Həyat Dəftərindən / Afiq İsgəndərov

      Share

      Maşını bir neçə dəfə nasazlandıqdan sonra xarab olmuş və yad yerdə yarı yolda qalmışdı. Bir anda yağmağa başlayan qar artıq qabaq şüşəni örtdüyü üçün ətrafı görmək çətinləşmişdi. Öz-özünə:

      - Yanvar ayında səyahətə çıxmaq sənin nəyinə gərəkdi? -deyirdi. Havaların bir neçə gün günəşli olduğunu görüb yazın gəldiyini zənn etmişdi.

      Səhvini boynuna almalıydı. Hələ bu azmış kimi bir də əsas yolda maşınların çox olduğunu düşünərək kəsə yola girmiş və nəhayət dağın başında çarəsiz qalmışdı.

      Soyuqdan ayaqlarının donduğunu hiss edir və bir-birinə dəyən dişlərinin şaqqıltısını eşidirdi.

      Mütləq bir yerə sığınmalı olduğunu fikirləşdi. Dərhal maşından düşüb ətrafa göz gəzdirdi. Havada uçuşan qarlar gözlərini açmağa mane olurdu. Çətinliklə gözlərini açdı və bir az irəlidə ağacların arasından gələn işıqları görüb sevindi. Dərhal maşının qapılarını bağlayıb ən yaxındakı evə doğru addımladı.

      Yavaşca qapını döydü. Qapını açan kiçik bir qız üzünə təəccüblə baxdıqdan sonra:

      - Ata!.. deyə səsləndi. Bir əmi gəldi.

      İçəridən gələn səs:

      - Buyursun, içəri girsin!

      Səssizcə qapıdan içəri keçdi. İçəridəkilər sobaya olduqca yaxın bir çarpayıda uzanan qoca qadının ətrafına toplaşmışdılar.

      Gözlənilməyən qonaq olduğu üçün halını ərz etmək ehtiyacını hiss etdi. Bu yerlərə ilk dəfə gəldiyini və maşınının xarab olduğuna görə soyuqdan donmamaq üçün onlara pənah gətirdiyini deyəcəkdi. Salam verdikdən sonra:

      - Uzaqdan gəlmişəm, dedi. Maşınım...

      Sözünü bitirməmişdi ki, çarpayıdakı qadın böyük bir çətinliklə yataqdan başını qaldıraraq sevinclə:

      - Sənsən! -dedi. Sənsən, elə deyil? Bilirdim, gələcəyini dəqiq bilirdim!

      Qadının sözlərindən heç bir şey başa düşməmiş və çaşıb qalmışdı. Baş tərəfindəkilərdən biri yanına gələrək:

      - Səni Almaniyadakı oğluna oxşadıb, -dedi. Orada bir alman qadınla evləndikdən sonra uzun illərdir bircə dəfə məktub da yazmayıb. Qadın son anlarında belə onun adını sayıqlayır.

      Olduğu yerdən çarpayıya doğru addımlayarkən, qadın:

      - Bəli, sənsən! -deyə təkrar edirdi. Nəhayət yanına yaxınlaşdı.  

      Yanına gələrək əlini öpdü. Örpəyinin altındakı nur üzü pərdə enmiş gözlərindən süzülən göz yaşları ilə islanmış və parlayırdı.

      Titrəyən əllərini üzünə sürtərək:

      - Bəli, dedi. Mənəm!

      O evdə qaldığı iki gün ərzində özünü onun doğma oğlu imiş kimi aparır, xəyalında canlandırdığı Almaniyadakı işlərindən, gəlinindən, nəvələrindən danışırdı. Danışdıqlarından doya bilməyən ana bəzən xəyallara dalır, sonra təkrar danışmağını istəyirdi.

      Üçüncü günün səhəri qadın vəfat etdi. Onu yaxınlıqdakı qəbiristanlığa dəfn etdilər.

      Qəbiristanlıqdan ayrıldıqda min kilometrlərlə uzaqdan buralara, yüksək dağların başına gəlişinin hikmətlərini dərk edirdi.

       

       

       

       

       

      ŞƏHİD

       

      Eyni kənddə böyüyüb boya-başa çatan iki əsgər Təndürək dağlarındakı səngərdə söhbət edirdilər. Ucaboylu olan əlindəki durbinlə terrorçuların mövqelərinə nəzarət etdikdən sonra, yoldaşına baxaraq:

      -Xahiş edirəm, gördüyün yuxunu bir də danış! -dedi. Bir də qulaq asmaq istəyirəm.

      Digər əsgər bir gün əvvəl gördüyü yuxunu ən az on dəfə danışmasına baxmayaraq, heç etiraz etmədi və gözlərini zirvədəki buludlara dikərək:

      -Yuxuda şəhid olmuşdum, dedi. Allah məni cənnətinə qoymuş və yanımda beş huri vardı.

      Əsgər yoldaşı maraqla:

      -Cənnətə girmişdin, yanında da beş huri vardı, eləmi? -deyə dərindən bir ah çəkdi.

      Yuxunu danışan əsgər hər zamankı kimi ağız dolusu danışmağa davam etdi. Kəndlərindəki buz bulaqlardan da dah duru axan cənnət bulaqlarında, onun kənarında söhbət edən peyğəmbər və övliyalardan, içlərində döyüş yoldaşlarının da olduğu şəhidlərdən danışa-danışa sanki səngərə doğru enən buludların üzərinə çıxaraq uçurdu.

      Əsgər yoldaşı hər dəfəsində bunu sanki ilk dəfə eşidirmişcəsinə maraqla dinləyir və hər dəfə də ona bir təklif etmək istəyir, bir müddət düşündükdən sonra bundan vaz keçirdi. Bu dəfə nəhayət özünü saxlaya bilmədi və yoldaşına:

      -Bu yuxunu mənə satarsan? Nə istəsən verərəm. -dedi.

      -Yuxunu da satmaq olar? -deyə gülümsədi əsgər yoldaşı. Cənnətin gözəllikləri səni də heyran qoydu, deyəsən?

      O isə:

      -Olsun, dedi. Sən yenə də o yuxunu mənə sat. Əvəzində çəkmələrimizi dəyişərik. Səninkilər ayağını sıxır.

      Yuxunu danışan əsgər şiddətli istinin təsirindən bir az da daralan çəkmələrinə baxdı, sonra təbəssümlə:

      -Yaxşı!.. -dedi. Sattım!.. Çəkmələri ver görüm!

      Yuxu ilə birlikdə çəkmələrin sahibi də dəyişdi.

      Və bir neçə saat sonrakı döyüşdə, Ərzurumun ucqar kəndindəki ailəsinə yuxunu satın alan əsgərin şəhid olduğu xəbəri verildi. Yanlarına düşən raket mərmisi bir-birindən ayrılmayan iki dostun birinə heç bir xəsarət yetirmədiyi halda, digərini həsrətlə gözlədiyi şəhidlik məqamına qovuşdurmuşdu.

      Yuxunu görən əsgər onun qanlı cəsədini qucaqlayaraq:

      -Muradına çatdın, dedi. Qovuşdunmu hurilərinə?

      Yerdəki əsgərin üzündə nurani bir təbəssüm vardı. Əsgər yoldaşı onun əlindəki silahı götürmək üçün ona doğru əyilərkən şəhidin sağ ovucu açıldı. Və barmaqları “beş” işarəsini göstərdi.

       

         

      • Hits: 790 clicks

      Tecox component by www.teglo.info