Bernard Şou Və Onun Peyğəmbər Sevgisi / Prof. Dr. Şahin Xəlilli

      Share

      İrland əsilli görkəmli Britaniya dramaturqu, yazıçı və publisisti Bernard Şou (Bernard Shaw (1856-1950) barədə düşünəndə nədənsə onun dahiyanəliklə söylədiyi bir aforizm yadıma düşdü:

       “İnsanlığın problemlərinin üst-üstə yığılaraq həll edilməz bir hal aldığı günümüzdə Həzrət Məhəmmədə hər zamandakından daha çox möhtacıq. Əgər o, içimizdə olsaydı, bütün bu problemləri çox rahatlıqla həll edərdi.”

      XIX və XX əsrlərin 94 ilini ömrünün naxışına çevirən Şou 50-dən çox pyesi ilə dahi ingilis dramaturqu Şekspirdən sonra dünya teatrının yeni tamaşasını – şousunu yaratmışdır.

      Əvvəla, Bernard Şou, Corc Karr Şou və Yelizaveta Qurli Şounun sayca 3-cü övladı və yeganə oğlu idi. Ata Corc topdansatış dən alverçisi olsa da, içki düşkünü kimi öz ailəsini dağıtmışdır.

      Balaca Corc isə 15 yaşında ikən məktəbi tərk edərək torpaq müvəkkilliyində məmurluq etmişdir. Anası Londona köçərək musiqi müəllimi Vandeliz Li ilə uğursuz nikah bağlamışdır. 1876-cı ildə Şou Londonda anası və bacısına (bir bacısı artıq həmin il vərəm xəstəliyindən dünyasını dəyişmişdi) qovuşur. Həyatda böyük çətinliklər və məhrumiyyətlərlə üzləşən Corc 20  yaşında ikən atasının ölüm xəbərini eşidəndə İrlandiyaya getməmiş və onun doğma vətənindən ayrılığı 30 il davam etmişdir. Atalığı musiqi müəllimi Linin dəfn mərasimində iştirak etmədiyinə görə də heç kəs onu nə məzəmmət, nə də ittihametmişdir.

      Şounun pyeslərini yazdığı zaman kəsiyi demək olar ki, 52 ili əhatə edir. Bu, Şekspirin yaşadığı ömrə bərabərdir.

      Onun yazdığı 50-dən çox pyesi nəşr olunmuşdur. Müəllifin həmin nəşrlərə yazdığı çox geniş giriş sözündə düşünən bir insanın qeyri-romantik fikirləri ifadə olunmuşdur.

      Onun pyeslərində dramatik konflikt düşüncə və inamın konfliktidir. Tədqiqatçıların bir çoxları bu fikirdədir ki, Şou protestant olsa da, xristianlığı qəbul etsə də, onun Qərbə-xristianlığa qarşı fikirləri, yumoru və paradoks sevgisi oxucu, tamaşaçı diqqətini özünə ram edən bir müəssisəni xatırladır. Onu dahilik zirvəsinə qaldıran fikir və düşüncələrində bütün insanlığı narahat edən problemlərin yüksək bədii, məntiqi, estetik şərhi və həlli öz aydın ifadəsini tapmışdır. Şou nikbin ruhlu, aforizm və Mövlana sayaq hikmətləri ilə insanları həmişə düşündürməkdədir.

      1926-cı ildə  - O, 70 yaşında “Müqəddəs Coanna” (Sait Joan) əsərinə görə Nobel mükafatına layiq görüldü. Əslində bu, dramaturqun ilk və son faciəsi (1924) kimi diqqəti cəlb edir. Fransanın milli qəhrəman qızı Janna d Arkın simasında müəllifin yeni tipli mövzu və qəhrəmanı onun dünya şöhrətinə işıqlı bir yol açdı.

      Bir sıra tədqiqatçı alimlər Şounun əvvəlcə Nobel mükafatından imtina etdiyini söyləmişlər. 1920-ci ildə öz həyat yoldaşının təhriki ilə yazmağa başladığı pyesə görə ödülün onun şəxsində İrlandiyaya verildiyini söyləyəndə dramaturq qərarını dəyişib ödülü qəbul etmişdi. Mükafatın pulunu götürməkdən imtina edərək onun İsveç ədəbiyyatının İngiltərədə yayılması – tərcüməsi fondunun yaradılmasına sərf etmək qərarını vermişdi.

      1950-ci ilin sentyabrında öz bağında işləyərkən yıxılıb ayağını sındırmışdı. Böyrəyinə düşən infeksiya ilə vəziyyəti bir az da ağırlaşmış, qısa müddətə xəstəxanada qalandan sonra öz evinə ölməyə getmək istədiyini təkid etmişdir. 1950-ci ilin noyabrın 2-də səhər obaşdan 94 yaşında dünyaya göz yummuşdur.

      Onun mülkünə düşən pulun azacıq hissəsi yeni fonetik əlifbanın inkişafı proyektinə, yerdə qalan hissəsi isə Britaniya muzeyinə, Dramatik incəsənət Kral Akademiyasına və Milli Qalereyaya təqdim edilmişdir.

      B. Şounun bir aforizmini xatırladım: “Azdan nəyisə olan bir adam kasıb deyil. Kasıb o adamdır ki, könlündən çox şey keçir.”

      Başqa bir aforizmində isə belə yazırdı: “Əgər getdiyiniz yolda bir çətinlik, maneə yoxdursa, yaddan çıxarmayın ki, o yol sizi heç bir ünvana çatdıra bilməz.” Sözündə “İnsan kərpic kimidir, bişdikcə möhkəmlənir” yazan irland dramaturqunun Şərq dünyasına, İslam Peyğəmbərinə olan hədsiz maraq və məhəbbətindən yaranan müdriklik təntənəsini yazımın iç dünyasına daha bir naxış sandım. Şou yazırdı:

      “... Həzrət Məhəmmədin dini elə bir dindir ki, o, bəşəriyyətin ayrı-ayrı toplumlarını, millətlərini özünə cəlb edə bilər. Mən başa düşür və inanıram ki, Məhəmməd bəşəriyyətin xilaskarıdır. Xilaskar ismi yalnız ona verilməlidir. Mən inanıram ki, istər iç dünyası, istərsə də əməli fəaliyyəti ilə bəşəriyyətə xidmət etməyə qadir misli-bərabəri olmayan Məhəmməd indiki dünyamızın tacidarı olub hökm etsə, bu yeni aləmin bütün məsələlərini həll edər. O, bu qarmaqarışıq dünyada ümumi sülh və ədalətin, eləcə də həyatda xoşbəxtliyin nə olduğunu bəşər oğluna daddıra bilər.”

      Bəşər tarixinin yaddaşında və bugünkü dünyanın hər yurd daşında Həzrət Məhəmməd şəxsiyyəti əsrlərin böyük möcüzəsinə çevrilmişdir. Bütün dünyanın irland yazıçısı, dramaturqu kimi tanıdığı Bernard Şounun Allahın bəşəriyyətə bəxş etdiyi böyük Peyğəmbərə olan sevgisi onun bütün pyeslərində, o cümlədən məşhur “Piqmalion” əsərindəki “Kim haqlıdır” sualını xatırladır. “Mən onu sənin ixtiyarına verirəm” yazan dramaturq oxucusunu, tamaşaçısını dərindən düşünüb, həmin sualın düzgün cavabını verməyi onların öhdəsinə buraxmışdır.

      • Hits: 907 clicks

      Tecox component by www.teglo.info