Vaxt Nemətinin Qədrini Bilək / Aqil Əliyev

      Share

      Allah-Təalaya sonsuz şükürlər olsun ki, biz qullarına saysız nemətlər bəxş etmişdir. Həqiqətən də Allahın lütf etdiyi bu nemətləri saymaq istəsək sayıb qurtara blmərik.

       Amma Allah-Təala tərəfindən saysız nemətlərə qərq olan insan yenə də ya bu nemətlərin qədrini bilmir, ya nemətlərdən hədd-hüdud tanımadan israf edərək cahilliklə istifadə edir, ya da sanki ona heç bir şey verilməmiş kimi nankorluq edir. Bu haqda ayədə belə buyurulur; (Allah) Sizə istədiyiniz hər şeyi verdi. Əgər Allahın nemətini saymaq istəsəniz onu sayıb qurtara bilməzsiniz. Həqiqətən də insan çox zalım və çox nankordur.” (İbrahim, 34)

                  Bizə lütf edilən hər bir nemət dəyərlidir. Ancaq elə nemətlər vardır ki, qədri layiqincə bilinmədikdə ya əlimizdən alınır, ya da onun  peşmançılığını çəkirik. Ümumiyyətlə müsəlman hər bir nemətdən istifadə edərkən israfdan uzaq durmalı, ondan qənaətlə istifadə etməlidir. Allah-Təala buyurur; “...Yeyin için ancaq israf etməyin! Şübhəsiz ki, Allah israf edənləri sevməz.” (əl-Əraf, 31)

                  Buradan belə başa düşülməməlidir ki, sadəcə yemək-içməkdə israf etməməliyik. Hər bir şeydə israfdan və həddi aşmaqdan çəkinmək lazımdır. Elə bu israfların ən böyüklərindən biri də vaxt israfıdır. Vaxtı dəyərləndirməkdə israf etmək, boş və mənasız işlərlə məşğul olmaq, fərdi geri qoyduğu kimi, cəmiyyətləri də inkişafdan və sivilizasiyadan məhrum etməkdədir. İnsan vaxtına israf etməklə eyni zamanda öz ömür sərmayəsini boş şeylərlə tükətməkdədir.Uca Allah hər bir insana müəyyən zaman çərçivəsində bir ömür bəxş etmişdir. İnsan da bu zaman çərçivəsində həyatını doğru-düzgün bir plan əsasında  istiqamətləndirməlidir ki, zaman israfına səbəbkar olmasın. İnsan oğlu qəfləti səbəbilə israfı əksəriyyətlə maddi nemətlərdə edilən ölçüsüz xərcləmələr və istifadələr olaraq düşünür. Beləcə israf məfhumunu dar bir çərçivəyə həbs edir. Halbuki maddi nemətlərdə olduğu kimi, mənəvi nemətlərdə də israf haram qılınmışdır. Böyük alim Qazı İyaz (rəhmətullahi əleyh)-in dili ilə desək: “Allahın əmrləri xaricinə çıxan hər şey israfdır.”

                  Hər nemətin hesabının olduğunu düşünən insan vaxt nemətini boşa xərcləyərmi? Ayədə buyurulur; “O, gün bütün nemətlərdən mütləq imtahana çəkiləcəksiniz.” (ət-Təkasur, 8) Bəli, bizə verilən bu vaxt nemətinin və dolayısı ilə ömür nemətinin də bir hesabı vardır. Bəlkə də axirətdə hansı vəziyyətdə olacağımızı təsbit edən amil bu dünyada ömür sərmayəmizi hansı istiqamətdə və necə tükətdiyimizə bağlı olacaqdır. Bu da şübhəsizdir ki, insan necə yaşayarsa elə də ölər. Su səhəngi suda qırılar, deyiblər. Heç təsadüfi deyil ki, Uca Rəbbimiz bir çox ayələrdə vaxta vurğu etmiş və insanların çoxunun bu haqda qəflətə düşdüklərini bildirmişdir. Tez-tez namazlarımızda da oxuduğumuz Əsr surəsi bu gerçəyi dilə gətirməkdədir. Uca Rəbbimiz buyurur; “Əsrə, (ikindi vaxtına, zamana) and olsun. İnsanların çoxu xüsrandadır. Yalnız və yalnız iman edib yaxşı (saleh) əməllər edənlər, haqqı və səbri tövsüyə edənlər bundan müstəsnadır.”

                  Təfsirçi alim Fəxrəddin  Razi bir şəxsin sözünü nəql edərək; “Buz satan bir adam bazarda belə car çəkirdi; “Sərmayəsi əriyən bu şəxsə mərhəmət edin!... Onun dediklərini eşidincə, bu söz əsr surəsinin mənasıdır dedim. İnsana verilən ömür buz kimi sürətlə əriməkdədir. Əgər bunu ziyan edər və ya yanlış yerə xərcləyərsə insanın xüsranına səbəb olar. Onun üçün də Allahın ötən vaxta and içməsinin mənası, sürətlə keçən vaxtın, sözü gedən dörd xüsusdan məhrum olan insanın dünyada nə işlə məşğul olursa olsun, həyatını xərclədiyinə və xüsranda olduğuna şahidlik  etməsidir. Qazanclı çıxanlar ancaq iman edən, saleh əməl işləyən haqqı və səbri tövsiyə edənlər olacaqdır.”

                  Sevimli Peyğəmbərimiz (s.ə.s) də öz növbəsində vaxt nemətinə diqqət çəkərək belə buyurmuşdur; “İki nemət vardır ki, insanlar bu nemətdən layiqincə istifadə etməkdən acizdirlər. Bunlar boş vaxt və sağlamlıqdır.” (Buxari, hədis № 6049) Bəli, çox vaxt əlimizdə olan imkan yox olduqdan sonra onun qədrini bilməyə başlayırıq. Amma o zaman gec olur. Hz. Peyğəmbər bizi bu xüsuslarda cox diqqətli olmağa çağırır. Belə buyurur: “Beş şey gəlmədən əvvəl beş şeyi qənimət bil. Qocalığından əvvəl gəncliyini, xəstələnmədən əvvəl sağlamlığını, fəqirlikdən əvvəl zənginliyini, məşğul zamanlarından əvvəl boş vaxtını və ölümdən əvvəl həyatını qənimət bil!” (Tirmiz, hədis № 2416)

                  Əziz dostlar bu dünyaya qətiyyən aldanmayaq. Həyat umduğumzudan da sürətli keçər, fərqində olmarıq. Boş və mənasız işlərlə məşğul olacaq qədər zamanımız yoxdur. Vaxtımızın qiymətini bilək və vaxtı, vaxtın sahibinin istədiyi kimi səmərəli keçirək.

      • Hits: 650 clicks

      Tecox component by www.teglo.info