Ətraf Mühit, Ekologiya Və İslam Bütünlüyü / Rufət Şirinov

      Share

      Ümumbəşər bir din olan İslam fərdi hüquqlara önəm verdiyi kim ictimai dəyər və tərəqqinin təmin edilməsinə də önəm verir. İslam dini sadəcə müəyyən ibadət və adətlərlə məhdudlaşan

       bir din deyil, həyatın hər anını Quran və Sünnə çərçivəsində tənzimləyən dindir. Yaradılanı Yaradandan ötrü sevmək şüarını əsas alan İslam dini məxluqatın sərvəri olan bəşər övladı üçün faydalı olan hər şeyi tövsiyə və əmr edib, zərərli olanları da qadağan edir. Məqsəd fiziki və mənəvi baxımdan sağlam fərd və mühit inşa etməkdir. Odur ki, İslam dini günümüzdə Qərb təmayüllü bəzi qurumların güncəl problem kimi təqdim edib həll yollarını göstərdikləri ekologiya və ətraf mühiti mühafizə etmək məsələlərinə də on dörd əsir bundan əvvəl diqqət çəkərək həll yollarını göstərimişdir. Ümumbəşər bir din olan İslamın bu həyatın davam etməsi üçün labüd olan ekologiya və ətraf mühit məsələlərinə laqeyd yanaşdığını düşünmək həqiqətlə səsləşmir.

                  Həqiqi müsəlman Həzərt Peyğəmbər tərəfindən “digər insanların əlindən və dilindən əmin olan şəxs” olaraq tərif edilir. Odur ki, bir müsəlman digər insanlara zərər verəcək hər şeydən uzaqlaşmalıdır. Ətrafındakı insanlar onun şərindən əmin olduqları kimi, ətraf mühit də onun zərərindən əmin olmalıdır. Ümumilikdə təmizlik imanın təzahürü olduğu kimi, xüsusilikdə ətraf mühit təmizliyi də imanın bir təzahürüdür. Müsəlman fərdi nizam-intizama önəm verdiyi kimi ətraf mühit intizamına də önəm verməlidir.

      Həzrət Peyğəmbər əleyhissalam insanlara əziyyət verəcək yoldakı daş, tikan və ya bənzəri maneələrin ortadan qaldırılmasının sədəqə olduğunu müjdələyir və “Müsəlmanların yolundan onlara əziyyət verəcək nə varsa uzaqlaşdır” buyurur. Ümumilikdə düşündükdə müsəlman insanlara həm fiziki baxımdan, həm də mənəvi baxımdan zərər verən hər şeyi cəmiyyətdən uzaqlaşdırmalıdır. Məsələn, ev tikəcəksə göz zövqünü incidəcək şəkildə tikməməli, maşınını insanlara mane olacaq şəkildə saxlamamalı, insanları utandıracaq və ya üzəcək kəlmələr sərf etməməli, zibilini hara gəldi tökməməli, geyim-keçimini necə gəldi geyinməməli və bu kimi incəliklərə diqqət etməlidir. Həzrət Peyğəmbəri məscidin bir küncündəki tüpürcəyi görüb, üzüntüsündən qıp-qırmızı edən məhz bu dəyəri biçilməz anlayışın göstəricisidir. İnsanları diksindirəcək hallardan qəti şəkildə uzaqlaşmağı tövsiyə edən Həzrət Peyğəmbər əleyhissalam belə buyurur: “Mənə ümmətimin pis və yaxşı əməlləri göstərildi. Yaxşılıqlar arasında, əziyyət verən şeyin yoldan götürülməsini də gördum. Pis əməllər arasında, məscidin içərisinə tüpürüb onu təmizləməməyi də gördüm.” (Müslim Məsacid 58)Bu qədər incə anlayışlı bir Peyğəmbərin ümməti olmaq  üçün biz də onu üzməmək üçün hara gəldi tüpürməməli, əksinə onun kimi gördüyümüz narahatedici şeyləri aradan qaldırmalıyıq. Osmanlı dönəmində yerdəki tüpürcəkləri təmizləmək üçün təsis edilmiş xüsusi vəqflər bu incə anlayışın məhsuludur.

       Atalarımız “Aslan yatdığı yerdən bəlli olar” deyiblər. Müsəlman da ətraf mühitinə verdiyi önəm, fayda və əminliyindən tanınmalıdır. Çünki xarici aləm daxili aləmin təzahürüdür. Daxilində iman ağacı kök salmamış insanlardan nə ətraf mühit əmin ola bilər nə də insanlar.

                  Uca Allah Qurani-Kərimində “Otlar da, ağaclar da (Allaha) səcdə edər! Göyü  O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu…!”(Rəhman surəsi 6-7) buyuraraq təbiətin bir ölçü və tərazlıq əsasında yaradıldığını, əgər bu tərazlıq pozularsa hər şeyin zərər görəcəyini ifadə edir. Bu və buna bənzər ayə və hədislər İslam dininin gündəmində hər zaman ətraf mühit və ekologiyanın qorunmasının önəmli yeri olduğunu göstərir. Çünki ətraf mühit insanın içində yaşadığı maddi və mənəvi mühitdir. Ekologiya bütün insanların maddi varlığıdır. Yer üzərindəki sayısız nemət və gözəlliklər Allah tərəfindən insana verilmiş əmanətdir. Bu əmanətə ancaq onun təbii tərazlığını mühafizə etməklə sahib çıxmaq mümkündür. Yersiz və keyfi istəklərə görə ağac və yaşıllıqların məhv edilməsi əmanətə xəyanətdir. Əmanətə xəyanət də müsəlmana aid xislətlərinin xaricindədir.

      Günümüzün bəlalarından sayılan qlobal isinmənin səbəblərindən biri də şübhəsiz ki, sözügedən bu tarazlığın pozulmasıdır. Odur ki, gələcək nəslə sağlam həyat miras qoymaq üçün ətraf mühitimizə sahib çıxmalı, hər fürsətdə yaşıllıq və ağacları qırmaq yerinə yenidən əkməli, təbiətinn canlı və sağlam qalması üçün bütün səyləri göstərmləliyik. Həzrət Peyğəmbər hər fürsətdə ağciyər və yaşayışımızın əsası olan oksigen  mənbəyi qəbul edilən ağaclar əkməyi şiddətlə tövsiyyə edir və “Qiyamət qopma ərəfəsində belə ağac əkin” (Əhməd bin Hənbəl Müsnəd III, 193) buyuraraq ekologiyanın önəminə diqqət çəkir. Bir hədisi-şərifdə də “Bir müsəlmanın əkdiyi ağacdan yaxud əkindən quş, insan və ya heyvanların yeməsi onun üçün sədəqədir” (Buxari, Ədəb 27) buyuraraq ağac əkməyin həm təbiətə, həm də əkən insanın şəxsinə maddi və mənəvi faydasının olduğunu ifadə edir. Xəstələnmədən sağlamlığın qiymətini bilməyi tövsiyə edir. Sağlamlıq mənbəyi olan təmiz ekologiyanın qiymətini pozulmadan bilməli və daimi olması üçün əlimizdən gələni əsirgəməməliyik. Çünki sağlam həyat sağlam nəsil deməkdir. Ətraf mühit və ekologiya sadəcə bu dönəmin nəslinin xidmətində deyil, bizdən əvvəlki nəsillərə və bizdən sonrakı nəsillərə Allahın bəxş etdiyi nemətdir. Nemətə şükür edərək sahib çıxmaq hər müsəlmanın borcudur. Çünki bu məsuliyyət insandan başqa heçbir məxluqata verilmyib.

      Təmiz ekologiya, sağlam həyat və güclü iman təmənnalarıyla… 

      • Hits: 727 clicks

      Tecox component by www.teglo.info