Ibadət Və Ekologiya / Dr. Əhməd Niyazov

      Share

      İlk dəfə 1873 cü ildə alman zooloqu E. K. Haeckl tərəfindən “canlı varlıqların və orqanizmlərin ətraf mühitlə və bir-biriylə olan əlaqələrini tədqiq edən elm” mənasında işlədilən 

      “ekologiya” termininin insan faktoru ilə yaxından əlaqəsi olduğu hamıya məlumdur. Məhz bu baxımdan İslam kamil bir din kimi bu münasibətləri də tənzimləyən və dinindən, irqindən asılı olmayaraq bütün insanları buna riayət etməyə səsləyən bir dindir. 

      “Təbiətdə heç nə nə çox, nə də əskikdir” deyən Biruni (973-1051) bunu “təbiət iqtisadiyyatı” adlandırır. Odur ki, biz insan üçün xəlq edilən varlıqlar aləminin kəmiyyətcə deyil, keyfiyyət baxımından taraz yaradıldığını müşahidə edirik. Quran bu barədə belə deyir: “(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır! (ən-Nəhl, 16) Bunun insan əli ilə dəyişdirilməsi və ya keyfiyyətsiz hala salınması tarazlığı pozan amildir ki, bu da bəzi fəlakətlərin baş verməsinə, canlı aləmin təsirlənməsinə və ya məhvinə aparır.

      Burada bizim əsas mövzumuz İslam dininin ibadət əsnasında ətraf mühitə qarşı davranış şəkilləri ilə bağlı məsələləri haqdadır. Belə ki, yuxarıda qeyd edilən ekoloji tarazlığı qorumaqla mükəlləf olan insan özündən savayı təbiət ünsürlərinə qarşı, sonrakı nəslə ötürüləcək “əmanət” hissi ilə yanaşmalı, həmişə hər yerdə buna bir missiya məfkurəsi kimi baxmalıdır. Həzrət Peyğəmbərin “sizdən biri suya bövl etməsin” hədisi (Buxari, Vudu, 68; Müslim, Təharət, 94) təbiət ünsürlərinin təmizliyini qorumağın vacibliyini möminin nəzərində canlandıraraq bunu düsturlaşdırır. Eyni zamanda Adəm oğlunun dünyanın su ehtiyatlarına qarşı hörmətamiz yanaşmasını hədisi-şərif belə bir qadağa ilə nizama salır. Həzrət Peyğəmbər (s.ə.s) buyurur: “Mömin axan suda belə dəstəmaz alsa suyu israf etməsin” (Buxari, Təharət, 15). İslam alimlərinin əlin bir dəfə yuyularaq başa, qulağa və boyuna məsh ediləcəyini, iki və ya daha çoxunun su israfı olduğu üçün məkruh hökmü vermələri və sair bu kimi qoyulan ibadət ölçüləri möminin su israfının qarşısını almaq üçün nəzərdə tutulan tədbirlərdir. Həmçinin rəvayət edilir ki, Hz. Peyğəmbər əleyhissalam dəstəmaz haqqında soruşan bir bədəviyə üzvləri üç dəfə yuyaraq dəstəmaz almağı göstərdikdən sonra: “Dəstəmaz belə alınar. Kim buna əlavə edərsə, pis iş görmüş, həddi aşmış və zülm etmiş olar” demişdir. Bu hədisdə keçən “zülm etmiş olar” ifadəsi alimlərimiz tərəfindən “yersiz istifadənin əşyaya zülm olduğu, əmanətə xəyanət sayıldığı” şəklində izah edilmişdir. (İbrahim Canan, Kutub-i Sitte Muhtasarı və Şərhi, Ankara 1990, 10/440)

      Əshabdan Sad dəstəmaz alarkən Hz. Peyğəmbər onun çox su istifadə etdiyini gördü və: “Bu nə israfdır?” dedi. Sad:

      - Dəstəmazda da israf olur? -deyəndə Peyğəmbər (s.ə.s) belə cavab verdi:

      - Bəli! Axan bir çay kənarında da olsanız!

      Qeyd etmək lazımdır ki, İslam alimləri hədisdə keçən istifadə edilmiş artıq suya qiyas edərək çiçəkləri səbəbsiz qoparmaq, ağacın budaqlarını sındırmaq və sair bu kimi zərərləri təbiətə qarşı cinayət hesab edir. (e.a.ə, eyni yer) Müasir İslam alimləri bu səpkidə elektrik, kömür, neft, kağız, qələm və s. məişət əşyalarının istifadəsində ehtiyaca görə davranmağın şərt olduğunu irəli sürmüş, ehtiyac xaricindəkiləri israfdan sayaraq buna qadağa qoymuşdur. Məsələn ov ehtiyacı haqqında İslam dininin prinsipləri belədir: “Ovçuluq, ehtiyac anında insanlara əkinləri tələf etməmək, onları evlərində narahat edib bir zərər verməmək və ya sırf oyun, yaxud da əyləncə olmaması şərtilə halaldır. Əks təqdirdə qadağandır.”( Abdurrahman Ceziri, Dört Mezhebe Göre İslam Fıkhı, İstanbul 1994, 3/1090)

      Yuxarıda bir qismini sadaladığımız İslam prinsipləri çərçivəsində ekoloji həyat tərzi nümunəsi gəlmiş keçmiş mədəniyyətlər arasında  həmişə yeganə ölçü olmuşdur. Çünki İslamın səciyyəvi xarakterlərindən biri də, fərdin başda Allah olmaqla bütün varlıq aləmi ilə münasibətlərini tənzimləyən əxlaqi mənzumələr toplusu olmasıdır. Buradan başa düşülür ki, müsəlman həm də ətraf mühitə qarşı davranışları olan və bunun məsuliyyətini daşıyan şəxsdir. Xalqımızın milli-mənəvi dəyərlərindən olan bu ülvi məqsədlər əcdadımızın bizə yadigarıdır. Gəlin onu qoruyaq və inkişaf etdirək ki, gələcək nəslə təmiz bir dünya qoyub gedək.

       

        * Bakı İslam Universiteti Zaqatala Korpusunun müəllimi

       

      • Hits: 698 clicks

      Tecox component by www.teglo.info