Haqq Dostlarından Hikmətlər / Osman Nuri Topbaş

      Share

      Keçən dəfəki yazımızda qəlblərin sükunət tapması, incəlik və həssaslıq qazanması üçün könülləri hikmətlə əhya etməyin lüzumundan bəhs etmiş və Hz. Mövlananın hikmətli nəsihətlərindən bir neçə misal vermişdik.

       Bu yazımızda da Şeyx Sədi Şirazinin hikmətli söz və nəsihətlərinə yer verəcəyik.

      Şeyx Sədi XIII əsrdə yaşamış bir könül insanıdır. İyirmidən çox əsər qələmə almasıyla yanaşı xüsusilə Mövlana həzrətlərinin üslubunu xatırladan Bostan və Gülüstan adlı hikmətli əsərləriylə tanınmışdır. Alim və ədib mütəsəvvif olan Şeyx Sədi elm, irfan, ibadət və cihadla dolu bir əsrlik ömür sürdükdən sonra doğulduğu Şiraz şəhərində vəfat etmişdir.

      Şeyx Sədinin hansı tərbiyə və irşadla yetişdiyindən xəbər verən, özünün də Gülüstan adlı əsərində nəql etdiyi bu xatirəsi necə də hikmətlidir:

      “Yaxşı yadımdadır. Uşaqlıq illərimdə ibadətə çox düşkün idim. Gecələr qalxar, ibadət edərdim. Bir gecə atamın yanında oturmuşdum. Bütün gecəni gözümü yummamış, Qurani-Kərimi əlimdən yerə qoymamışdım. Ətrafımızda yatan adamlar vardı. Atama:

      “- Bunların bircəciyi belə başını qaldırıb iki rükət təhəccüd namazı qılmır. Ölü kimi yatıblar.” –dedim. Atam bu sözlərimi eşitcək qaşlarını çatdı və:

      “- Oğlum, başqalarının dedi-qodusunu etməkdənsə kaş, sən də onlar kimi yataydın!” –cavabını verdi.”

      Yəni atası Sədiyə sanki bu dərsi verirdi:

      “- Sənin xor gördüklərin səhər vaxtının feyz və rəhmətindən məhrum qalsalar da onlara Kiramən-Katibin mələkləri mənfi bir şey yazmır. Sənin əməl dəftərinə isə din qardaşlarını xor görmə və qeybət günahı yazıldı…”

      Məhz bu kimi həssas təlim-tərbiyə ilə yetişərək mənən inkişaf edən Şeyx Sədi həqiqətə təşnə ürəklərə hikmət mənbəyi, yorğun və bikəs könüllərə təsəlli qaynağı olan ixlas və səmimiyyət məhsulu olan əsərləriylə bu gün də irşad xidmətlərinə davam etməkdədir.

      Şeyx Sədi həzrətlərinin qəlb BOSTANındakı hikmət meyvələrindən dada bilmək, təfəkkür GÜLÜSTANındakı qönçələrdən özümüzə bir ibrət dəstəsi yığa bilmək üçün buyurun, hamımız birlikdə onun könül iqliminə mənəvi ziyarətə çıxaq:

       Şeyx Sədi həzrətləri buyurur:

      “Haqq dostları daha çox heç kimin baş çəkmədiyi dükanlardan alver edərlər.”

      [Allah dostları kimsəsizlərin yanında, matəmlərin olduğu bölgədə olaraq kimsəsizlərin kimsəsi olurlar. Qəribləri ziyarət edər, iffəti səbəbiylə utanaraq ehtiyacını söyləməyən möhtacları üzlərindən tanıyarlar. Həmçinin onlarda Xaliqin şəfqət və mərhəmət nəzəriylə məxluqata baxış həssaslığı zirvələşdiyi üçün əksər insanların çox vaxt qafil olub fərqinə varmadığı bir çox böyük əcr qapılarını, yəni savab qazanma fürsətlərini görərlər.]

      Şeyh Sədi həzrətləri buyurur:

      “Hikmət əhlindən olan bir nəfərdən soruşdular:

      “- Comərdlik yaxşıdır, yoxsa, şücaət (cəsarət)?”

      O da bu cavabı verdi:

      “- Comərd olanın şücaətə ehtiyacı yoxdur.”

      [Mal canın yonqarıdır və onun əldən çıxması insan oğlunun ən mühüm təlaş səbəblərindən biridir.

      Lakin var-dövlət insan oğluna ilahi imtahan məqsədilə verilmiş bir əmanətdir. Allah-Təala lütf etdiyi malın müəyyən bir qisminin öz yolunda sərf edilməsini istəyərək “…sədəqələri (Allah) alar…” –buyurmuşdur. (ət-Tövbə, 104) Qafil insanlar isə var-dövlətin imtahan üçün olduğunu unudar və o ilahi əmanəti özünün zənn edər. Nemətlərin əsl sahibi olan Allaha arxalanıb sığınmaq yerinə, əlindəki sərvətin fani qüvvət və qüdrətinə sığınarlar.

      Nəfs və şeytan da insanı daima kasıblıqla qorxudaraq Allah yolunda infaq etməkdən uzaqlaşdırmağa çalışar. Necə ki, Allah-Təala ayeyi-kərimədə:

       “Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər…” (əl-Bəqərə, 268) buyuraraq bu həqiqəti bəyan edir. Bu səbəblə şeytanın təlqin etdiyi kasıblıq qorxusuna qalib gələrək infaq edə bilən comərd insanlar Allah üçün hər cür riski gözə ala bilən əsl cəsarət əhlidirlər. Yəni comərdlik iman cəsarətinə sahib olan qəlblərin zəfəridir, saleh və kamil könüllərin işidir.

      Həzrət Xədicə anamız İslamın ən qərib və zəif zamanında bütün sərvətini Allah və Rəsulu üçün xərcləyərək imanının ehtişamını sərgiləmişdir.

      Ailəsi üçün yalnız Allah və Rəsulunu saxlayaraq son qəpiyinəcən bütün malını-mülkünü dəfələrlə infaq edə bilən, nəbəvi iltifat qarşısında isə böyük bir eşq və şövqlə “Mən və malım yalnız Sənin üçün deyilikmi, ya Rəsulallah!” (İbn Macə, Müqəddimə, 11) deyən Həzrət Əbu Bəkr iman qəhrəmanlığında möhtəşəm zirvədədir.

      “Atam, anam, canım Sənə fəda olsun, ya Rəsulallah!” deyən səhabələr də dünyada heç bir əziyyəti və riski gözə almaqdan çəkinməyib bütün imkanlarını Allah üçün fəda edə biləcək bir könül səviyyəsində İslam səmasının ulduzları oldular. Allah onlardan razı olsun!..]

      Şeyx Sədi həzrətləri buyurur:

      “Malının zəkatını ver. Bağban üzüm tənəyinin artığını budayarsa daha çok üzüm əldə edər.”

      [Var-dövlət infaq etməklə zahirən azalmış kimi görünər. Amma həqiqətdə infaq həm dünya, həm də axirət həyatında bərəkətə vəsilə olar. Hədisi-şərifdə belə buyurulur:

      “Sədəqə əsla malı azaltmaz, bir bəndə sədəqə vermək üçün əlini uzatdıqda o sədəqə möhtacın əlinə keçməzdən əvvəl Allah-Təalanın əlinə çatar…” (Əli əl-Müttəqi, VI, 377/16134; Təbərani, Kəbir, IX, 109)

      “Hər səhər iki mələk nazil olar. Biri: “Ya Rəbb! İnfaq edənin infaqının əvəzində yenisini ehsan et!” –deyər. Digəri də: “Ya Rəbb! Xəsislik edənin malını tələf eylə!” –deyə dua edər.” (Buxari, Zəkat, 27; Müslim, Zəkat, 57)

      “Kim halal qazancından bir xurma qədər sədəqə verərsə Allah o sədəqəni qəbul edər. Sonra onu dağ kimi olana qədər hər hansı birinizin dayçasını böyütdüyü kimi böyüdər.” (Buxari, Zəkat 8; Tövhid 23; Müslim, Zəkat 63, 64)]

      Şeyx Sədi həzrətləri buyurur:

      “Xəsis borc pul istəyəcək birinin gəlişini bir fərsəx uzaqlıqdan görər.”

      “Xəsis torpağa girdikdən sonra pulu torpaqdan çıxar.”

      “Qızıl və qiymətli metalar qazmaqla çıxar. Xəsis və hərisin əlindən isə canı çıxmaqla çıxar.”

      “Xəsis bir adam məşəqqətlə pul toplayar, ehtirasla saxlayar və həsrətlə qoyub gedər.”

      [Hikmət əhli bu həqiqətin izahı mahiyyətində belə buyurmuşlar:

      “Bəndə öldüyü zaman malı xüsusunda iki müsibətlə qarşılaşır ki, daha əvvəl bunlar kimisini görməmişdir:

      Birincisi; bütün malının əlindən alınmasıdır. Digəri isə; bütün malının əlindən çıxmasına baxmayaraq hamısından hesaba çəkilməsidir.”

      Əbu Zərr t ın bu sözləri necə də mənalıdır:

      “Malın üç şəriki var. Birinci: mal sahibi, yəni sən, ikinci: qədərdir. O, xeyir, yoxsa fəlakət və ölüm kimi şər gətirəcəyini səndən soruşmaz. Üçüncü şəriksə: varisdir. O da bir an əvvəl başını yerə qoymağını gözləyər. Sən ölən kimi malına sahib olar, sənsə hesabını verərsən. Əgər imkanın varsa çalış bu üç şərikin ən acizi sən olma!..” (Əbu Nuaym, Hilyə, I, 163)]

      Şeyx Sədi həzrətləri buyurur:

      “Dünyanı əldə etmək bir hünər və məharət deyil. Əsl hünər və məharət könül almaqdır.”

      [Allah-Təalanın rizasını axtaran bir möminin bunu ən çox harda tapa biləcəyini Malik bin Dinar həzrətlərinin aşağıdakı rəvayəti necə də gözəl ifadə edir:

      Musa u bir dəfə Allaha dua edərkən:

      “- Ya Rəbb! Səni harda axtarım?” –dedi.

      Allah-Təala buyurdu:

      “- Məni qəlbiqırıqlaırn yanında axtar!” (Əbu Nuaym, Hilyə, II, 364)

      Həzrət Mövlana buyurur:

      “Həccə gedənlər orada evin (yəni Kəbənin) sahibini axtarsınlar. Onu tapdıqdan sonra Kəbəni hər yerdə tapa bilərlər.”

      Bəndəni Allaha qovuşduracaq vəsilələr nəfəslərin sayı qədər çoxdur. Mühüm olan Haqqa vüslət arayışı içində yaşamaqdır. Xüsusilə nəzərgahi-ilahi olan könülləri dərdlərindən qurtarmaq Haqqın rizasına çatmağın ən gözəl yollarından biridir.

      Molla Cami bu həqiqəti belə ifadə edir:

      “(Nəzərgahi-ilahi olan bir) könül al! Çünki könül almaq həcci-əkbərdir…”]

      Şeyx Sədi həzrətləri buyurur:

      “Könlünün dərdli olmasını istəmirsənsə, dərdli könülləri dərdlərindən qurtar.”

       [Dərdli könüllərin səmimi duaları onlara yardım etməyə çalışanların dərdlərinə dərman olur. Mömin bir bəndənin ən mühüm dərdi isə axirət səadətidir. Bu səadətin yolunu aşağıdakı hədisi-şərif necə də gözəl xülasə edir: 

      “Hər kim bir möminin dünya müşküllərindən birini həll edərsə, Allah da qiyamət günündə o möminin müşküllərindən birini həll edər. Hər kim darda qalana asanlıq göstərərsə, Allah da dünya və axirətdə ona asanlıq göstərər. Hər kim bir müsəlmanın qüsurunu örtərsə, Allah da onun dünya və axirətdəki qüsurlarını örtər. Mömin bəndə din qardaşına yardım etdiyi müddətdə Allah-Təala da o bəndəyə yardım edər…” (Müslim, Zikr, 38; İbn Macə, Müqəddimə, 17)]

      Şeyx Sədi həzrətləri buyurur:

      “Qaşqabaqlı və qaradinməz adama ehtiyacın haqda bəhs etmə. Onun pis təbiətindən təsirlənərsən. Bir dərdin varsa, onu elə saleh və şəfqətli adama aç ki, heç olmazsa onun gülər üzlüyündən həzz alıb rahatlıq tapasan.”

      “Alçaqlardan minnətlə bir şey istəsən bəlkə zahirən nə isə əldə edərsən, amma ruhən əskilərsən”

      [Şəxsiyyətsiz adamdan bir şey istədikdə, sənə istədiyini versə də, o an nəfsinin hesabına qazanclı olduğunu zənn edə bilərsən. Lakin izzət və şəxsiyyətin zədələnər. Çünki o belə bir adamın minnət yükləyən baxışları, etdiyi yaxşılığı başa qaxan hərəkətləri, alacağını istəyərkən göstərdiyi kobudluqları qarşısında o qədər əzilərsən ki, onun yardımını qəbul etdiyinə min dəfə peşman olarsan. Bu səbəblə mömin öz şəxsiyyət və vüqarını qorumaq üçün heç kimə əl açmamalı, üzünün suyunu tökməməlidir. Lakin həyat şərtləri buna məcbur edərsə heç olmazsa saleh möminlərə müraciət etməlidir. İbnul-Firasinin anlatdığına görə atası:

      “- Ey Allahın Rəsulu! (Ehtiyacımı başqasından) istəyimmi?” –deyə soruşmuş, Rəsulullah r də:

      “- Xeyr, istəmə! Ancaq istəmək məcburiyyətində qalmısansa heç olmasa salehlərdən istə!” –buyurmuşdu. (Əbu Davud, Zəkat, 28)

      Çünki saleh bəndələr yaxşılıq etdikləri insanların şəxsiyyətinə toxunacaq hərəkətlərdən uzaqdırlar. Hətta onlar nəzərgahi-ilahi olan  könüllərə rahatlıq verməyin, çarəsizlərə çarə olmağın ülvi ləzzəti içindədirlər.

      İnsan ehsana məğlubdur. Yaxşılıq gördüyü adamın halına meyil edər. Buna görə də arif insanlar kafir və fasiqlərdən yaxşılıq görmək istəməzlər.]

      Şeyx Sədi həzrətləri buyurur:

      “Bir təriqər şeyxinin yetişdirdiyi müridlərindən birinə belə dediyini eşitdim:

      “İnsanlar ruzilərinə bağlandıqları qədər o ruzini verən Allaha da bağlansaydılar, mələklərdən daha üstün mərtəbəyə yüksələrdilər.”

      [İnsan bu dünyaya imtahan üçün gəlmişdir. Dünya imtahanının Leylilərinə aldanıb onlardan Mövlaya yönələ bilməmək başa gələn hər şeyin ilahi bir imtahan təcəllisi olduğunu düşünməmək, ruzi ardınca gedərkən Rəzzaqı unutma nankorluğuna düşmək, insanı bu aləmdəki fani səbəblərə bağlanıb səbəbləri yaradan Rəbbini unutma qəflətinə düçar edər. İnsan bu qəflətə daldığı nisbətdə mənən açlalar, hətta heyvanlardan da aşağı səviyyəyə düşər. Həmçinin bu qəfləti uzaqlaşdırdığı nisbətdə də yüksələr, lətafət və ruhaniyyətdə mələklərdən də üstün olar.

      Ruzi axtararkən əlbəttə ki, səbəblərə sarılmaq lazımdır. Lakin Rəzzaqı unudaraq yersiz təlaşlara qapılmaq ruzini verən Allaha olan imanı zədələyər. Ayeyi-kərimədə buyurulur:

      “Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.” (əl-Ənkəbut, 60)

      Rəsulullah r də belə buyurmuşdur:

      “Əgər siz Allaha layiqincə təvəkkül etsəydiniz, (Allah) quşları doyurduğu kimi sizi d ruziləndirərdi. Quşlar hər səhər yuvadan qursaqları boş çıxdıqları halda axşam doyaraq geri dönərlər.” (Tirmizi, Zöhd, 33; İbn Macə, Zöhd, 14)

      Bunun üçün də Haqq dostları Rəzzaqı unudaraq Onun veriyi ruzini yeməyi böyük bir qəflət və israf saymışlar.]

      Şeyx Sədi həzrətləri buyurur:

      “Həzrət Nuha üsyan edən oğlu Kənan bir peyğəmbər oğlu idi. Amma şəxsi və zati bir məziyyəti olmadığı üçün peyğəmbər oğlu olmaq onun qədrini artırmadı və qiymətini yüksəltmədi. Əslini, soyunu, nəsəbini tərk et, bir hünərin varsa onu göstər. Gül tikandan, Hz. İbrahim də Azərdən olmuşdur.

      “Bir bədəvinin oğluna belə dediyini gödüm:

      Övladım, qiyamət günü sənə “nə qazandın?” –deyəcəklər. “Hansı soydansan?” –deməzlər. Yəni əməlin haqda soruşarlar. “Atan kimdir?” deməzlər.”

      [Hədisi-şərifdə buyurulur:

      “…Əməlinin geridə qoyduğu adamı nəsəbi önə keçirə bilməz.” (Müslim, Zikr, 38; İbn Macə, Müqəddimə, 17)

      Hz. Peyğəmbər r də Əhli-Beytini, xüsusilə də çox sevdiyi qızı Fatiməni daima dünyaya meyil etməkdən çəkindirmiş, hər fürsətdə saleh əməllərə və axirətə rəğbət etmələrini əmr etmişdir. Son anlarını yaşayarkən yaxınlarına belə xəbərdarlıq etmişdir:

      “Ey Rəsulullah Məhəmmədin qızı Fatimə! Ey Safiyyə! Allah qatında məqbul əməllər işləyin! (Saleh əməlləriniz yoxdursa, mənə güvənməyin.) Çünki mən (qulluq etmədiyiniz təqdirdə) sizi Allahın əzabından qurtara bilmərəm!” (İbn Sad, II, 256; Buxari, Mənaqib, 13-14; Müslim, İman, 348-353)

      Nəticə etibarilə deyə bilərik ki, bəndəni Allah qatında qurtaracaq xüsus nəsəb və ya soykök deyil. Allah Rəsuluna və Haqq dostlarına hal və yaşayışıyla nə qədər yaxın ola bildiyidir. Rəsulullah r in əmisi Əbu Ləhəb qan yoluyla ona ən yaxın insanlardan idi. Amma Ona iman gətirmədiyi üçün cəhalət qaranlığında həlak oldu.

      Digər tərəfdən aralarında heç bir qohumluq bağı olmamasına rəğmən yaşadığı təqva həyatı səbəbiylə Salman Farisi t haqqında Rəsulullah r:

      “- Salman bizdəndir, Əhli-Beytdəndir!” –buyurmuşdur. (İbn Hişam, III, 241; Vaqidi, II, 446-447; İbn Sad, IV, 83; Əhməd, II, 446-447; Heysəmi, VI, 130)

      İslam böyüklərinə həqiqi yaxınlıq onlara qan bağından daha çox can bağıyla bağlanmağa və hər xüsusda onlara aidiyyat və mənsubiyyət duyğusu içində yaşamağa bağlıdır. Axirətdə bəndəyə faydası olacaq yaxınlıq da budur.]

      Şeyx Sədi həzrətləri buyurur:

      “Nə qədər oxuyursan oxu, nə qədər bilirsən bil, bildiyinə layiq hərəkət etmədikdən sonra (yəni təqva həyatın yoxdursa), demək ki, cahilsən.”

      “Üstünə bir neçə kitab yüklənməklə uzunqulaq alim olmaz. O beyinsiz belindəkilərin odun, yoxsa kitab olduğunu belə fərq etməz.”

      [Emlin həqiqəti Haqqın rizası istiqamətində yaşanmasıyla meydana çıxar. Yaşanmayan bir elm ayeyi-kərimədə də buyurulduğu kimi “kitab yüklü uzunqulaq kimi” (əl-Cumuə, 5) mənasız bir hanballıqdır. Elm insanı həqiqətə, xeyrə, təqvaya, saleh əməllərə sövq edirsə elmdir. Əks təqdirdə iblisin də elmi vardı. Qarun da elm sahibi idi. Lakin onlar sahib olduqları ilə qürrələnərək təkəbbür bataqlığına sürüklənmişdilər.

      Digər tərəfdən elmi beyində toplamaq da kifayət etmir. Mühüm olan emlin tələb etdiyi kimi şəxsiyyətvə xarakter sərgiləməkdir. Belə olduqda elm irfana çevrilərək saleh əməllərin meydana çıxmasına vəsilə olar. Əks təqdirdə davranışlara istiqamət verməyən bir elm quru hanballıq və faydasız yorğunluqdan başqa bir şey deyil. Necə ki, Hz. Peyğəmbər r də:

      “Allahım! Fayda verməyən elmdən, qorxmayan qəlbdən, doymaq bilməyən nəfsdən və qəbul edilməyən duadan Sənə sığınıram!” –deyə dua etmişdir. (Müslim, Zikr, 73; Nəsai, İstiazə, 13, 65)]

      Rəbbimiz içində yaşadığımız hikmətlər dərsxanasından gərəkli dərsləri ala bilməyi və aldığımız dərsləri hal və davranışlarımıza əks etdirə bilməyi hər birimizə nəsib eyləsin.

      Amin!..

       

       

      • Hits: 889 clicks

      Tecox component by www.teglo.info