Qəhrəmanliq Salnaməsi / Ülvi Məmmədov

      Share

      O qanlı şənbə gecəsindən bizi iyirmi il ayırır. Azərbaycan xalqının milli azadlıq hərəkatı fədailərinin vəhşicəsinə şəhid edildiyi 20 Yanvar gecəsini düşündükcə müxtəlif fikirlər gəlir insanın ağlına.

       Aradan iyirmi il keçməsinə baxmayaraq Vətən uğrunda canlarından keçən bu fədailərin xatirəsi hələ də öz təzəliyini qoruyub saxlamaqdadır. Bu gün sürətlə inkişaf edən, gündən-günə çiçəklənən Azərbaycanımızın hər qarışında onları görmək mümkündür. Onlar əsarətə qarşı bir yumruğa dönən xalqın önündə gedən igid oğullarımız və qızlarımız idi. Bu torpaq azadlığa çıxmadan onların müqəddəs qanları ilə yuyularaq düşmən kirindən təmizləndi.

      Şəhidlik müqəddəs zirvədir. Çünki şəhidlər yüksək amal uğrunda canlarından keçən ülvi insanlardır. Məhz buna görə də ilahi kitabımızda “şəhidlər ölməz, onlara ölü deməyin, onlar diridirlər” buyurulur. Onlar elə bizim qəlbimizdə də daim yaşayırlar. Hər bir azərbaycanlının Sovet müstəmləkəsindən azad və firavan olmasında onların rolu əvəzolunmazdır. Onlar bu xalqa, bu vətənə olan borclarından çox-çox artıqlamasıyla çıxdılar. Qədirbilən xalqımız və Azərbaycanın inkişafına, dünyada tanınmasına böyük xidmətlər göstərən müdrik prezidentimiz İlham Əliyev cənabları hər zaman şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir və onları gələcək nəsillər üçün bir nümunə göstərir. Bu gün paytaxtımız Bakıya gələn hər bir rəsmi qonaq ilk ziyarətini oradan başlayır. Çünki Azərbaycanın müstəqilliyi də oradan başlayır. Bu da azadlıq fədailərinə göstərilən misilsiz hörmətin, ehtiramın bir nümunəsidir.

      Azərbaycan xalqının başı çox bəlalar çəkib, dəfələrlə yadelli təcavüzlərə məruz qalıb. Amma bütün sınaqlardan üzüağ çıxıb. Heç bir zaman düşmən qabağında əyilməyib, sınmayıb. Qanlı Yanvar faciəsi şəhidlərimizsə tarixən keçdiyimiz qəhrəmanlıq salnaməsinin simvoluna çevriliblər. Bu gün Azərbaycanın elə bir şəhəri, elə bir rayonu yoxdur ki, orada 20 Yanvar şəhidlərinə abidə ucalmasın. Çünki

      Onlar susdurulan haqqı dindirər,

      Qaraca torpağı qiymətləndirər.

      Donan vicdanları qeyrətləndirər,

      Axı, el qeyrəti çəkdi ŞƏHİDLƏR

      • Hits: 1040 clicks

      Tecox component by www.teglo.info