Xalq Şairi Zəlimxan Yaqub: Reportaj

      Share

       

      İrfan: Şərqin dahisi Hüseyn Caviddən sonra sizi “Peyğəmbər”i yazmağa nə sövq elədi?

      Z. Yaqub:  Hüseyn Cavid XX əsrin əvvəllərində  “Peyğəmbər”i yazdı. O vaxtan bu günə aradan 80 il keçdi. Çox şeylər dəyişdi. Araya Sovet dövrü girdi, məscidləri bağlatdı, din xadimlərini güllələtdi, Quranı yandırdı və dedi ki, yerdə Tanrı mənəm. 70 il İslami dəyərlərimiz, əqidəmiz, Quranımız danıldı. İmanımızı əlimizdən almaq istədilər, amma ala bilmədilər. Çünki kök dərində idi. Və mən həmişə bu ehtiyacı hiss edirdim ki, nəsə deyilməlidir. Düzdür, bu haqda müxtəlif kitablar yazılsa da, ancaq mənim ürəyimdən xəbər verən kitablar yazılmırdı. Peyğəmbərlə bağlı istədiyim kitab yazılmalıydı. Çünki Peyğəmbərin şəxsiyyətinə hər zaman ehtiyac var. Peyğəmbərin əxlaqı, Peyğəmbərin tərbiyəsi, Peyğəmbərin əqidəsi, etiqdı bu gün müstəqil Azərbaycan dövlətçiliyində çox lazımdır. Azərbaycan xalqına, Azərbaycan cəmiyyətinə çox lazımdır. Bunun üçün mən nə edə bilərəm? Aləm çaxnaşır, sular bulanır. Sular durulmalıdır. İşıqlı təfəkkürlər meydana çıxmalıdır. Bunun üçün nə etmək lazımdır? Düşündüm ki, ortaya bir əsər çıxartmaq lazımdır. İnsanı duruldan, təmizləyən, kamilləşdirən, iç aləmini gözəlləşdirən. Və Allah elə gətirdi ki, 1994-cü ildə mən ulu öndər, mərhum prezident Heydər Əliyevlə Məkkəyə getdim. İlk ziyarət məni heyrətə saldı. Yunus babam demiş:

      Haqq bir könül verdi mənə

      Ha deməmiş, heyran olur.

      Mənim də könlüm ziyarət etdiyim müqəddəs yerlərin, Məkkənin heyranı oldu və qara torpağa sağlam toxumun düşüb cücərdiyi kimi, Peyğəmbər mövzusu da mənim ruhuma, qanıma, iliyimə toxum kimi düşdü. Biz oradan qayıdanda ulu öndərimiz təyyarədə bizi çağırıb söhbət edəndə dedi ki: “Tahir Salahov, sən böyük rəssamsan, indi Məkkə ilə bağlı əsərlər çəkmək lazımdır. Arif Məlikov, sən böyük bəstəkarsan, indi Məkkə ilə bağlı musiqilər bəstələmək lazımdır. Zəlimxan Yaqub, sən də gözəl şairsən, Məkkə ilə bağlı gözəl şeirlər yazılmalıdır, əsərlər qələmə alınmalıdır. Elə o gündən də bu fikir düşdü mənim bətnimə.

      Mənim Əli Fəhmi kimi müəllimim olub. O, bütün Şərq ədəbiyyatını əzbər bilirdi. Ondan çox təsirlənmişəm. Doğulduğum kənddə Yunus İmrə gecələri, Peyğəmbərin Mövlud gecələri olurdu. Orada gözəl ilahilər oxunurdu. Sən demə orada oxunanlar sonralar mənim əsərlərimin baş qəhrəmanı olacaq Yunus İmrənin şeirləri idi. Və Yunusun dilindən mənim Peyğəmbərə ilahi sevgim yarandı. Bu sevgi mənim körpəliyimdən, Kəpənəkçi kəndindən gələrək Məkkəyə qovuşdu. Mən Məkkədən qayıdandan sonra dedilər ki, sən hacı sayılmırsan, sənin ziyarətin ümrə ziyarəti idi. Mən ikinci dəfə Məkkəyə yenidən getdim. Mənim iki dəfə Məkkədə olmağım və 70 il Azərbaycan ədəbiyyatında bu mövzunun, bu ərazinin xam torpaq kimi qalması Peyğəmbər əsərini yazmağıma səbəb oldu. Əslində bu, məndən asılı olan iş deyil. Bu eşqi, bu işığı mənim könlümə salan Allah var. Allah lütf etdi, bu əsər yazıldı. Bu əsəri yazanda mən dəfələrlə hörmətli akademikimiz Vasim Məmmədəliyevlə, Şeyx həzrətləri ilə məsləhətləşmişəm. Bu əsərdə mən əsas ilhamı Yunus İmrədən və Mövlanadan almışam. Onlar mənim müqəddəs dayaqlarım olub. Mən birdən-birə bu əsəri yazmadım. Mən ömrüm boyu bu duyğularla yaşaya-yaşaya, bu mövzuda yazılanları mütaliə edə-edə gəldim. Mənə ən çox təsir edən isə Həzrət Əlinin “Nəchul bəlağa”sından sonra Səzai Karakoçun “Xızırla 40 saat”ı oldu. Sanki böyük döyüşə girməmişdən əvvəl bu mövzuda oxuduğum kitablar mənim üçün məşqlər oldu. “Peyğəmbər”ə gələndə artıq böyük bir mənzərə açıldı Zəlimxanın qarşısında və şükür Allaha ki, bu əsər xalq tərəfindən, ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirildi, dəyərini aldı. 

       

       

      İrfan: Zəlimxan müəllim, bildiyimiz kimi sizin fəaliyyətiniz çoxşaxəlidir. Demək olar ki, bütün mövzularda şeirləriniz var. 60 ildə 40 kitabınız çap olunub. Bu kitablar arasında “Peyğəmbər” kitabının yeri sizin üçün nədir? Yəni “Peyğəmbər” kitabını tərəzinin bir gözünə, o biri kitablarınızı da digər gözünə qoysaq hansı ağır gələr?

       

      Z. Yaqub: Şübhəsiz “Peyğəmbər” ağır gələr. Niyə? Çünki mən şairəm, bu günə kimi şeirlərimi yazmışam, müxtəlif insanlar oxuyub, mahnılar bəstələnib, xalq tərəfindən sevilib. Ancaq “Peyğəmbər” tamam başqa bir şeydi. Yəni Hüseyn Caviddən bu yana Azərbaycanda yüz böyük şair olubsa, onların içində Peyğəmbər haqda əsər yazmaq Zəlimxana qismət olub.

       

      İrfan: O da sizin cəsarətinizdən irəli gəlir.

       

      Z. Yaqub: Çox gözəl deyirsiniz. Hər oğulun hünəri deyil ki, ona cəsarət etsin. Hətta mən ilk dəfə cəsarət edib bu fikri Vasim Məmmədəliyevə açanda tərəddüd edirdim. Elə bilirdim ki, mənə: “Sən bilirsən nə danışırsan? Necə çətin işə girişdiyindən xəbərin var?” Ancaq Vasim müəllim məni yaxşı tanıdığına görə bu fikir ağzımdan çıxan kimi məni qucaqlayıb öpdü və dedi ki, “Bu mövzunu səndən gözləyirdim, sən yazacaqsan.” Mənim bu cəsarətim Peyğəmbərdən, Peyğəmbər sevgisindən gələn cəsarət idi. Qərbin dahilərinə baxın: Höte, Bayron, Puşkin… Onlar hamısı Qurana, Peyğəmbərə istinad etməklə böyüyüblər. Mən Peyğəmbər əsərini yazanda dəfələrlə gözlərim dolub, ağlamışam, Peyğəmbərin düşdüyü vəziyyətləri oxuyub həyəcanlanmışam, əllərim həmişə göydə olub, “İlahi güc ver, utandırma” deyə dua etmişəm. Quranı dəfələrlə oxumuşam. Bu əsəri yazmaq mənim şair cəsarətimdən irəli gəlib. O cəsarəti də mənə xalqım verib, Türk dünyası verib. İlk növbədə Allahın lütfü, sonra da xalqın sevgisi, İslami dəyərlərdən gələn inam imkan verdi ki, bu əsəri meydan çıxardım.       

       

          

      İrfan: Zəlimxan müəllim, bir az əvvəl qeyd etdiyiniz kimi bir zamanlar müəyən bir dövr yaşadıq, dindən, imandan uzaqlaşdırdılar bizi. Şükürlər olsun ki, bu gün müstəqil dövlətimizdə vəziyyət tamam  başqadır. Sizcə bu gün Azərbaycanda Peyğəmbər sevgisi qənaətbəxşdirmi?

       

      Z. Yaqub: Mən Azərbaycanda bu gün Peyğəmbər sevgisini qənaətbəxş hesab etmirəm. Çünki Azərbaycanda Peyğəmbər sevgisi qənaətbəxş olsaydı işlərimiz daha gözəl olardı. Biz çox bulanmışıq, bizi dulutmaq lazımdır. Bu gün də Peyğəmbərin başına gələnlər, Əbu Cəhllər, Əbu Ləhəblər hələ çoxdur. İstər Azərbaycanda, istərsə də dünyanın müxtəlif ölkələrində İslam əxlaqından, Peyğəmbər sevgisindən uzaq insanlar çoxdur. Ona görə də nə qədər ki, bu gün İslami dəyərlərlə, onun formasıyla yox mahiyyətiylə, qabığıyla yox toxumuyla məşğul olsaq, o qədər cəmiyyəti durulda bilərik. Bu gün insanlığın yeganə xilas yolu, əxlaqın xilas yolu ancaq Qurandır, Peyğəmbərdir. Yalnız onlara bağlanmaqla cəmiyyəti xilas etmək mümkündür. Quran bizə nə deyir, Peyğəmbər bizə nə deyir? Deyir ki, yalan danışma, zainakar olma, yetim malına göz dikmə, doğru ol və s. Bunlara əməl etdikdə cəmiyyət də xoşbəxt olar. İnsan Peyğəmbərə nə qədər çox yaxınlaşarsa, dünya bir o qədər gözəlləşər. Əksinə, insan nə qədər Peyğəmbərdən çox uzaqlaşarsa, dünya bir o qədər çirkaba batar.

       

       

      İrfan: Zəlimxan müəllim, son olaraq ustad bir şair kimi, bir ağsaqqal kimi “İrfan” oxucularına ürək sözünüz nədir?

       

      Z. Yaqub: İnsan ömrü bir ilə yüz arasında oynayır. Yəni ömür bu qədər qısadır. Mənim arzum ondan ibarətdir ki, hər bir insan Allahın ona bəxş etdiyi ömrü mənalı yaşasın. Halal, duru, təmiz, çalışqan, xeyirxah, səxavətli, ibadətli, üzü nurlu, dili xoşkəlamlı. Çətinliklər qarşısında insan gərək sınmasın. Peyğəmbərin dara düşdüyü məqamlar gərək insanın gözünün qabağına gəlsin. Unutmamaq lazımdır ki, ən çıxılmaz məqamlardan belə Allah Peyğəmbərimizi çıxardıb. İnsan nə qədər inamlı olsa, imanı kamil olsa, Allaha ibadətində, Qurana itaətində, Peyğəmbərə sevgisində, haqqa, həqiqətə qulluğunda nə qədər səmimi olsa Allah ona o qədər kömək olacaq. Allahın qulu olmaq qul üçün çox böyük xoşbəxtlikdir. Allahı dərk edən insan ucalır. Allah qarşısında kiçildikcə böyüyür. Yəni insan dərk etməlidir ki, kainatın bir zərrəsidir. O, kainatın həqiqi sahibi olan Allaha imanı nisbətində böyüyür.

      Mən “İrfan” oxucularına halal  ömür, pak ömür, təmiz ömür, müqəddəs ömür, mübarək ömür, ailədə, dövlətdə, cəmiyyətdə, millətdə, sənətdə, siyasətdə olmasından asılı olmayaraq baş ucaldan ömür, insanları xoşbəxt edən ömür, cəmiyyətə səadət və gözəllik gətirən ömür arzulayıram. Bu gün türkə qarşı, İslama qarşı Qərbin təzyiqləri var, Avrapa dövlətlərinin təzyiqləri var. Saib Təbrizi deyirdi:

      Azıqmı biz, babaların himmətiylə çoxuq,

      Kaman belli dədələrin kamanından çıxan oxuq.

      Sağlığında kim olursa el atası, el anası,

      Ocaq olur, pirə dönür bir gün onun astanası.

      Arzum budur ki, “İrfan” oxucuları gənclikdən ağsaqqallıq eşqiylə yaşasınlar, mötəbərlik eşqiylə yaşasınlar. Hara getsələr işıq kimi, nur kimi, sevgi kimi, məhəbbət kimi getsinlər. Bu müqəddəs yolda sizə uğurlar olsun. Allah türkü qorusun, İslamı qorusun, müsəlmanı qorusun, əsl insanlığı və insani dəyərləri qorusun.

       

      İrfan: Biz də “İrfan” oxucuları adından sizə minnətdarlığımızı bildiririk.   

         

      • Hits: 905 clicks

      Tecox component by www.teglo.info