155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Onlari Allah Göndərmişdi... / Rüstəm Kamal Paşabəyli

      Share

      Türk varlığı xalqların əbədiyyət karvanında öz köçünün nizamlı gedişini davam etdirmək uğrunda tarixin müxtəlif çağlarında gərəkli mübarizədən geri durmamışdır.

       Təəssüfllər olsun ki, bu ömür-gün savaşında dünya türklüyünün ümum birliyini nümayış etdirmək; biri digərinin tökülən qanını öz damarının qanıymış kimi qəbul edib, soydaşlıq həmrəyliyini ortaya qoymaq; ayrı-ayrı türk soyunun sıra nəfərlərinin “Bir günəşin zərrələri” olduğu qənaətini soy düşmənlərinə açıq-aşkar bildirmək qeyrətini bariz şəkildə nümayiş etdirmək yönündə qətiyyətli fəaliyyət göstərməyi gərəyincə bacarmamışdır. Tarixin gedişində bu təəssüfləri tez-tez keçirməli olmuşuq. Bu qəflətimiz varlığımıza qənim kəsilmişlərə, əlbəttə, cəsarət verib: onları türk soyunu vəhşət və dəhşət girdabında qərq etməyə daha da şirnikdirib...

      İyirminci əsr başdan-başa türk soyunun taleyi ilə mücadilə əsri kimi yadda qalıb. Dünyanın türkə ögey ana kimi amansız münasibət bəslədiyini böyük soydaş şairimiz Arif  Nihad  Asya yazmış olduğu vəcizələrindən birində çox acı-acı dilə gətirirdi: Dünyanın hər yerində evlərin qapısı, adətən, çöldən döyülür. Biz o məhkumiyyəti yaşayırıq ki, evimizin qapısını içəridən-çölə döyməyə məcbur olmuşuq”.

      Türk istiqlalının bənzərsiz şairi Məhmət Akif Ərsoyun  soyumuza qarşı dünyanın   tutduğu alçaldıcı mövqeyə qarşı  bu zirvədən təəssüfü hansı məkrli mətləbdən xəbər vermir ki:

                                  Bir zamanlar biz də millət, həm də nasıl millətmişiz!

                                  Gəlmişiz cahana: milliyyət nədir öyrətmişiz!..

      Amma təkcə bu gözqaraldıcı, xəyalküsdürücü təəssüflə yaşamaq millətə nə verər ki?!  O səbəbdən  Məhmət Akif türk varlığı üçün sanki bir əbədiyyət çağırışı ilə hayqırmağa  keçməyi qərarlaşdırmışdır:

                                       Sahibsiz olan məmləkətin batması haqdır!

                                       Sən sahib olarsan, bu Vətən batmayacaqdır!

       

        Bu, bir soydaşlıq çağırışı, özünü dərk etmək, ilkinliyinə boylanmaq, varlığını mühafizə etmək mənzuməsidir.

        Həm də bunlar insanın mühafizə etməsi labüd olan təbii haqlarıdır! Bunlara laqeyd qalanda xorlamalar başlayır, tədricən gözdənsalmalar və nəticədə görə-görə gəldiyimiz qanlı mücadilələr, qətliamlar, “qanlı yanvarlar” tüğyan eləyir.

       Osmanlı xanədanının çöküşündən sonra Anadoluda soydaşlarımızın  başına gətirilən  fəlakətlər, axır ki, dünya türklüyünün  çırpınıb qəflətdən ayılmasına, biri-digərinə kömək etmə qeyrətinin baş qaldırmasına əsaslı dönüş yaratdı.

       Bu yolda Azərbaycan türk aydınları və zənginləri, eyni zamanda tədricən geniş xalq kütlələri Türk torpaqlarında  maddi cəhətdən ağır vəziyyətə  düşmüş biçarələrə yardım məqsədi ilə 1905-ci ilin payızında 1800 imzalı bir ərizə ilə Zaqafqaziya Baş Valiliyinə müraciət edərək, Xeyriyyə cəmiyyəti açmağa izn istədilər. Azərbaycan türklərnin bu əlbir və səbatlı çalışmaları, şükürlər olsun ki, səmərəsini verdi...     

      Axır ki, böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin də unudulmaz maddi yardımı ilə Qafqaz ilk Müsəlman Cəmiyyəti olan Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsi 15 noyabr 1905-ci il tarixdə rəsmən təsis edilərək, öz fəaliyyətinə  başlamışdır.

      Azərbaycanda olduğu qədər də Anadolu Türklüyünə əllərini uzatmış, onlardan hər yönünə atalıq qayğısını əsirgəməmişdir. Onun fəaliyyəti bunu deməyə haqq verir ki: Hacı sanki hərəkətə gəlmiş xeyrxahlar ordusunun başında duran kimsə idi. Onun təmənnasız qıyıb sevdiyini, onun əməli fəaliyyətini hər kəs bir kamandirin əmri kimi müsbət qarşılayırdı.

      Əvvəlcə məqsədi fəqir və möhtac müsəlmanlara yardım göstərmək, yetimləri barındırmaq, yoxsul çocuqlarını və valideynlərini itirmiş uşaqları oxutmaq, möhtaclara pul və ərzaq yardımı göstərmək, imkansız  xəstələri xəstəxanalarda müalicə etdirmək olan Cəmiyyət az müddət ərzində diqqətəşəyan xeyriyyə fəaliyyətləri ilə xalqın ümid qapısına çevrildi.

      Birinci Dünya Savaşı illərinə qədər Cəmiyyətin fəaliyyəti məhdud bir dairəni əhatə edirdi; sonra fəaliyyət çevrəsini on il ərzində genişləndirərək, bütünlüklə Qafqazda, Rusiyada yaşayan müsəlmanlar arasında  xeyriyyə işlərini əsaslı şəkildə artıraraq, deməli, həm də müsəlmanları birləşdirmə kimi mühim məsələyə də təkan vermiş oldu .

      Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsi əsaslı çalışmalarını  birinci Dünya savaşı illərində Rus işğalı altında inləyən Qafqaz, Cənubi Anadolu və Cənubi Qaradəniz bölgələrində gerçəkləşdirməyi bacarmışdır. Yardımdan başqa Rus idarəçilərinin müsəlman türk əhaliyə uyğuladıqları amansız haqsızlıqlara qarşı da bu hərbzədələrin haqlarının, qorunma işində faliyyətlərini genişləndirmiş və bu yöndə diplomatik çalışmalarını artırmağı bacarmışlar.

      Bakı Müsəlman Cəmiyyəti- Xeyriyyəsinin idarə heyyətinin üzvləri o zamanın xalq içində böyük nüfuz sahibi olan çox məhşur adamları arasından seçilmişdilər. Hacı Zeynalabdin Tağıyev, Həsən Bəy Məlikov, Əlimərdan Topçubaşov, Əhməd Bəy Ağayev, doktor Əli Bəy Hüseynzadə, Mirzə Əsədullayev kimi cəmiyyətin ozamankı məşhurları bu qurucular heyyətinin yüksək səviyyəsini gözlər qarşısında sərgiləməkdə idi. Bu insanlar zəngin və imkan sahibi olan hər kəsi Cəmiyyəti- Xeyriyyə ətrafında sıx mövqe tutmağa, zamanın amansız sınaqlarından soyumuzun taqətsiz və aciz kimsələrini salamat keçirməyə, qeyrət göstərməyə təşviq edirdilər. Dinindən, milliyətindən və hər hansı dini baxışından asılı olmayaraq kamil insanlar bu xeyirxahlar arasında yer almağa, fəaliyyət göstərməyə qalxışırdı.Qalxışmağa qeyrət göstərməyənlərə dövri mətbuatın vətənpərvər  və humanist qələm sahibləri, sözün həqiqi mənasında, nifrət atəşi yağdırmaqda idi.

      Yüksək  məram  və verimli  fəaliyyəti  nöqteyi-nəzərindən  Cəmiyyəti-Xeyriyyə dünyanın Şərqində bir zamanlar İslami-Xeyriyyə müəssisəsi olan “Beytül-mal”ın, demək olar ki, bir bənzəri idi.Yaranmışa Yaradandan ötrü hörmət göstərmək; onun dərdlərinə şərik olmaq; qayğısına qalmaq! Dünyanın ilk böyük insanpərvərlik örnəyinin gerçəkləşdiyi “Beytül-mal”ın hər yönünə bənzəri sayıla bilər Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsi! 

        Anadoluda  müharibə şiddət göstərdikcə Azərbaycan vicdanı təkcə yardımla kifayətlənə bilməzdi. Vətənpərvərlik ruhu yüksək olan gənc müəllimlələr, hətta təhsilini yarımçıq qoyaraq Balkan savaşında könüllü iştirak edən tələbələr yüksək fəaliyyətləri ilə türk varlığının getdikcə möhkəmlənən birliyinə ümidi artırmaqda idilər. Onların çoxu bu hərbdə fəal iştiraklarına görə türk ordusunun hərbi təltiflərinə layiq görülmüşlər.

           Azərbaycandan axın etmiş bu könüllərdən İstanbulda  “Qafqaz Könüllü Qitəsi” təşkil edilmişdi. Könüllülər içərisində Əhməd Cavad və Abdulla Şaiq məşhur şairlər də vardı. Bu savaşlar əsasına Türkiyədə olan böyük turançı şair Əli Bəy Hüseynzadə müxtəlif xəstəxanalarda həkim kimi ciddi çalışmalarına başlamışdır.

            Bir daha təkrar etməyə dəyər ki: yuxarıda sözü keçən Cəmiyyəti-Xeyriyyə təkcə Azərbaycandakı və ümumən Qafqazdakı soydaşlarımızın taleyini düşünməklə qalmırdı. Anadolu türklüyünün başı üzərində fırlanmaqda davam edən tərs dəyirmanları dayandırmağa yollar düşünür, onun biçarə qalan hərbzədələrinə iqtisadi yardımlarını hər yönünə artırmağa çalışırdı. Cəmiyyətin Birinci Dünya Müharibəsinə qədər mümkün olan çalışmaları, əlbəttə, qeyri-qənaətbəxş idi.

      Beynəlxalq münasibətlərin, xüsusilə Rusiya-Azərbaycan münasibətlərinin, buzu hələ qırılmamışdı; fəaliyyət meydanında olanların əli-qolu, demək olar, bağlı vəziyyətdə idi.Bu səbəblərdən Anadoludakı soydaşlarımızın ağlar halına Cəmiyyət fəal köməklik ğöstərə bilmirdi.

             Dövrün irəligəlmişlərinin birgə çalışmaları sayəsində Rusiya ilə münasibətlərdə bir isinmə  başladı; soydaşlarımıza kömək cəbhəsində irəliləyişlər mümkünləşdi. Bakıda fəaliyyət göstərən ayrıca “Qardaş köməyi” Türkiyə torpaqlarında, xüsusilə Oltu, Sarıqamış və Kağızman bölgələrində müharibə çarxının altında qalıb faciəli hala düşmüş hərbzədələri, müdafiəsiz məsum xalqı müdafiəyə daha intensiv şəkildə girişməyə fürsət tapdı. Valideynsiz və sahibsiz uşaqları müharibə cəbhələrindən toplayıb, qorunma altına almaq fəaliyyəti gerçəkləşdi...

                                                                             *

           Dünyanın dəhşətlər püskürən o çağında Azərbaycanın bükülmüş qəddini qaldırmağa və Anadolu torpaqlarında ermənilərin törətdikləri dəhşət və vəhşətlərin saysız qurbanlarına köməyə çatmağa bütün qüvvə və bacarığını səfərbər etmiş insanlarımızın soydaşlıq təəssübkeşliyini böyük ürək ağrısı ilə və həssaslıqla qələmə alan dosent  Doktor Bətül xanım Aslanın Atatürk Kültür Mərkəzi Başkanlığında 2000-ci ildə nəşr olunmuş “ Birinci Dünya savaşı əsasında Azərbaycan türklərinin Anadolu türklərinə “Qardaş köməyi” və Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsi” Kitabında  yaxın tariximizin bu qanlı səhifələrinə ayna tutulur.    

            Möhtərəm oxucu! Taleyimizə aydın güzgü tutan bu kitabla bağlı bir tanıtma yazısı səciyyəsi daşıyan qarşınızdakı məqalənin əsas ruhu və faktları da həmin kitabdan alınmışdır. Yazının əvvəlində geciksəm də, bu cəfakeş araşdırmaçı xanıməfəndiyə dərin minnətdarlığımı bildirirəm.

           Ərzurum Atatürk Universitetinin dosenti olan Bətül xanıməfəndi Türkiyə və Azərbaycan arxivlərində bəhrəli çalışmalar aparmış; kitablar, qəzet və jurnallar, çox sayda məqalə , xatirə və əlyazmalar nəzərdən keçirmiş; topladığı gərəkli faktları heyrətli səriştəsi və elmi-publisist bacarığı ilə kitablaşdırıb, soyunun istifadəsinə vermə qeyrəti göstərmişdir. Müəllif çox mötəbər mənbələrdən və tanınmış araşdırmaçılardan aldığı bilgini kitabın ruhuna uyğun gərəkli yerində sanki əriş-arğac kimi istifadə edir, başqa sözlə desək, sitat, mətndən yamaq kimi seçilmir. Hiss olunur ki, möhtərəm Bətül xanım ədəbiyyata, xüsusilə poeziyaya aşina bir araşdırmaçıdır. Birinci Dünya Savaşının dəhşətlərini, tökülən türk qanlarının doğurduğu ağrı-acıları dövrün şair və yaradıcı aşıqlarının şeirlərinə hopan fəryadını ağlar bir ürəklə qeyrətli yazılarına yavanlıq etmişdir. Ən başlıcası bu ki: istər Azərbaycanda olsun, istər Anadoluda axıdılan soydaş qanlarını öz ürəyinin  axardamarlarından sellənən qan kimi qələminə çəkib, kağıza köçürməyə, sözün həqiqi mənasında, fədakarlıq göstərmişdir.

       Deməli, tarixi gerçəklikləri də istiqanlılıqla, oxucunun ruhuna işləyən hiss və həyacanla yazmaq olarmış!

          Bətül xanım Vətən sevdalı oxucu üçün soyun gerçək bir anası, bir bacısı kimi həssasiyyət göstərir; sətirlər arasında ağlar gözü görükmədə; qəzəbli və acı hönkürtüləri eşidilməkdədir.               

            Böyük faciələrlə bürülüb-bükülüb arxivlərin küncünə sıxışdırılmış müsibətnamə mahiyyətindəki tarixi sənədləri nə böyük ürəklə qaranlıqlardan çıxarıb, soyunun mühakiməsinə, verən, qələmi süngü olan bu xanımın çəkdiyi əzab-əziyyəti neçəmiz Azərbaycanın çağdaş mətbuatının aynasından soyumuza örnək göstərə bilmişik ki?!

           Bu da bir qəhramanlıq; bu da bir qələm mücahidliyi; bu da bir insanlıq abidəsidir! Əslində, əməl qəhrəmanları öz fəaliyyətləri ilə həm də özlərinə heykəl ucaldırlar.           

            Bətül Aslanın kitabında millət yolunda olmazın əzablı xidmətlərinə baxmayaraq günümüzdə az qala adsız qəhrəmana  çevrilmiş, əməlinin gerçəkləşməsi yolunda dünyası parça-parça olmuş bir fədai də var; doktor Xosrov Paşa Bəy Sultanov. Əsərindəki hər kəsə və həqiqətə son dərəcə diqqət və maraqla yanaşan Bətül xanım  Doktor Xosrov Bəyin həmin o parça-parça dünyasından onun həyat və ictimai fəaliyyətinin parça və zərrələrini səbr və səbatla bir yerə toplamağa dözülməz zəhmətlər çəkib.

            Doktor Xosrov Paşa Bəy Sultanov Anadolunun həssas müharibə bölgələrində dönməz bir fədaidir, tökülən qanların soy sahibidir, hərbzədələrin həmdərdi, yetim qalmış məsum körpələrə açılan isti qucaqdır.

            Xosrov Paşa Bəyin sızıltılı xatirəsində erməni məzalimi, rus zalımlığı ürəklər göynədir. Bunlardan birini xatırlayan zaman nə vəziyyətə düşdüyünü bütün təfərruatı ilə büruzə verir; Karsın qan ağladığı bir çağında “Qaradaş Yardımı” cəmiyyətinin baş təmsilçisi Doktor Xosrov Paşa Bəy Sultanov bölgənin bir nöqtəsində qanı qanından, dili dilindən olan fələkzədələrin duyduqları məmnuniyyətin kövrək duyğulanmasını belə dilə gətirirdi:,,... Onların ümidgahı və pənahı ancaq bir Allah idi. Bizim adamlarımız ürəkdə məhəbbət, gözlərində həmdərdlik sərkeşi və özlərində qardaşlıq hissi ilə gəldikləri zaman ilk vaxtlar məhəlli əhali çəkmiş olduqları müsibət, görmüş olduqları həqarət və təcavüzə uğramış namuslarına baxaraq, eyni zamanda “ Qardaş köməyi” uzadan əllərin varlığına şad olaraq, deməyə söz tapmır; ancaq “SİZİ ALLAH GÖNDƏRMİŞDİR!” deyirdilər.

            Birdən-birə öz başı bəla girdabında olan Azərbaycandan Anadoluya yardım əlini uzatmış bu mələk xislətli insanların ülviyyətindən çaşıb qalmış insanlar sanki dadlı yuxu görməkdə idilər.

            Onları, doğrudan, Allah göndərmişdi! Zaman-zaman soyluq münasibətlərini itirmiş türklük vicdanlarının səsi ilə ayağa qalxmış, Allahın iradəsi ilə qurtuluş yollarında əl-ələ vermək yolunu tutmuşdular. Nicat ancaq bu birlikdən doğası idi.

           Bu müsibətlərin dilə gətirilməsi nə qədər əzablıdırsa, onlara qarşı dözüm və o zülm-sitəmin ortadan qaldırılması yönündə aparılan mücadilə daha çətin idi.

           Bətül xanım soy faciəmizdən fışqırıb gələn ağlar şeirin kamil sərrafıdır. Ən əsası o dərdlərimizi həssaslıqla araşdırdığından ağrı-acısı bu gün də kəsməmiş müsibətli milli ovqatımızı yaxşı bilir. Sonra da qanlı döyüşlərin tüğyan elədiyi məkanlar şeir-sənət qucağıydı və ürəkparçalayan vəhşiliklərin özü öz ağlar şairlərini bir ucdan yetişdirməkdə idi. Eşitmək ayrı, gözlə görmək bir ayrı. Bətül xanım tədqiqata cəlb etdiyi ən təsirli söz örnəkləri məhz gözdən könülə işləyib, fəryad qoparan bir növ ağunamələrdir. Bu yöndən maya tutmuş yarpağına qan çilənmiş şerlər bir deyil, beş deyil.

          Amma mən burada xanıməfəndinin nədənsə tədqiqata cəlb etmədiyi ( bəlkə də qazi bir şerin) bicə qitəsini misal gətirməyi qərarlaşdırdım: Kağızmanlı Hıfzı Dədənin iyirmi beş bəndlik bənzərsiz qoşmasının  tək bircə bəndini:

        

                                         Bağrımdakı xəncərmidir, oxmudur?!

                                            Mənim dərdim çiçəklərdən çoxmudur?!.

                                            İlahi, bunların dərdi yoxmudur:

                                            Nədən gülər bu divanə çiçəklər?..

            Dərdə bax, Allah!

            Dünya  binnət olandan, adətən, çiçəklər şairlər tərəfindən tərənnüm olunub. Ona acıqlanan, onu gözdən salan kimsə qeydə alınmayıb. Çiçəyi Rəbbimiz könülləri şad etmək üzləri güldürmək üçün xəlq edib!...

            Bəs nə olmuş ki, Hıfzı dədə bütünlüklə şairlərin əksinə olaraq çiçəklərə az qala dərdinin əsas səbəbkarı kimi qanlı-qanlı baxır.

            Bədbəxt Dədə ömrün ixtiyar çağında çiçəklərin ləçək-ləçək,  ayə-ayə Günəşə boylanıb güldükləri yerdə erməni faşistlərinin tüğyan eləyən minbir vəhşətini görüb... Ləçəyinə qan çilənmiş nazlı çiçəklərin ürəyi, insafı  yoxdurmu?!. “İlahi, bunların dərdi yoxmudur?!”  Qırğın saçan silahların uğultusundan dağlar-daşlar qan ağladıqları bir məhşəri qiyamətdə  “Nədən gülür bu divanə çiçəklər?!”  Çiçək olanda nə olar ki?! Çiçəklər axı həssas olur...  Fələkətzədələr istərlər ki, dünyada hər kəs və hər şey onların dərdinə-möhnətinə köklənsin; onlar hər dodağı qaçanı özlərinə düşmən sayırlar... Çiçəklər də güllələnib, ağlamağa məhkum edilmişdilər.

           İnsanlar nələr çəkmişlər bu ağlar bölgədə?!  Kars, Ərdahan, Kağızman, Oltu, Ərzurum, Hasanqala, Hınıs, Van, Ərciyəz, İspir, Ərzincan, İğdır Trabzon və s. kimi bölgələrdə insanlıq dramının qanlı səhifələri insan canilərinin üz arası kimi,  yəqin ki, bundan yüzillər sonra da ittiham gücündə qalacaq!

            Doktor Xosrov Paşa Bəy Sultanovun baş təmsilçi kimi gəldikləri bu bölgələrdə xalqın böyük minnətdarlığını qazanmışlar. Xosrov Paşa Bəyin nümayəndələri odun-alovun içərisində ürəklərinin bir parçası olan məsum hərbzədələrin yaralarına dərman olmağa qeyrət  göstərməyi canlarına minnət bilirdilər.Xosrov Bəy özü hər kəslə birgə hərəkət namınə min canı olmasını diləyirdi.

           Axı onları Allah göndərmişdi!..

           Karsda 8 ay üst-üstə dünyanın o çağında gərgin vəziyyətdə cəbhədən-cəbhəyə yollanırdı.  Rus-Türk müharibəsində ruslar ən çox erməniləri bu bölgələrə yeritmişdi. Ermənilər bunu fürsət bilib, türk əhaliyə ağılagəlməz vəhşiliklərlə divan tuturdu. Doktor Xosrov Paşa  Bəy bunları vaxtında Rusiyaya yazıb bildirsə də, ruslar bu bəşəri cinayətlərə göz yumurdular.

           Ermənilər bir çox bölgələrdə güllə-barıtına qıymır: insanların ayaqlarını başlarına çatıb öldürür; bəzən əhalini qapılarındakı su quyularına töküb, o vəhşətlə qətlə yetirirdilər.

           Hələ nə qədər təfərrüatlı vəhşiliklər məlumdur: Məsələn (Xınısda) körpəni təndirdə qızardıb, ananın qabağına qoyub, yeməsini tələb edirdilər... İnsanı diri-diri sinəsindən divara mıxlayırdılar... 

           Doktor Xosrov  Paşa Bəy bu insanların nicatına işıq yolu arayırdı...

           Bətül Aslan dövrün qeyrətkeş soydaşlarını özlərinin layiq olduğu səviyyədə təsvir etməyə və dəyərlərini insaf ölçüləri ilə göstərməyə bacarığı çatan bir qələm əhlidir!

           Müəllifin, Doktor Xosrov Paşa Bəy Sultanovla bağlı çox mötəbərliklə yazdığı parçaları, fakt və dəyərləndirmələri  bir qədər seçilən şəkildə bu tanıtma yazımda qabartdığımın ayrıca səbəbi var: şüurlu həyatını xalq naminə, dövlətin müstəqilliyi xatirinə fəda etmiş, öz şəxsi taleyindən əl çəkmiş bu adam mənim nəslimin, sözün həqiqi mənasında, karlı ziyalısı olduğunu ilk dəfə  “Qardaş köməyin” də əhətəli şəkildə minnətdarlıqla oxudum. Bətül xanıma hədsiz minnətdarlıq duyğularımı dilə gətirməyə, təəssüf ki, qələm səriştəm  çatışmır.

            Məni qınamayın: insan oğlu dünya səhnəsində, bir növ, nəsli-nəcəbatının keyfiyyət dəyərləri ilə sayılıb seçilir! Bir həqiqətdir ki: iki əl bir baş üçündür!

           Amma başlar da vardır ki: min-min əlin fəaliyyətinə nizam verir; soyunu tarixin amansız dönəmlərindən salamat keçirməkdə örnək üstünlük qazanır, tarixə qarışır.

            Doktor Xosrov  Paşa Bəy Sultanov qədirbilən bir xalqın dərin sevgisinə haqqı olan seçkin içtimai xadimdir! Ərzurumlu bir soydaş ziyalımız onun milli-mənəvi dəyərini dərindən tədqiq edib, həqiqəti üzə çıxarırsa, bu, bizə də bir qeyrətə çağırış meajı deyilmi?!

            Yaxın tariximizin gərəkli səhifələrinə aydın işiq tutan bu dəyərli kitabın Azərbaycanda kütləvi nəşrinə çox böyük ehtiyac duyulur. XX əsrin həm Türkiyə, həm Azərbaycan üçün o qanla yoğrulmuş səhifələrini geniş oxucu kütləsinin nəzərinə çatdırmaq hər zaman faydalı olar. Ulu kişilər tarix təkərrürlərdən (təkrarlardan) ibarətdir, deyiblər. Müsibətlərin təkrarlanmaması naminə o acı rüzgarları unutmamalı, ondan ibrət almalı olan xalqın olub-keçənlərdən gərək ətraflı xəbəri olsun.

           “Qardaş köməyi”nin Azərbaycanda sanballı nəşrinin bir çox cəhətdən əhəmiyyəti vardır.  Köməyimizi dərindən dəyərləndirən  doçent Doktor Bətül Aslan xanıməfəndinin də soydaş qayğısını uca tutub, xalqımıza göstərmək cəhətdən də  gərəkli bir işdir. Bu da bizim minnətdarlıq borcumuz  olardı.

       

      • Hits: 816 clicks

      Tecox component by www.teglo.info