Əli Ustanın Vəfatının Ardından / Zəki ŞAHİN

      Share

      Uca Allahın hər bəndəsi üçün vəd etdiyi dəyişməyən, dəyişdirilə bilməyən və bəlkə də dünya həyatının ən adil həqiqətidir ölüm. Mövqe və məqamın,

       var-dövlətin, övlad, qohum, qonşu, dost və bunlar kimi insan həyatı boyunca bir çox güvənilən amillərin ən təsirsiz və çarəsiz qaldığı andır ölüm. Hər insan üçün qaçınılmaz olan, hər nəfsin qismətində var olan, qədərinə yazılan ölüm həqiqəti Haqqa qovuşmağın adıdır və əslində yox olmaq deyil, yeni bir həyatın başlanğıcıdır.

      İsanlar vardır doğulur, yaşayır və ölürlər.  Həyata dair nə etdikləri, hansı işlər gördüklərinə baxdıqda heç bir şey görülmür. Onların ölümündən sonra bəzən saxta, bəzən səmimi, ancaq bir anlıq gözyaşı, kədər… Sonra da həyat normal axarına dönər. Sanki o insan heç ölməmiş və ya heç yaşamamış kimi hər kəs qaldığı yerdən davam edər. Nə ağıllarda qalır, nə də könüllərdə. Yəni bədəni ilə birlikdə xatirələri də dünyadan köçüb gedər. 

      Elə insanlar da vardır ki, onlar da doğulur, böyüyür və bir gün vaxtı gəldikdə köçüb gedirlər. Ancaq nə zamanın axışı, nə də başqa bir şeyin gücü çatmaz onun xatirələrini silməyə. Aradan günlər, aylar, illər keçsə də o insanlar unudulmaz. Doğru, dürüst, xeyirxah insan olmaq ailəsinə, dostlarına, insanlara faydalı olmaqdır. 

        Şübhəsiz ki, hər kəs üçün qaçınılmaz olan ölüm keçdiyimiz günlərdə, daha dəqiq desək aprel ayının 2-də böyük-kiçik, tanış-yad hər bir insanın ehtiyacını qarşılamağı özünə borc bilən və əlindən gəldiyi qədər bu borcun öhdəsindən gəlməyə çalışan Əli Ustanı da aramızdan ayırdı. Əli Usta 1953-cü ildə Türkiyə Cümhuriyyətinin Biləcik şəhərinə bağlı Vəzirxan kəndində anadan olmuşdur. 1999-cu ildə Türkiyədəki dəhşətli zəlzələdən sonra ailəsini itirən Əli Usta ömrünün qalan hissəsini Azərbaycanda keçirməyə qərar vermişdi. Azərbaycana gəldiyi gündən bəri buradakı dili, dini bir olan qardaşları ilə səmimiyyətilə sanki onillərin dostuna çevrilmişdi.

      Xalqın içindən, xalqa qaynayıb-qarışan, çox səmimi və mehriban adamdı. Cəmiyyət həyatını sevən, hər fürsətdə insanlara xidməti özünə şüar edən insandı.

      Bədənini insanlara xidmət, ruhunu İslam eşqiylə dolduran və bəsləyən mərhum Əli Ustanın vəfatından sonra acısı və hüznü könlümüzdədir.

       

      …Cənazə namazında Bakıdakı “Əjdər Bəy” məscidinin (Göy Məscid) həyətı insanla dolu idi. Sanki bir qəribin deyil, adlı-sanlı bir insanın cənazə namazına yığışmışdılar. Bu mənzərə mənə “Mömin ünsiyyət edir və onunla ünsiyyət olunur!”, “Cammatda rəhmət vardır!” hədislərini xatırlatdı.

      Əli Usta ömrünün 57-ci baharında öz vətəni kimi əziz bildiyi Azərbaycan torpqağında dəfn edildi.     

      Ruhu şad, məkanı cənnət olsun...

       

      • Hits: 700 clicks

      Tecox component by www.teglo.info