155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Sevginin Canlı Nümunəsi / Dr. Abbas QURBANOV

      Share

      Alimlərin, ariflərin və elm adamlarının yolunu getmək heç şüphəsiz ki, əbədi olan həqiqətin yolundan getmək deməkdir. Bu insanlar vasitəsi ilə əbədi olan

       həqiqətin izində olmaq hər bir insan üçün şərtdir. Çünki onlar əbədi həqiqətin təmsilçiləridirlər. Onlar izlərində olanları doğru yolla haqq istiqamətinə aparan rəhbərlərdirlər. Elə buna görədir ki, dinimiz alimin mürəkkəbini şəhidin qanı qədər yüksəkdə tutmaqdadır. Tarix boyu yaşamış bəzi şəxsiyyətlər bu yolu biz insanlar üçün aydınlatmış, bizi qaranlıq və sonu uçurum olan istiqamətdən uzaqlaşdırmışdır. Belə alim, mütəfəkkir, filosof və Haqq aşiqi insanlardan biri də Mövlana Cəlaləddin Rumidir.

      Mövlana “mən Hz. Məhəmməd (s.ə.s)-in yolunun tozuyam”- deməklə getdiyi yolun izini, böyüklüyünü, mənasını, ağırlığını, məsuliyyətini göstərmiş və son nəfəsinə qədər də bu yolda olmuşdur. Qələmə aldığı əsərləri ilə biz insanlara bu yolu təbliğ etmiş və göstərmişdir. Onun sevgi ilə yoğrulmuş dilinə və həyat anlayışına zamanından asılı olmayaraq hər bir insanın ehtiyacı vardır. Çünki Mövlana hər kəsi həqiqətə və ədalətə çağırmış və bunun üçün sanki ney kimi inləmişdir. Tarix boyu bu iniltiyə qulaq asan minlərlə insan haqq yolunu tapdı, İslamı qəbul etdi və müsəlman oldu. Mövlana aşiqi olan hər bir insanın ruhu cismindən ayrılar, göylərdə səma etdikdən sonra Uca Yaradana yaxınlaşar. Mövlana dərgahında ən qəddar ürəklər əriyər və su kimi axaraq saflaşar. Onun yanında söz yerini mənaya, əbədi vüslətə və musiqiyə verər. Ölümü “şəbi arus” yəni toy gecəsinə oxşadan Mövlana bu dünyanın müvəqqəti və keçici olduğunu dilə gətirərək əbədi həyatı üstün tutmuşdur.

      Mövlananın həyat pirinsipləri arasında kin və nifrətə yer yoxdur. Bu elə bir dəyərdir ki, müasir günümüzdə bütün dünyanın bu dəyərlərə çox ehtiyacı vardır. Elə buna görə də Mövlana insana eşq güzgüsündə özünü seyr etməyi söyləyir. Mövlana “Allah-Təala məni eşqin şərabından (məcaz olaraq) yaratmışdır”- deyir. Bununla o, yaradılmışların ən dəyərlisi olan insanı ucaltmaqla layiq olduğu yeri qazanmağa çağırmışdır. Necə ki, Fərhad Şirini üçün eşq naminə mümkün olmayan dağı yarmağa başlamışdır, Mövlana da insanları daxili aləmlərinə baxmağa çağırmışdır. İnsan ruhunu saflaşdırmalı və Uca Yaradanına layiq olmalıdır. Elə buna görə də bu gün minlərlə insan onu oxumağa davam edir və onun yolunun təqibçisidir. İrfan sahibi olmaq istəyən insanlar onun yolunun qulu olmağa çalışmışdır. Bu gün minlərlə insanın Mövlana aşiqi olması və onu oxumasının sirri və hikməti də elə budur.

      Mövlana İslam dünyasının ən amansız hücumlara məruz qaldığı zamanlarda səlib yürüşlərinin və monqol istilalarının tüğyan etdiyi şəraitdə hər kəsin ümidsizliyə düşdüyü bir vaxtda “Bizim dərgahımız ümidsizlik yeri deyildir”- deyib gələcəyə yeni  bir qapı açmışdır. O, hər kəsin həqiqətdən nəsibinin olduğuna inandığı üçün hamıya ürəyinin qapısını açmış və kimsəni bu qapıdan qovmamışdır. Bununla o, insanların qəlblərinə İslamın ruhunu yerləşdirmiş, bədənin arzularından uzaqlaşaraq ruhun ucalığına çatdırmağa çalışmışdır.

      Ruhunu Allaha təslim edən Mövlananın cənazə mərasimində on minlərlə müsəlmanla bərabər on minlərlə də qeyri-müsəlman iştirak etmişdir. Çünki o, böyük eşq insanı idi, bu eşqi ilə minlərlə insan könlünü fəth etmiş və hələ də etməkdədir. Onun insana qiymət verən fəlsəfəsi yüz illəri aşaraq günümüzə qədər çatmış, gələcək nəsillərə də yol göstərəcəkdir.

      Lakin bu gün dünyada bəzi qüvvələr sahib olduqları hakimiyyət, pul və silaha güvənərək bütün dünyaya hakim olacaqlarını düşünürlər. Sədi Şirazi deyir.

       

      Məzlumun qurumuş dodağına söyləyin gülsün

      Zalimin dişləri əlbət çürüyəcəkdir.

       

      Tarixdən özünə arxayın çox insan keçdi. Amma heç biri Mövlana qədər yaddaqalan və xatırlanan olmadı. Çünki heç kim başqasına zülm edərək ədaləti bərqərar edə bilməz. Elə buna görə də bütün müsəlmanlar dünyaya dostluğu, qardaşlığı, sülhü, ədaləti və sevgini yaymaqla məsuldur və bundan qətiyyən vaz keçməməlidir. Öz alovu ilə başqa bir şamı da yandıran şam heç bir şey itirməz, əksinə onda olan işiğın daimi olmasına və onun daşıdığı missiyanın davamına səbəb olar.

       

      Quru duadan əl çək! Ağac istəyən, yerə toxum əkər. Qaranlıq dünyamızda var olan işıqları söndürmək əvəzinə olanların sayını artırmaq və daha çox insanın aydınlanmasına çalışmaq lazımdır. Çünki dinimiz olan İslam comərdlikdə axan su kimi olmağı istəyir. Yaradılmışların ən şərəflisi olan insana yaraşan da elə budur. Müsəlmanın vəzifəsi tərtəmiz olan bu dünya torpağına təmiz sevgi ilə toxum əkməkdir. Çünki əkdiyi bu toxum onun əbədi dünyasını qurtaracaqdır.

      • Hits: 792 clicks

      Tecox component by www.teglo.info