insan yazdı, gördü və söylədi.

      Xaki-payinə yetəm der, ömrlərdir müttəsil,

      Başını daşdan-daşa vurub gəzər avarə su.

      (Su ayağının toprağına çatmaq üçün başını daşdan-daşa vuraraq ömürlər boyu durmadan avara-avara gəzər.)

      Füzulinin suyun eşqinə verdiyi dərin mənayla üryan olmaq duasıyla Üryançaydan keçənlərə salam olsun!..

      • Hits: 882 clicks

      Tecox component by www.teglo.info