Hər Səhər Yeni Bir Başlanğicdir / Elşən RZAYEV

      Share

      Adətdir, hər yeni il gələndə yola salınan ilə əlvida, yeni ilə mərhəba yazıları yazılır. Sadəcə adət yerinə gəlsin deyə deyil, içimdən gəldiyi üçün yazmaq istədim bu yazını.

      Şirkətlər, təşkilatlar hər kəs illik hesabat hazırlayır ilin axırında. Geridə qalan bir ildə nə qazandıq, nə qədər ziyan etdik deyə haqq-hesab edilir. Yeni ildə daha çox qazanmaq, zərəri minimuma endirmək üçün planlar qurulur. Çox gözəl. Lakin bu hesab sadəcə dünyaya aid işlərdə olmalıdırmı? Axı insan həyatı sadəcə yaşadığımız bu dünya ilə məhdudlaşmır. Fani dünya üçün hesabat aparan insan, əbədi həyatı üçün hesabat aparmamalıdır?

      Acılı-şirinli, yaxşı və pis xatırələri ilə bir il də geridə qaldı. Ancaq geridə qalan təkcə bir ildirmi?  

      Bir il də yaşlandıq.

      Bir də qəbrə yaxınlaşdıq.

      Bir il də hesab gününə yaxınlaşdıq.

      Bir il də əbədi yurdumuzun məlum olacağı məhşər meydanına yaxınlaşdıq.

      Dünyaya aid hesablarımızın eynisini illik olaraq axirətimiz üçün də etsək yaxşı olmazmı? Düşünək ki, qazandığımız əcr və savablar nə qədər oldu geridə qoyduğumuz bir ildə? Hansı günahlarımız oldu? Yaxınlaşmaqda olan hesab gününə dəftərimizin hesabı qənaətbəxşdirmi?

      Yaradanın əmanət olaraq verdiyi həyat sürətlə axıb gedir. Bu əmanətin nə zaman geri istənəcəyi məlum deyil. Axı biz bu dünyaya əbədi qalmaq üçün gəlməmişik. Və hər ili yola salıb hər dəfə yeni ili qarşılamaq üçün heç bir təminatımız yoxdur. Bir gün biz də hansısa yeni ili qarşılamayacağıq. İmtahana girəcək bir tələbəyə sualların qabaqcadan verildiyi kimi mərhəməti sonsuz olan Rəbbimiz də biz bəndələrinə qarşımızdakı təhlükələri: qəbirdə, sirat körpüsündə, məhşər meydanında, hətta hüzurunda soruşulacaq suallara qədər hər şeyi xəbər verir. Buna baxmayaraq qəflət içərisində bədəni həzlərin əsiri olaraq qəbri, ölümü, hesabı unudan insan yola saldığı hər ildə ömrünü hədər edir. Ancaq bir şeyi yaddan çıxarmamaq lazımdır ki, insan bu dünyaya bir dəfə gəlir.

      Böyük İslam alimlərindən İmam Qəzali İslamın əmrlərini tərk edib qadağalarına heç məhəl qoymadan dalıb gedənlər üçün belə nəsihət edir:

      “Bir dəfə yem verdiyin atınla bu böyük dağı aşa biləcəyini düşünürsən? Bu dünya həyatında sənə beş yaşındakı bir uşaq “Əmi, pencəyinin qoluna bir əqrəb girdi desə, dərhal pencəyini çıxarıb atarsan. Bu kiçik uşağın sözünə etibar edilməz, deməzsən. Həmçinin sənə bir həkim “Əsla bu dərmanları qəbul etməkdə səhlənkarlıq etmə, bu pəhrizlərə diqqət et!” dedikdə həmin həkimin məsləhətini dəqiqliklə yerinə yetirərsən.

      Ey insan! Allah və Rəsulunun sözlərinin sənin yanında bir uşaq və bir həkimin sözü qədər dəyəri yoxdur? Bu dünyada qış gəlmədən qışa hazırlaşırsan. Ancaq cəhənnəm soyuğunun dünya soyuğundan daha çox dondurucu olduğunu unudursan!  

      Bu dünyada bir yerdən digər yerə gedəcəyin zaman bir xeyli hazırlıq görürdüyün halda, axirətə köçərkən müəyyən hazırlıqlar etmək lazım deyilmi? Axı sevdiklərin, qazandığın var-dövlət burada qalacaq. Yalnız gözəl əməllərin sənə yoldaş və kömək olacaq.”

      Ömrümüzdən bir ili də geridə qoysaq da, “ziyanın harasından qayıtsan xeyirdir” qaydasına görə yeni ildə bütün günahlarımıza tövbə edək. “Sizə ölüm gəlib çatmadan əvvəl Rəbbinizə dönün və Ona təslim olun. Ona itaət edin. Yoxsa yardım görməzsiniz.” (əz-Zumər, 54)

      Bəli, dəyərli oxucularımız, mənim bu il ayrıcındakı düşüncələrim bunlardır. Gəlin hər birimiz pislikdən dönmək üçün, səhvləri tərk etmək üçün, tövbə etmək üçün, yaradılanı sevmək üçün, ümidsizliyi tərk edib ümidlə sabaha baxmaq üçün, nəfs maneəsini aşa bilmək üçün hər səhəri yeni bir başlanğıc olaraq görək. Uca Yaradanın ilahi bəyanına qulaq verək: “Nəhayət, birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) (əl-Muminun 99-100) Unutmayaq ki, aqibətimizi gözəl edəcək şey geridə qoyduğumuz ötən günlərimizdir.

      • Hits: 989 clicks

      Tecox component by www.teglo.info