Nəsihət İstərsən!Ölüm Yetər / Hacı Arif Heydəroğlu

      Share

      Xəstə ziyarətinə gedən deyil,

      ziyarətinə gəlinən sən olsaydın...

      Öləni seyr edən deyil,

      ölümü gözləyən sən olsaydın...

      Təlqin edən deyil,

       təlqin verilən sən olsaydın...

      Daim nəfəs alıb-verən deyil,

       son nəfəsi verən sən olsaydın...

      Ölüm həqiqətini görən deyil,

      yaşayan sən olsaydın...

            “İnna lillah...” -deyən deyil,

      “İnna lillah...” deyilən sən olsaydın...

      Çənə bağlayan deyil,

       çənəsi bağlanan sən olsaydın...

      Pal-paltarını soyan deyil,

       paltarı soyulan sən olsaydın...

      Tənəşirə qoyan deyil,

      tənəşirə qoyulan sən olsaydın...

      Cənazəni yuyan deyil,

       cənazəsi yuyulan sən olsaydın...

      Ölünü kəfənləyən deyil,

       ölüsü kəfənlənən sən olsaydın...

      Tabuta qoyan deyil,

       tabuta qoyulan sən olsaydın...

      Meyyit namazını qılan deyil,

      meyyit namazı qılınan sən olsaydın...

      Halallıq verən deyil,

      halallıq istəyən sən olsaydın...

      Cənazəni aparan deyil,

       cənazəsi aparılan sən olsaydın...

      Gözyaşı tökən deyil,

       gözyaşı tökülən sən olsaydın...

      Meyiti qəbirə endirən deyil,

       meyiti qəbirə endirilən sən olsaydın...

      Qəbirdə təkbaşına qoyan deyil,

      qəbirə təkbaşına qoyulan sən olsaydın...

      Məzarlıqdan qayıdıb gedən deyil,

       eyvah, ölmüşəm deyən sən olsaydın...

      Sorğusu asan olan deyil,

      Mələklərə cavab verə bilməyən sən olsaydın...

      Cənnət bağçasında olan deyil,

      Cəhənnəm çuxurunda qalan sən olsaydın...

       

      Ne edərdin?

      Heç düşündünmü?

      İnsan tamahından daim dünyaya bağlı yaşayarsa, qəbir ona qaranlıq dəhliz kimi görünər. Ölümün dəhşəti heç bir şeylə müqayisə edilə bəilməyəcək dərəcədə onu sıxar. Vəziyyət belə ikən insan bəzi əsaslara riayətlə mənliyini aşar və ruhunda gizlənmiş mələklik sifəti istiqamətində mərhələlər qət edərsə, uca olan Rəbbə vüslətin məcburi bir şərti kimi görünər. Beləliklə əksər insanlarda soyuq ürpərməyə səbəb olan ölüm könüllərdə “rəfiqi-əlaya,” yəni ən uca dosta qovuşma həyacanına çevrilər.

                  O zaman ölümü gözəlləşdirmək lazımdır.

      Bu da Həzrət Məhəmmədin “Ölmədən əvvəl ölün!”- öyüdünün sirlərini və səbəblərini dərin düşünüb, axirət azuqəsini ona görə hazırlamaqla mümkündür.

                  Tövbə: Tövbə iradəsiz dönüş olan ölüm gəlməmişdən əvvəl iradəli şəkildə Allaha dönüşü ifadə edir. Tövbə qulun Allah ilə özü arasında olan əngəlləri peşmanlıqla aradan qaldırmasıdır. 

                  Həzrət Mövlana deyir: “Peşimanlıq odu ilə dolu bir könüllə, yaşlı gözlərlə tövbə et! Çünki çiçəklər günəşli və nəmli yerlərdə açarlar.” 

                  Zöhd: Dünyanın nemətlərindən qəlbən əl çəkə bilməkdir. Zöhdün həqiqəti qeyri-iradi ölümdən əvvəl iradi olaraq ələlxüsus maldan və candan gəlbən ayrılmaqdır.

                  Füdayl bin İyaz deyir: “Hər kəsi qəflət yuxusunda uyudan bu gəldi-gedər dünya qızıldan, əbədi olan cənnət də torpaqdan ibarət olsaydı, ayıq olan adamlar qızıldan ibarət olanı deyil, torpaqdan ibarət olanı seçərdilər.”

                  Təvəkkül: Ölmədən əvvəl bəndənin Rəbbinə sığınması və təslim olmasıdır. Təvəkkül tədbir və təşəbbüsləri bir kənara atmaq deyil, əksinə onlara istinad etdikdən sonra Allahın qüdrətinin əyan olmasına sığınmaqdır.

                  “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.”[1] “Əgər möminsinizsə, Allaha təvəkkül edin!” [2]

                  Qənaət: Ehtiyacdan artığa yol verməməkdir. Ölümlə məcburi bir qənaət iqliminə girilir. Zənginliyin həqiqi ölçüsü bilavasitə qənaət, ilahi bölgüdən razı qalmaq və özündən imkanlıları qısqanmamaqdır. Könül zənginliyinin ləzzətini yalnız və yalnız qənaət ilə dadmaq olar.

                  “Qənaət bitməz – tükənməz bir xəzinədir!” [3]

                  Üzlət: Gedilən yolda zirvəyə çatmaq üçün şərt olan üzlət, qəlbi dünyəvi əlaqələrdən mümkün qədər təcrid edərək Allaha yönəldə bilməkdir. Seyri-süluk yolunda üzlət, bir küncə çəkilib hər kəsdən və hər şeydən əlini-ətəyini üzmək deyil, əksinə xalq içində Rəbbinin yanında ola bilmə halını yaşamağı bacarmaqdır.

      Zikr: Sevilənin qəlbdə yerləşməsi onun xatırlanması ilə mümkündür. Yad etmək nə qədər çox olsa, məhəbbət də o nisbətdə çoxalar. Allahı zikrin qəlbdə məkan tutması ilə mömində qulluq görüntüləri kamala doğru istiqamət götürür.

      “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar.” [4]

      Təvəccöh: Allahdan qeyri hər cür cəlbedici dəvətdən uzaqlaşmaqdır. Saleh bir bəndənin Rəbbindən başqa həqiqi mənada nə bir istəyi, nə dostu, nə də məqsədi ola bilər. Həqiqi səadət dünya həyatında Allaha və Onun rizası olan hər şeyə tam təvəccöh etməkdir.

      Səbir: Nəfsin xoşa gəlməyən və iztirab verən hadisələr qarşısında sükunətə qərq olub Haqqa təslim olmasıdır. Bəndəni Allahın rizasından uzaqlaşdıracaq hər şeyə qarşı səbir etmək çox mühümdür.

      “Allah hökm verənə qədər səbir et!” [5]

      Müraqəbə: Müraqəbə qulun özünü hər an ilahi nəzarətdə təsəvvür edərək günahlardan uzaqlaşmasıdır. Bütün kainatda yalnız Allahın külli iradəsi və ilahi nizamı vardır. Bəndənin də ölmədən əvvəl bu ilahi nəzarətin əhatə dairəsində olması,  onun qulluğunun səviyyə qazanması baxımından mühümdür. Qul bu təsəvvür və təfəkkür içərisində: “Nəfsini bilən Rəbbini bilər”-sirrinə nail olaraq Allaha yönəlmiş olar.

      Riza: Bəndənin, öz nəfsinin razılığından ayrılıb Allahın razılığı çərçivəsində yaşamasıdır. Riza şüurun qəlbi təsfiyə və nəfsi təzkiyə etməsi nəticəsində səviyyə qazanmasıdır. Beləliklə bəndə aldadıcı və fani əşyanın əsarətindən azad olub yalnız və yalnız Haqqa ram olar. Böyük bir mənəvi şövq içində bu ifadədəki incəliyə qovuşar:

      “Xoşdur mənə Səndən gələn

      Ya qönçə gül, yaxud tikan!

      Ya xilətü yaxud kəfən

      Lütfün də xoş, qəhrin də xoş” 

      Təfəkküri-mövt: Ölümü düşünmək olan təfəkküri-mövt, qeyri-iradi olaraq ölüm gəlməmişdən əvvəl ölümü xatırlamaqdır. Beləliklə nəfsə qul olmaqdan uzaqlaşıb şüurlu şəkildə Rəbbin hüzuruna hazırlanmaqdır.

      Hər məzar daşı sükutu və ölüm dili ilə danışan alovlu bir nəsihətçidir. Qəbiristanlıqların şəhər daxilində və yol kənarlarında salınması bir növ əməli şəkildə təfəkküri-mövt (ölümü yada salmaq) üçün deyildirmi?

      Dünya aldadıcı bir ilğım, axirət isə ölümsüz / əbədi bir həyatdır. Ölüm hər bir insanın xüsusi qiyamətidir. Qiyamətimizdən əvvəl oyanaq ki, peşmanlıq çəkənlərdən olmayaq.[6]

      Hacı Arif Heydəroğlu

      haciceylan@yahoo.com

       

       


      [1] Talaq surəsi, 3-cü ayə

      [2] Maidə surəsi, 23-cü ayə

      [3] Dəyləmi

      [4] Rəd surəsi, 28-ci ayə

      [5] Yunis surəsi, 109-cu ayə

      [6] Osman Nuri Topbaş, “Məhəbbətdəki Sirr”

       

      • Hits: 1012 clicks

      Tecox component by www.teglo.info