155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Fətanət / Zəki ŞAHİN

      Share

      Allah-Təala ilk insan Adəm (ə.s) ilə peyğəmbərlik fəaliyyətini də başladaraq bəndələrinə əmr və qadağanlarını, insan olaraq həyatlarını davam etdirmək üçün nələrə

       diqqət edəcəklərini, bəşəri münasibətlərdəki davranışlarını, ibadət vəzifələrini və s. bildirmişdir. Qurani-Kərimin İsra surəsinin 15-ci ayəsində də bu həqiqət Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik! şəklində bəyan edilir.

      Allah-Təala peyğəmbərləri öz bəndələri arasından seçmişdir. Ancaq bu vəzifəni də hər hansı bir bəndəsinə deyil, müəyyən üstün keyfiyyətləri özündə cəmləyən şəxslərə vermişdir. Bu üstün keyfiyyətlər: İsmət (məsum olmaq), Fətanət (yüksək idrak səviyyəsinə sahib olmaq), Təbliğ (Allahdan aldıqları vəzifələri olduğu şəkildə insanlara çatdırmaq), Sidq (doğru sözlü olmaq),  Əmanət (əmanətə xəyənət etməmək)-dir. İstisnasız olaraq bu xüsusiyyətlər bütün peyğəmbərlərdə olmuşdur.

      Şübhəsiz ki, son peyğəmbər olan Həzrət Məhəmməddə yuxarıda sadaladığımız keyfiyyətlər digər peyğəmbərlərdən də yüksək səviyyədə yaşanmışdır. Çünki o, digər peyğəmbərlərdən fərqli olaraq həm “Rəbbi tərəfindən tərbiyə edilmiş”, həm də “Gözəl əxlaqı tamamlamaq üçün” göndərilmişdir.

      Hələ peyğəmbərlik vəzifəsi verilmədən əvvəl Kəbənin təmiri zamanı “Həcərul-Əsvəd”-i yerinə qoymaq üstündə ərəb qəbilələri arasında çıxması real olan müharibəni yalnız bir təklifiylə həll etməsi Həzrət Məhəmməd Müstafa (s.ə.s)-in yüksək idrak səviyyəsindən, yəni fətanətindən xəbər verir.

      Peyğəmbərimizin yaşadığı dövrü düşünək: Bir tərəfdən səhabələr həll edə bilmədiyi şəri məsələləri Allah Rəsuluna gətirib onun həll etməsini istəyir, digər tərəfdən də İslama girmək istəyən bəzi insanlar ağıllarında tərəddüd və şübhələrə cavab gözləyirdi. Bütün bunlara əlavə olaraq Allah Rəsulunu gözü götürməyən müşriklər, münafiqlər tərəfindəm yayılan şayiələr, şübhələr baş alıb gedirdi ki, bunların öhdəsindən gəlmək və verilən məqsədli suallara dəqiq və yerində cavab vermək, ancaq və ancaq peyğəmbər məntiqi, yüksək idrak səviyyəsi ilə mümkün idi.

      Bu peyğəmbər dühası qarşısında heyran qalan Bernard Şou Allah Rəsulunun həsrətiylə belə demək məcburiyyətində qalmışdır: “Üst-üstə yığılan problemlərin öz həllini gözlədiyi günümüzdə, bütün müşkülləri su içirmiş kimi rahatlıqla həll edən Həzrət Məhəmmədə hər dövrdən daha çox möhtacıq...”

      İki Cahan Günəşi müxatəbini tanımada və onun səviyyəsini təsbit etmədə möcüzəvi bir xüsusiyyətə sahib idi. Heç düşünmədiyi halda, müxatəbinə elə kəlmələrlə xitab edərdi ki, siz o kəlmələrdən bəzilərinin yerini dəyişsəniz və ya o xarakterdə olmayan başqa bir insana eyni ifadələrlə xitab etsəniz, hər şeyi qarışdırar və qətiyyən hədəfinizə çata bilməzsiniz. Həm kəlmələri seçmədə, həm də müxatəbin səviyyəsini və halını bilməkdə Allah Rəsulu misilsizdir. Ona oxşayan ikinci bir şəxs tapmaq qeyri-mümkündür. Kiminlə, harada və necə danışacağını elə sürətlə təyin edərdi ki, artıq bunun üçün bir an belə düşünməzdi. Nə danışacaqsa, nəticədə ifadə edilən sözlər danışılması zəruri olan kəlmələrdən ibarət olardı. Hər sözünü kəlmə-kəlmə tədqiq etsəniz, cümlələr içində tək kəlmənin belə artıq olduğuna rast gələ bilməzsiniz. Bu, fətanət deyilmi?

      Şübhəsiz ki, peyğəmbərə tabe olan və onun yolunun davamçısı olanlarda da bu üstün keyfiyyət olmalıdır.

      Necə ki, Peyğəmbərdən dərs alan və onun yaxın dostu olan Həzrət Siddiqdə də fətanət keyfiyyəti aydın görünür. Rəsuli-Əkrəm (s.ə.s) Məkkədən Mədinəyə hicrət etdikdə Həzrət Əbu Bəkr də onun arxasında idi. Yolda Həzrət Əbu Bəkrlə qarşılaşanlar ondan “Bu adam kimdir?” deyə soruşduqda, Həzrət Əbu Bəkr: “O, mənim bələdçimdir!” demişdir. Həzrət Əbu Bəkrin bu sözü həm doğru söyləyir (çünki Rəsulullah bütün bəşəriyyətə doğru yol göstərərək bələdçilik edir), həm də bu sözü ilə onu qoruyurdu.

      Bəli, Sevimli Peyğəmbərimiz də ümmətini məhz belə, yüksək zəkalı görmək istəyirdi. Elə buna görədir ki, bir hədisi-şəriflərində belə buyururdu: “Müsəlman bir dəlikdən iki dəfə sancılmaz.”

      Bu gün biz onun ümməti olaraq dostumuzu, düşmənimizi yaxşı tanımalıyıq. Hər işimizdə fətanət sahibi olaraq, ağıl və məntiqimizlə İslama qarşı təşkil olunan mənfur planları puç etməliyik. “Müsəlman müsəlmanın qardaşıdır” prinsipi ilə bir-birimizi sevməli, bir-birimizin dərdi ilə maraqlanmalı və hər işdə bir-birimizə dəstək olmalıyıq.   

         

      • Hits: 723 clicks

      Tecox component by www.teglo.info