Sual-Cavab / Anar Qurbanov

      Share

      1.      Allahdan başqasının adına and içməyin hökmü nədir?

      Hz. Peyğəmbər müxtəlif hədislərində ümmətinə atalar və bütlər adına and içməmələrini, əgər and içəcəklərsə yalnız Allah adına and içmələrini, yaxud susmalarını əmr etmişdir (Buxari, Ədəb, 74, Tövhid, 13; İbn Hənbəl, Müsnəd, II, 7; Tirmizi, Nüzur, 8). And yalnız Allahın layiq olduğu bir təzimdir. Məhz bu səbəblə Kəbə, namus, şərəf, bərəkət, peyğəmbərlər, mələklər, atalar, analar və s. kimi Allahdan başqa varlıqlar adına and içmək qətiyyətlə caiz deyildir. Bu kimi andlar caiz olmadığına görə, buna and demək də doğru deyil. Yəni bunun kəffarəsi yoxdur, kəffarəsi yalnız tövbə və istiğfardır. Hətta Hz. Peyğəmbər bir hədisində belə buyurur: “Kim and içərsə və andında Lat və Uzza (bütlər) adına deyərsə, “Lə iləhə illəllah” desin!...” (Buxari, Eyman və Nüzur, 5) Yəni bu andla Allaha şərik qoşduğu üçün yenidən Onun birliyinə şəhadət gətirsin.

      2.      Günümüzdə yayğın hala gəlmiş ulduz falı haqda nə deyərdiniz?

      Ulduz falı insanları doğulduqları bürclərə görə qruplandıraraq, onların gələcəyi və qədəri haqqında məlumat verən bir fal növüdür. Dinimizin qətiyyətlə qadağan etdiyi falçılıq, bir növ qeybdən xəbər verməkdir. Halbuki Qurani-Kərim qeybi Allahdan başqa heç kəsin bilmədiyi, peyğəmbərlərlə mələklərin belə vəhy edilmədikcə qeybdən bixəbər olduqları müxtəlif ayələrdə vurğulanmışdır. Məsələn, “(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!” (ən-Nəml, 65) “(De!) Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim” (əl-Əraf, 188) kimi ayələri burada dəlil gətirmək mümkündür.

      Bundan əlavə qeyd etmək lazımdır ki, ulduzların səmadakı müxtəlif mövqelərinin insanın qədəri ilə heç bir əlaqəsi yoxdur və bunlar insanın iradəsini, qədərini müəyyən etmə iqtidarında da deyillər. İnsana təsir edən ilk növbədə özü, digər insanlar, mələklər, cin-şeytanlar və təbiət hadisələridir. Bunlara qarşı da iman, iradə və ibadət silahlarımız, yəni qorunma vasitələrimiz vardır.

       

      3.      Əməlisalehlərin türbəsini ziyarət edərkən qəbrin ətrafında 3 dəfə fırlanmaq nə dərəcədə doğrudur və bunun İslamdakı yeri nədir?

      İslamda ölümü xatırlamaq və ölən şəxsə dua etmək üçün qəbir ziyarəti müstəhəb əməllərdən sayılsa da, qəbir ətrafında fırlanmaq tamamilə xürafat hesab olunmuşdur. İslam dinində yalnız Kəbə ətrafında fırlanmaq, yəni onu təvaf etmək anlayışı vardır. Dua etməyə gəldikdə isə, mömin dara düşdüyündə, özünü çarəsiz hiss etdiyində Uca Allaha sığınaraq yalnız Ondan kömək istəməlidir. Hər gün dəfələrlə oxuduğumuz Fatihə surəsində Allah-Təalanın bizə öyrətdiyi dua vardır: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!”. Odur ki, dua edərkən Allahdan başqasından nə isə istəmək İslamda şirk hesab olunmuşdur.

      Bu mövzularda “təvəssül” kəlməsi ilə ifadə edilən “Allahdan kömək istəyərkən araya vasitə qoymaq” mövzusu vardır. Burada diqqət edilməli olan cəhət “Yardımın yalnız Allahdan gələcəyinə inanmaqdır”, əks təqdirdə şirkə düşülmüş olar. Bununla yanaşı İslam alimləri Uca Allaha dua edərkən Onun sevdiyinə inandığımız birisinin xatiri üçün dua etməyin caiz olub-olmaması mövzusunda ixtilaf etmişlər. Bəzi alimlərə görə, ölmüş bir şəxsin vasitə edilməsinin heç bir faydası yoxdur və bunun dəlili də yoxdur. Digər bir qrup alimlərə görə isə, Hz. Peyğəmbər və onun əmisi Abbas sağ ikən, vasitə edilərək Allaha dua edilmiş və Ondan yağmur istənmişdir. Dirilər üçün caiz olan, ölülər üçün də caizir. Çünki Allahın sevdiyi bəndələr fani dünyadan ayrıldıqdan sonra da Allah dərgahında etibar və dəyərlərini itirməzlər.

      4.      Namazların qəzasında ardıcıllıq şərtdirmi? Deyək ki, bir günün bütün namazları qəzaya qalıb. Belə olan təqdirdə qəza edərkən sübh namazından başlayıb ardıcıllığa riayət etməliyik?

      Bəzi alimlər namazların qəzasında ardıcıllığa riayəti vacib, bəziləri də müstəhəb saymışlar. Vacib sayanlar da xüsusilə “tərtib sahib”ləri üçün vacib olduğunu söyləmişlər. Əgər namazı qəza edən şəxs tərtib sahibidirsə, qəza namazı ilə vaxt namazı arasında sıraya tabe olmalıdır. Tərtib sahibi deyilsə, bu namazı qəza etmədən digərlərini qıla bilər. Bir kimsənin tərtib sahibi ola bilməsi üçün altı vaxtdan çox namazı qəzaya qalmamalıdır. Vitr namazı daxil olmaqla altı vaxt namazı qəzaya qaldıqda, artıq tərtib sahibi hesab olunmur və bu kimsənin nə qəza namazları arasında, nə də qəza namazları ilə vaxt namazları arasında sıranı gözləməsi vacib deyil.

      Tərtib sahibinin sıranı gözləməli olduğunun dəlili; Rəsulullahın (s.ə.s) Xəndək müharibəsində dörd vaxt namazı qıla bilmədikdə, bunları sıra ilə və vaxt namazından əvvəl qılmasıdır. Başqa bir dəlil; İbn Ömərin (r.a) bu sözüdür: “Sizdən biri bir namazı qıla bilməz və imamla birlikdə namazı qılarkən xatırlayarsa, namazını tamamlasın. Bundan sonra unutduğu namazı qılsın və sonra da imamla birlikdə qıldığı namazı yenidən qılsın” (Zeyləi, Nəsbur-Rayə, II, 162).

       

      • Hits: 686 clicks

      Tecox component by www.teglo.info