Yetimlik / Hacı Arif Heydəroğlu

      Share

      Dünyada nəinki yerinin doldurulması mümkün olmayan, hətta yerinin doldurulmasının mümkünlüyü təsəvvürə belə gətirilməyən, Allahın yaratdığı ən dəyərli varlıqlar atalar və analardır. 

      Hər şeyin bir bənzəri, oxşarı və əvəzi olsa da, ana sevgisinə, ata qayğısına əvəz heç nə ola bilməz!

      Həyatda hər şeyin bir əvəzi vardır. Hər kəs etdiyinə təşəkkür, gördüyü işə təltif və bacardığına  mükafat gözləyir. Ancaq valideynlər övladlarını daim yedirib-geydirməklə yanaşı, onları həm də doğruya, yaxşıya və gözəlliklərə istiqamətləndirir, əllərindən gələni əsirgəmədən dünyada yaxşı nə varsa ona yönəldir, onların ehtiyaclarına sərf edir, ixtiyarlarına verirlər. Çünki onlar balalarını əvəzsiz sevirlər.

      Yaradanın böyüklüyünü göstərən əlamətlərdən biri də valideyn ilə uşaq arasındakı bu əvəzsiz sevgi bağıdır. O elə bir bağdır ki, bunun ikinci bir misalı yoxdur. Dünyadakı bütün sevgilər bir yerə yığılsa bir ananın öz uşağına olan sevgisini əvəz edə bilərmi? Xeyr, xeyr, yenə də xeyr! Ona görə də atalarımız  “Ana kimi yar olmaz...”  “Ağlarsa, anam ağlar...”-demişlər.

      Əlbəttə, inkar edilməsi mümkün olmayan bir həqiqətdir ki, insanın dünyadakı ən böyük varlığı və sərmayəsi onun öz ata-anasıdır. Övladın dünyaya gəlməsinə səbəb olan, böyüdüb boya-başa çatdıran, yetişdirib həyata hazırlayan və hər zaman baş tacı edilməsi vacib olan çox zəhmətkeş valideynlər... Dünyada ata-anasının dəyərini bilənlər nə xoşbəxt övladlardır!…

      Çox-çox təəssüflər olsun ki, bəzi insanlar buna adi bir hadisə kimi baxırlar. Halbuki onların qiymətini bilən bilir, bilməyən isə…

      Övlad üçün ata-ananın həyatda olması nə qədər böyük bir lütf isə, vəfat etmələri də bir o qədər böyük itkidir. Demək olar ki, bu dünyada valideynə sahib olan çox şeyə sahib; olmayan isə, çox şeydən məhrumdur.

      Bu itkinin göynərtisini ancaq müxtəlif yaşlarda ikən ata və ya anasını itirənlər bilir. Təqdiri-ilahidir, kimisi doğulmadan, kimisi körpəliyində, kimisi uşaqlığında, kimisi də gəncliyində bu həqiqətlə üzləşir.

      Peyğəmbərimiz (s.ə.s) bir bayram günü uşaqların küçədə sevinc içində oynadığını görmüşdü. Ancaq onlardan biri yırtıq və köhnə paltar geyinmişdi. Nədənsə digər uşaqlar kimi gülüb oynamır, bir kənarda oturub ağlayırdı.

      Peyğəmbərimiz (s.ə.s) onun yanına gedib soruşdu:

      - Nə üçün ağlayırsan, niyə sən də uşaqlarla birlikdə oynamırsan?

      Uşaq kədərlə belə cavab verdi:

      - Atam Bədir döyüşündə Peyğəmbərimizin yanında savaşırkən şəhid oldu. Anam isə başqası ilə evləndi. Ögey atam məni evindən qovdu. Yeyib-içəcək heç nəyim, sığınacaq yerim yoxdur. Ata-anası olan uşaqların yeni paltarları da var, ürəkləri istəyəndə gedib çörək də yeyirlər, sonra da gəlib oynayırlar. Mənsə…

      Uşaq hönkürüb ağladı. Bunu görən Peyğəmbər (s.ə.s) nə hala düşdü… Və müstəsna qayğılı səmimiyyət, inam dolu qətiyyətlə:

      -Mənim, sənin atan; Aişənin, sənin anan; Həsən və Hüseynin də sənin qardaşların olmasını istəyərsənmi?

      Uşaq Onun  Həzrət Məhəmməd olduğunu hiss etdi və sevinclə söylədi: 

      “İstəyərsənmi?” nədir, ya Rəsulallah?! Qanad taxıb uçaram!

      Peyğəmbərimiz uşağın əlindən tutub öz evinə apardı. Yaxşıca yedirib-içirdikdən sonra gözəl paltarlar geyindirdi.

      Uşaq sevinc içində qaçaraq küçədə oynayan yoldaşlarının yanına qayıtdı. Uşaqlar onu görəndə təəccüblə soruşdular:

      - Bayaqdan sən ağlayırdın. Nə oldu ki, belə sevinc içindəsən?

      - Atası Həzrət Peyğəmbər  olan sevinməyə bilərmi? –dedi.

      Uşaqlar vəziyyəti başa düşüb:

      -Kaş ki, bizim atamız da o savaşda şəhid olaydı və biz də sənin kimi yetim qalaydıq... –dedilər.

      İnsanın nəyi, nə zaman, necə hiss edəcəyi məchuldur. Ancaq yetimliyi az-çox hər kəs hiss edər. Həyatda boynubükük olmaq çox ağırdır… Təbii ki, Allahdan səbri-cəmil istəyib mətin olmaq lazımdır. Bununla bağlı 

      “İnna lillahi və inna ileyhi raciun. - (Allahdan gəldik, Ona dönəcəyik)” deyərək Rəhmanın ayəsindən təsəlli tapmaq mömin üçün nə böyük nemətdir!… Mesajı Rəsulullahın həyatından götürərək öz yetimliyinin acısını başqa yetimlərin başını şəfqət və mərhəmət əli ilə oxşayaraq dindirmək... Budur, əsl insana yaraşan kamillik və mərifət!

      Əgər bir ümid çırağı –Allahın bəxş etdiyi övlad adlı sevinc payı olmasaydı hamı yetim sayılardı. Çünki insan övladına öz valideyninin adını qoyur və bununla da əvvəlkilərin adı yaşasın deyə onlara ümid bağlayır, ümid doğrulsun deyə onlara qayğı göstərir. Bu övladlarda adı yaşayanların ruhu şad olsun deyə ata-anaya övlad, övlada xidmətçi olurlar. Bəlkə də bu hikmətdir qəribsəmə məqamında köməyə gələn, yetimlik hissini yaddaşlardan silən.

      Allah bizi elə yaradıb ki, bizdən əvvəlkilərin ruhunu qəribsəməyə qoymuruq: Quran oxunub bağışlanır, məzarları ziyarət edilir və övladlar öz yaxşı əməlləri ilə onlara rəhmət qazandırırlar. Vay o kəslərin halına ki, onlar bu keyfiyyətlərə biganədirlər!

      Müsəlman qardaşım! Müsəlman bacım! Görəsən bu baxımdan biz necə? Yetimikmi?… Düşünürəm: Bəlkə elə mən də yetiməm?…

      …Ruhumu təslim etməsəm də mən də dünyamı dəyişmişəm. Ölməsəm də mən də yaxınlarımdan uzaq qalmışam… Gecə-gündüz fikirləşə-fikirləşə cürbəcür xəyallara dalmışam… Haqlıyammı, haqsızammı bilmirəm; gücsüzəm dayağım yox, kədərliyəm sevincim; cahiləm öyrədənim yox, yalnızam soruşanım; gedirəm bələdçim yox, dayanıram məsləhətçim; xəstəyəm baxanım yox, kimsəsizəm sahibim... Bu aləmdə!… Nə edəsən?… Onsuz da bu dünya -məhdud bir zamandır, bir anlıq röya...

      Ey yetimi qanadlandıran Rəsulullah! Sənin yardımın olmasa mən də yetim olaram, qoyma ki, yetim olum, axirət yetimi… Ürəyimdən gəldi bu sual: O dünyada mənə dayaq, mənə ata olarsanmı, ya Şəfiallah? Siratdan keçəndə mənim də əlimdən tutarsanmı, Ya Həbiballah? Cənnətdə Kövsərin başında məni də gözləyərsənmi, ya Kərimallah?!.

      *****

      Atamın vəfatı ilə əlaqədar başsağlığı verən bütün dost-tanış və İrfan oxucularına təşəkkür edir, onların hər birinə səhhət-afiyət dolu uzun ömür arzulayıram. Atama və bütün ölənlərimizə Allah rəhmət eləsin! Amin!

      Hacı Arif Heydəroğlu

      haciceylan@yahoo.com

      • Hits: 807 clicks

      Tecox component by www.teglo.info