“Ölən Dünyam”ın Son Cəngavəri / Məmməd Məmmədzadə

      Share

      Ötən əsrin 50-60-cı illərində Azərbaycan radiosu dinləyicilərinin böyük həvəslə qulaq asdıqları, intizarla gözlədikləri verilişlər içərisində “Radio-tamaşa”lar da var idi.

       O illərin ədəbi mühitində böyük səs-küy yaratmış, bugünkü dillə desək bestellerə çevrilmiş “Dəli Kür” romanı ilə ilk tanışlığım da romanın radio-tamaşa versiyası ilə olmuşdu. Teatrımızın əvəzolunmaz aktyorlarından olan Həsənağa Salayevin səsləndirdiyi Cahandar ağanın atı Qəmərlə vidalaşması səhnəsi isə mənə elə təsir etmişdi ki, bir neçə gün Cahandar ağa – H. Salayevin səsi və Qəmərin kişnərtisi qulaqlarımdan getmədi.

      1967-ci ildə kitab nəşr olundu. Kitabın püstəyi rəngli üz qabığında papaq, tüfəng, at və Azərbaycan kişisinin rəsmi çəkilmişdi...

      “Dəli Kür” romanından əvvəl İsmayıl Şıxlının “Ayrılan Yollar” romanını da oxumuşdum. Amma “Dəli Kür” məndə tamam başqa hisslər yaratdı, sanki qan yaddaşımı oyatdı. Bir vaxtlar nənəmin əsrin əvvəllərində baş verən hadisələr haqqında danışdığı əhvalatlar canlandı xəyalımda...

      Tale elə gətirdi ki, institut illərində “Xarici Ölkələr Ədəbiyyatı”ndan mühazirələri bizə İsmayıl Şıxlı oxudu. Və bu mühazirələr sayəsində biz İsmayıl Şıxlını daha dərindən tanıdıq. Həftədə 2 akademik saat olan bu mühazirələr tələbəlik illərinin ən unudulmaz, yaddaqalan saatları idi. Elə ilk mühazirədə ağayana hərəkətləri, səlis nitqi, alicənablığı ilə bizi əfsunladı. Hətta ən şuluq, dərsdən qaçan tələbələr də onun dərsini səbirsizliklə gözləyirdilər. Bu 2 saatda İ. Şıxlı təkcə antik ədəbiyyatı, renessans ədəbiyyatını, Şekspiri, Şilleri öyrətmirdi bizə. O, bizə həyatı öyrədirdi, ədəbi, mərifəti təlqin edirdi. Səmimiliyi, düzlüyü öyrədirdi.

      XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda böyük nüfuz sahibi olan, işlədiyi məktəblər adları ilə çağırılan S.S. Axundov, Cəmobəy Cəbrayılbəyli, Sultan Məcid Qənizadə, Bədəlbəy Bədəlbəyov kimi müəllimlər pleyadasının layiqli davamçısı idi. Həm də bir az onlara bənzəyirdi. XX əsrin 70-ci illərindən başlayaraq müqəddəsliyi, nüfuzu itirilən müəllim adını uca tuturdu və müəllim olmağı ilə fəxr edirdi. Ədəbi ictimaiyyət İ. Şıxlını az yazan yazıçı kimi tanıyırdı. İsmayıl müəllimin isə az yazmağının bir sıra səbəbləri vardı.

      ... Filosof-tənqidçi Asif Əfəndiyev Cahandar ağa surəti haqqında yazırdı: “Yarımçıq ehtirasların, yarımçıq mərdliyin, yarımçıq xeyrin, “nəzakətli” bədəməlliyin, pambıqla baş kəsməyin antipodu Cahandar...”

      Bu baxımdan İsmayıl Şıxlı da Cahandar ağa ilə eyniləşir, hətta bir az da irəli gedir. Yarımçıqlıqlardan qaçır. Hansı işlə məşğul olursa onu namusla, vicdanla yerinə yetirir. İsmayıl müəllim maarifçilik missiyasını ləyaqətlə yerinə yetirirdi. Müəllimliyə həsr etdiyi vaxta heyfi gəlmirdi.

      1976-1978-ci illərdə “Azərbaycan” jurnalının baş redaktoru idi. Jurnalın oxunaqlı, sanballı olması üçün çalışır, yaradıcılıqla az məşğul olaraq onlarla yazarın əsərlərinin çap olunması üçün senzuraların qapısını döyür.

      1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının I katibi katibi oldu. Müxtəlif yığıncaqlar, rəsmi səfərlər, nəşriyyat məsələləri, yazıçıların məişət qayğıları ilə məşğul olmaq yazmaq istədiyi nə qədər əsərin işıq üzü görməsinə mane oldu.

      “Dəli Kür” romanının  qəhrəmanı Cahandar ağa milli adətlərə sımsıx bağlı qalaraq bütün həyatını kişi kimi yaşayır, kişi ləyaqətini, mərdliyi hər şeydən üstün tutur, cəmi bir dəfə özünə, kişilik kodeksinə xəyanət edir və bununla da faciəsi başlayır...

      İsmayıl Şıxlı isə heç vaxt özünə, milli dəyərlərə xəyanət etmədi.

      ...Yenə də İsmayıl müəllimin dərsi idi. auditoriya  Auditoriya ağzınacan dolu idi. Dərsin şirin yerində Dursun adlı bir tələbə əlini qaldırıb sualı olduğunu bildirdi. İsmayıl müəllimin icazəsindən sonra dedi:

      - Müəllim, siz Allaha inanırsınız?

      Auditoriyada bir anda təşviş, həyəcan dolu bir çaxnaşma yarandı. Bizi sual yox, eşidəcəyimiz cavab qorxutmuşdu. Çünki İsmayıl Şıxlı məcburən kommunist ideologiyasının tələblərinə uyğun cavab verə bilərdi. Belə cavab isə onu İsmayıl Şıxlı ucalığından endirə bilərdi bizim nəzərimizdə. İsmayıl müəllim əlini yavaşca qaldırdı, bığaltı gülümsəyərək özünəməxsus təmkinlə üzünü auditoriyaya tutdu:

      - Niyə həyəcanlanırsınız? Sual sizə yox, mənə verilib. Sonra üzünü Dursuna tərəf çevirib əlavə etdi:

      - Bəli, inanıram. Sonrakı müraciəti isə tələbələrə idi:

      - Mən istəyirəm ki, sizin hər biriniz Allaha inanasınız. Hər birinizin qəlbində Allah sevgisi və Allah qorxusu olsun...

      İsmayıl Şıxlı bu sözləri o vaxt deyirdi ki, ali məktəblərdə tələbələrə elmi ateizmdən dərs deyilir, N. Gəncəvi, M. Füzuli allahsız adlandırılırdı.  Bu, o vaxt idi ki, kommunist rejimi hökmranlıq edir, qılıncının dalı da, qabağı da kəsirdi...

      1980-ci illərdə bütün SSRİ-ni bürüyən rüşvət ali məktəb auditoriyalarına da yol açdı. Müəllim adına layiq olmayan müəllimlərin sayı get-gedə artmağa başladı.

      40 ildən artıq müəllimlik edən və bu illər ərzində müqəddəs müəllim adının üstünə bir zərrə də olsun ləkə düşməyə, toz qonmağa qoymayan İ. Şıxlı həmkarlarını düzlüyə, halallığa səslədi, buna nail olmayanda isə nümayişkaranə bir şəkildə rüşvətxorlarla bir yerdə işləməyin, bir binada nəfəs almağın mənliyinə, şəxsiyyətinə, adına ləkə gətirəcəyini bildirərək çox sevdiyi müəllimlik peşəsindən birdəfəlik əl çəkdi.

      1990-cı illərin əvvəllərində “Namus qaçağı”, “Namərd gülləsi”, “Ölüləri qəbiristanda basdırın” adlı hekayələrini yazdı. Bu hekayələr sanki yazacağı son romana hazırlıq, son romanın proloqu idi. Ömrünün qürub çağında, ölümün qapının ağzında dayanıb gözlədiyi bir vaxtda yazılan “Ölən dünyam” öz kişi ömrünü ləyaqətlə, kişi kimi başa vurmağa çalışan İsmayıl Şıxlının son romanıdır. Əsəri yazmağa başlayandan az sonra gözləri tamamilə tutulan İsmayıl Şıxlı yataqda romanı diqtə edir, həyat yoldaşı Ümidə xanım isə makinada yazırdı. Deyirlər Qu quşu ölərkən özünün ən yaxşı nəğməsini oxuyur. “Ölən dünyam” romanı da İsmayıl Şıxlının son nəğməsidir. Əgər “Dəli Kür” romanı bir nəfərin – Cahandar ağanın faciəsidirsə, “Ölən dünyam” bütün Azərbaycanın faciəsidir.

      Gücünün tükəndiyini, vaxtın azlığını dərk edən, romanın yarımçıq qalmasından qorxan İ. Şıxlı əsəri tez bitirməyə çalışır. “Ölən dünyam”da əsasən 1920-30-cu illərin hadisələri işıqlandırılır. Əsər qeyri-ənənəvi bir formada yazılıb. Müxtəlif nəsillərin və zümrələrin nümayəndələri olan surətləri bir-birinə bağlayan bir cəhət var. Bu müsbət surətlərin – kişili, qadınlı hamısı kişilik, mərdlik məktəbinin yetişdirməsi, məzunlarıdır. Və onlar bu kişi adını hər yerdə, hər zaman qorumağa çalışırlar. Əsərdə 1920-ci il Gəncə qiyamında, Azərbaycan Milli Ordusunun son döyüşünün də, minlərlə ailənin qolçomaq adı ilə sürgün edilməsinin də günahsız insanların “troyka”nın qərarı ilə güllələnməsinin də şahidi oluruq. Kəndlərdə, obalarda əli silah tutan bir başıpapaqlının qalmadığını bildirən sətirləri ürək ağrısı, göz yaşları ilə oxuyuruq. Bütün törədilənlərin qabaqcadan düşünülmüş məkrli bir siyasət olduğunu dərk edirik.

      Gəncə qiyamının iştirakçılarından biri olan Çopur Əmrahın “Gepo” (QPU – siyasi idarə) Fətullayevlə söhbəti bu siyasətin qaranlıq künclərindən birinə işıq salır:

      “...Camaatı qorxaqlığa, xəyanətə öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz gözüqıpıq...

      ...Heç bilirsiniz qürur nə deməkdir? Bilməzsiniz. Çünki siz qürurlu adamları, elə xalqı da tapdalamağa çalışırsınız.

      ...Cəmiyyət də insan kimidir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz.”

       Çopur Əmrahın güllələnmə səhnəsini də həyəcansız oxumaq mümkün deyil. “Beyni, ürəyi və bütün varlığıyla ölümlə dirim arasında vuruşan Əmrah dumanlı şəkildə dərk etdi ki, düşmən önündə əyilmək, onun qabağında diz çökmək olmaz...”

      “Ölən dünyam” romanında əvvəldən-axıradək iştirak edən bir surət də var. Bu, başıpapaqlısı qalmayan, arvad-uşağı, qız-gəlini sürgünə göndərilən Alqazaxlıların iti Alandır. O Alandır ki, Alqazaxlıların düşməni, firqəçi Xondulunun boğazını gəmirib meşəyə üz tutur. Qədim oğuzların əcdadı Bozqurdun törəməsi olan Alan döyüşlərdə qırılmış, məhv edilmiş türkləri yenidən dünya səhnəsinə çıxaran Bozqurda çox bənzəyir bu zaman.

      Əcəl İsmayıl Şıxlıya “Ölən dünyam”ı bitirməyə imkan verdi. Əsər elindən-obasından didərgin düşmüş, mühacir ömrü yaşamış Həsən ağanın uzun illərdən sonra doğma yurduna qayıtması, bir vaxtlar öz əli ilə əkdiyi çinarın gövdəsinə söykənərək əbədiyyətə qovuşması ilə bitir. İsmayıl Şıxlı da qəhrəmanı Həsən ağa kimi öz əsərlərinə söykənib rahatlıq taparaq dünyasını dəyişdi.

      Bir İsmayıl müəllim vardı...

      Tələbələrin sevimlisi...

      Bir İsmayıl müəllim vardı, müəllim adının müqəddəsliyini qoruyan, bu adın ləkələnməsini istəməyən...

      Bir İsmayıl müəllim vardı... Kökünə, milli dəyərlərə bağlı... Damarlarında bəy qanı axan...

      Bir İsmayıl vardı... Babalarının qılıncla, tüfənglə qoruduğu kişiliyi, kişi ləyaqətini qələmlə qoruyan...

      Bir İsmayıl müəllim vardı...

      “Ölən dünyam”ın son cəngavəri.

      • Hits: 792 clicks

      Tecox component by www.teglo.info