Nə Uğrunda Yarışırıq? / Aqil Əliyev

      Share

      Bu gün çağımızın insanlarında nə isə bir təlaş və yarış gözə çarpmaqdadır.Yolda, bazarda, metroda, avtobusda, bir sözlə hər yerdə insanlar elə bil harasa tələsir, sanki bir-biri ilə yarış halındadırlar.

       Elmin, texnikanın sürətlə dəyişməsi və inkişafı sanki insanları da dəyişimə və sürətli yaşamağa sövq etməkdədir. Sanki onlar da mobil telefonları kimi, internet kimi sürətlə hərəkət etməyə can atırlar. Sürətlə yaşayır, sürətlə qocalır, sürətlə ölür, hətta sürətlə dəfn olunurlar. Bəşər övladı Yaradanından, dindən və mənəviyyatdan xəbərsiz, qəflət içində Uca yaradanın onlara bəxş etdiyi ömür sərmayəsini sürətlə başa vurmaqdadır. Bundan daha böyük ziyan ola bilməz. Sənə həyat bəxş edən, hər cür nemətləri ayaqlarının altına sərən, yer altı və yerüstü sərvətləri ilə səni bəsləyən, hər mövsüm sənin üçün cürbəcür ruzilər hazırlayan Rəbbini unutmaq nə qədər nankorluqdur. Allah-Təala bir ayədə bu gerçəyi vurğulayaraq belə buyurur; “ And olsun ki, insan Rəbbinə qarşı çox nankordur. Şübhəsiz buna özü də şahiddir. O mal-dövlətə də çox hərisdir.” (əl-Adiyət, 6-8)

                  Nankorluqla yanaşı var-dövlətə hərislik də onları bir-biri ilə yarışa sövq etməkdədir. Buradaki ayədən də göründüyü kimi insanlar hər dövrdə var-dövlətə meyil etmiş, sərəvəti bəxş edəni diqqətə almadan, heç ölməyəcəkmiş kimi dünyalıq yığmaq yarışında və həvəsində olmuşdur. Bu gün də eyni mənzərə ilə qarşı-qarşıyayıq. İnsanlar yüksək-yüksək binalar tikməkdə, geniş konfortlu maşınlar almaqda, evlərinin içinin görünüşünü , öz imicini, xarici görünüşünü  tez-tez yeniləməkdə, bir sözlə dünyalıq üçün bir-biri ilə var gücü ilə yarışmaqdadırlar. Hər şeyin başında da var-dövlət yığmaq, bununla öyünmək  gəlməkdədir. Çağımıza işıq tutan müqəddəs kitabımız bu haqda da bizə belə xəbər verməkdədir. Mal toplayıb onu təkrar – təkrar sayan, insanların arxasından danışıb, qaş - göz hərəkətləri ilə lağ edənlərin vay halına! O, malının, onu əbədi yaşadacağını zənn edir.” (əl-Hüməzə,1,2,3)

                  Bəli, elə zənn edir ki, yığdığı var-dövlət ölüm anı gələndə onu xilas edəcək. Yaradanından çox puluna güvənir. Bu da insanı paraya-pula sitayiş etmək dərəcəsinə çıxardır. Eyni zamanda azğınlığa, haramlara düşürür. Bu da ayələrdə belə ifadə olunur: “ Bu bir həqiqətdir ki, insan doğru yoldan azar. Bu da ona görədir ki, o özünü üstün (imkanlı) görməkdədir. (əl-Ələq, 6-7)

      Qeyd etdiyimiz  kimi insanlar arasında bir yarış var. Kimisi var dövlət yığmaq üçün, kimisi oğul-uşaq sahibi olmaq üçün, kimi önəmli bir vəzifəyə sahib olmaq üçün və s. Hər kəs önünə bir hədəf, bir məqsəd qoyub. Bəli, bütün bu saydığımız işlər üçün çalışmaq, səy göstərmək lazımdır. Çünki yaşamaq üçün çalışmaq zəruridir. Amma sadəcə bu dünya üçün çalışıb, axirəti unutmaq, insanı bu dünyada qismən xoşbəxt etsə də axirət müflisinə çevirməkdədir. Hz. Əliyə aid olduğu söylənilən bu kəlam çox ibrətamizdir. “Heç ölməyəcəkmiş kimi bu dünya üçün, sabah öləcəkmiş kimi də axirət üçün çalış.”

      Çox təəccüblüdür ki, müvəqqəti dünya üçün tər tökən insan, əbədi olan axirət dünyasını  heç yada da salmır. Rəbbimizin bizi nə üçün yaratdığı haqqında heç düşünmək də istəmir. Belələrinin yanında ölümdən, axirətdən söz düşdükdə ya heç qulaq asmır, ya da söhbəti dəyişməyə çalışır. Çünki ölümün özünə çox uzaq  olduğunu düşünür. Axirət aləminə isə xəyal kimi baxır. Çünki bu dünyada bir əli balda, bir əli də yağdadır. Hələ o tərəf üçün fikirləşmək tezdir. Özünü də ən ağıllı insan hesab edir. Halbuki Allah Rəsulu (s.ə.s) “- Ağıllı insan ölümü çox xatırlayan və ölümdən sonrası üçün ən gözəl şəkildə hazırlıq görəndir.” (İbn Macə, Zöhd, 31)

      Bəli, hər birimizin sonu var. Neçə il və necə yaşayırsan yaşa, bir gün sən də ölüm şərbətini içəcəksən. Süleyman (ə.s)-a qalmayan dünya sənə də qalmayacaq. O gün dərk edəcəksən ki, qəflət içində ömrünü tükətmiş, axirət üçün heç bir hazırlıq görməmisən. Yenə bu haqda Uca Rəbbimiz belə buyurur: “ Kimin kitabı (əməl dəftəri) arxasından verilərsə, dərhal yox olmağı istəyəcək: alovlu atəşə girəcəkdir. Çünki o, (dünyada) ailəsi arasında (mal-mülk səbəbi ilə) təkəbbürlük göstərmişdi. O, bu vəziyyətinin heç bir vaxt dəyişməyəcəyini və Rəbbinin hüzurunda hesaba çəkilməyəcəyini zənn etmişdi.” (İnşiqaq, 10-14)

      Artıq o gün çox gec olacaq. Nə qədər yalvarıb dünyaya geri qayıdıb varını-yoxunu, nəyin varsa hər şeyini Allah yolunda fəda etmək istəsən belə, sənə elə bir fürsət verilməyəcək və deyiləcək ki, sən onsuz da ordan gəlirsən. Sənə heç xəbərdarlıq gəlmədimi? Fani dünyaya aldanıb, fani şeylərin ardınca düşüb həyatını məhv etdin. Zənginliyinlə öyündün. Niyə o nemət sahibini yada salıb sənə verilənlərdən Allah yolunda xərcləmədin? Yetimin, yoxsulun, ac yatan qonşunu halını düşünmədin? Orada topladığın var-dövlətin bu gün sənə bir faydası olacağınımı zənn etdin?

      Sabah qiyamətdə bu suallarla qarşılaşmamaq üçün bu gün Rəbbimizin sözünə qulaq asıb xeyirli əməllərdə, xeyir işlərdə yarışmalıyıq.

      • Hits: 962 clicks

      Tecox component by www.teglo.info