Həyat Dəftırindən / Niyazi Yusifov

      Share

      Necə gözəl nəticə…

      Bir nəfər Əbdülqadir Ceylani həzrətlərinə bir kölə hədiyyə etmişdi. Əbdülqadir həzrətləri köləni alıb, evinə gətirir. Ona: “Oğlum, bu otaq yataq otağındır, bu geyimləri geyinə bilərsən, yemək istəsən bax burada yeməklər var.” -deyir. Ondan sonra soruşur:

      - Hər şeyi göstərdim, indi  harda yatmaq istəyirsən? Kölə belə cavab verir:

      - Haranı münasib görsəniz orada.

      - Bəs hansı paltarı geyinmək istəyirsən?

      - Hansını uyğun görsəniz onu.

      - Hansı yeməyi sevirsən?

      - Hansını versəniz.

      Kölə belə cavablar verəndə, Əbdülqadir həzrətləri göz yaşı tökməyə başlayır. Kölə bu dəfə tərəddüd edir, şeyxi incidəcək bir söz dedimi? Əbdülqadir həzrətlərinin göz yaşları sel kimi axarkən, kölə ona yaxınlaşır:

       - Əgər qüsur etdimsə, bağışlayın məni. Olmaya sizi kədərləndirəcək bir söz dedim?

      - Yox, oğlum, xəta etmədin.

      - Niyə ağlayırsınız bəs? -deyincə bu cavabı verdi:

      - Söylədiklərini dinlədim, ona görə. Hər şeyi doğru söylədin. Kaş ki, sənin mənə etdiyin bu itaət kimi, mən də Rəbbimə itaət edə bilsəm, qulluğunda dursam. Ömrümdə bircə dəfə də olsun “Ya Rəbb, səndən heç bir şey istəmirəm. Haranı münasib görsən o evdə yataram, hansı paltarı münasib görsən onu geyinərəm, hansı ruzini versən, onu yeyərəm. Başqa bir tələbim yoxdur!” deyə bilsəydim. Bax, onun üçün ağlayıram.

      GƏLƏCƏYİNİ BİLİRDİM

      Müharibənin ən qanlı günlərindən biri idi. Əsgər ən yaxşı dostunun bir az irəlidə qanlar içində yerə yıxıldığını gördü. Hər tərəfdən güllə yağış kimi yağırdı. Əsgər komandirinin yanına qaçdı:

      - Komandir, qaçıb dostumu gətirə bilərəm? Komandir tərs-tərs ona baxdı. Sanki “dəli olmusan?” deyirdi.

      - Getməyə dəyərmi? Dostun dəlik-deşik olub. Böyük ehtimalla ölmüşdür. Öz həyatını da təhlükəyə atma. Əsgər təkid etdi.

      Komandir:

      - Yaxşı, get, -dedi. Əsgər o qorxunc güllə yağışının altında özünü dostunun yanına yetirdi. Onu çiyninə alıb qaça-qaça geri qayıtdı. Birlikdə səngərin içinə yuvarlandılar.

      Komandir qanlar içindəki əsgəri müayinə etdi. Sonra onu səngərə daşıyan dostuna baxdı:

      - Sənə həyatını təhlükəyə atma, dəyməz demişdim. Bax haqlı çıxdım. Dostun artıq ölüb.

      Əsgər hıçqıraraq:

      - Dəydi, komandir! –dedi. Yenə də dəydi, çünki yanına çatanda sağ idi. Onun son sözlərini duymaq dünyaya dəyərdi mənim üçün. Son sözü bilirsinizmi nə oldu?

      “Gələcəyini bilirdim, gələcəyini bilirdim!..”

      • Hits: 842 clicks

      Tecox component by www.teglo.info