Haqliya Haqqini Verməmək-Zülm / Dr. Mehman İsmayılov

      Share

      Zülm deyildikdə bir çox insanın ağlına sadəcə əziyyət, işgəncə və s. gəlir. Halbuki zülm çox geniş sahəni əhatə edir. Bəzən insanlar fərqində olmadan da zülm etmiş olarlar.

       İslami ədəbiyyatda zülm “bir şeyi layiq olduğu yerdən məhrum edərək başqa bir yerə qoymaq” şəklində tərif olunur. Zülmün ziddi ədalətdir, o da “hər şeyi yerli yerində etmək, yerinə qoymaq” mənasına gəlir.

      Yəni, zülm haqq edənin haqqını verməmək, haqsıza haqq etmədiyi bir şeyi verməkdir. Allahın qoyduğu sərhədi, həddi keçmək, təyin etdiyi sərhədin xaricinə çıxmaqdır. Yəni, haqq edənin haqqını Haqqın müəyyənləşdirdiyi şəkildə, haqq etdiyi qədər verməmək, haqsıza haqq etmədiyi bir şeyi verməkdir. Zülm, haqqı tərk etmək deməkdir.

      Quranda “zülm” əziyyət, işgəncə və haqsızlıq mənaları ilə yanaşı, əsasən haqdan sapma və həddi aşma mənalarında işlənmişdir:

      “Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalımlardır.” (əl-Bəqərə, 229)

      “Allahın qadağalarını işləyərək insanlar öz (nəfs)lərinə zülm edərlər.” (əl-Bəqərə, 35, 131)

      Quranın üzərində ən çox durduğu mövzulardan olan zülmü alimlər üç növə ayırırlar:

      1- İnsanın Allaha qarşı işlədiyi zülm. Bu, şirk ve küfrdür: İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!" (əl-Ənam, 82) ayəsi nazil olduqda, bu ayənin ifadə etdiyi imana zülm qarışdırma məsələsi səhabələri təşvişə saldı və onlar "Hansımız özümüzə zülm etmədik ki?" -dedilər: Bu vaxt Allah-Təala: "Şübhəsiz ki, şirk böyük bir zülmdür" (Loğman, 31/13) ayəsini endirdi. Beləliklə Ənam surəsinin 82-ci ayəsində keçən zülmdən məqsədin şirk olduğu anlaşıldı (İbn Kəsir, Təfsirul-Quranil-Əzim, Beyrut 1969, II,153).

      2- İnsanlar arasındakı zülm. Bu da insanların öz həmcinslərinə qarşı işlədikləri günah və haqsızlıqlardır. İnsan haqlarının pozulması, təbiətin dağıdılması, insanların məhkəmələrdə, iş yerlərində, başqa yerlərdə haqlarını ala bilməmələri, adam öldürmək, oğruluq etmək və s. zülmün bu növünə daxildir.

      Hz. Məhəmməd (s.ə.s) insanın insana zülm etməsini qadağan etmiş və İslam dinində zülmə yer olmadığını bildirmişdir: “Məzlumun duasından qorxun. Çünkü onunla Allah arasında pərdə yoxdur" (Buxari, Cihad, 180). Heç təsadüfi deyil ki, Rəsulullah (s.ə.s) vida xütbəsində də tez-tez zülmdən uzaq durmağı əmr etmişdir.

      3- Zülmün bir növü də insanın öz-özünə zülm etməsidir:

      “Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.” (ən-Nisa, 64)

      Zülmün bu üç növünü Hz. Peyğəmbər belə izah edir: “Zülm üç cürdür. Bir zülm var ki, Allah onu əfv etməz. Bir zülm var ki, Allah onu əfv edər. Bir zülm də var ki, Allah onun mütləq hesabını soruşar. Allahın əfv etmədiyi zülm şirkdir. Çünkü Allah “şirk böyük bir zülmdür” (Loğman, 13) buyurmuşdur. Allahın əfv edəcəyi zülm; qulların öz nəfslərinə qarşı etdiyii zülmdür. Rəbləri ilə öz aralarındakı işlərdə (əmrə itaət və qadağalara riayət məsələsində) etdikləri xətalardır. Allahın mütləq hesaba çəkəcəyi zülm isə qulların bir-birlərinə qarşı haqsızlıqlarıdır. Allah bunların hesabını soruşar və zalımları cəzalandırar” (Hədislərlə Quran Təfsiri, İbn Kəsir, I/508)

      Hz. Əli (r.a.) sadəcə zalımın deyil, məzlumun da hesaba çəkiləcəyini söyləyərək belə buyurur: “Zülmün iki əsas ünsürü vardır. Birisi zalım, digəri də məzlumdur. Zalım zülm etdiyi üçün, məzlum da zülmə razı olduğu üçün hesaba çəkilər.”

      Quran isə Allahın zalımları sevməməklə kifayətlənmədiyini, eyni zamanda onları lənətlədiyini bildirir:

      “Allaha iftira yaxandan daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər belə deyərlər: “Bunlar Rəbləri barəsində yalan söyləyənlərdir!” bilin ki, zalımlar Allahın lənətinə gələcəklər!” (Hud, 18)

       

      • Hits: 691 clicks

      Tecox component by www.teglo.info