Millət Vəkili, Fəlsəfə Üzrə Fəlsəfə Doktoru Fazil Mustafa ilə Reportaj

      Share

      Millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru  FAZİL MUSTAFA: “Ən böyük milli-mənəvi dəyərimiz İslamdır”

      İrfan jurnalı: Fazil müəllim, artıq oxucular sizin bir çox neçə kitabınızla tanışdır. Bu yaxınlarda işıq üzü görən “Azərbaycan türklərinin dini-fəlsəfi dünya görüşü: fəlsəfi aspekt” adlı kitabınız hansı zərurətdən doğru?

      Fazil Mustafa: Cəmiyyət siyasi lider mövqeyinə iddialı olan şəxslərin yalnız güncəl problemlərə münasibəti ilə deyil, həm də onların dünyagörüşləri, ideoloji baxışları, milli dəyərlərə yanaşma üslubları ilə yaxından tanış olmaq istəyir. Bu baxımdan biz də cəmiyyətə müxtəlif janrda olan əsərlər formatında öz görüşlərimizi təqdim etməyi zəruri sayırıq. “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt” əsəri bizim din sistemimizin tarixi inkişafı və mövcud durumu ilə bağlı ümumiləşdirilmiş baxışlarımızı ifadə edir və bu aktual mövzuda apardığımız tədqiqatlardan biri kimi oxucuların müzakirəsinə verilir. Bu kitabın ərsəyə gəlməsində əsas zərurət cəmiyyətimizin tarix boyu əxz etdiyi və yaşadığı dini həyatın ictimai tərəqqimizə mane olacaq bir səviyyəyə çatmasına olan etirazla bağlıdır. İslam kimi mütərəqqi bir dinin gerçək mahiyyətindən uzaqlaşmanın fəsadlarının ortadan qaldırılması istiqamətində görüşlərin irəli sürülməsi, dini dünyagörüşümüzün yanlış təsəvvürlərlə doldurulmasının tənqidi hər halda yeni və faydalı müzakirələrin başlamasına imkan yarada bilər. Bütün hallarda müharibədə məğlub olmuş, müəyyən tarixi itkilərə məruz qalmış bizim kimi yeni cəmiyyətlərin dirilişinin tək yolunun doğru bir iman anlayışından keçdiyini vurğulamamız təsadüfi sayılmamalıdır.  Kitabın ana xətti doğru iman sisteminin açılışı üzərində qurulmuşdur.

      İrfan jurnalı: Bir millətin formalaşmasında dini kimliyin rolu nə kimi əhəmiyyət kəsb edir?

      Fazil Mustafa: Hər bir insan üçün onun milli kimliyi ən mühüm dəyər ola bilər. Ancaq əxlaq komponentləri ilə təhciz olunmamış bu milli kimliyin bəşəriyyət üçün faydalı fenomenə çevrilməsi mümkünsüz görünür. Bu zaman artıq dinin təqdim etdiyi əxlaqın hansı keyfiyyətdə mənimsənilməsi xüsusi önəm daşımağa başlayır. Sadə şəkildə desək, dinləri insanların milli kimliyinın keyfiyyət göstəricisi kimi tanıtmaq mümkündür. Bu baxımdan da “ən gözəl əxlaqın tamamlayıcısi” olaraq tanınan İslam dininin Azərbaycan cəmiyyətində doğru anlaşılmamasının acı nəticələri barədə müzakirə açmalı oluruq. Bəzilərinin “Allahın dini” əvəzinə “Ərəbin dini” deyə təhrif etdikləri, şəkilcə müsəlman kimliyinə bürünüb mahiyyətcə İslam əxlaqına tərs bütün neqativ görüşləri yaşayan bir cəmiyyətin  formalaşmasında təbii ki, dinin prinsiplərinin təsirləri böyükdür, ancaq bu təsirlər arzuladığımız ədalətli münasibətlər sisteminin yaranmasına gətirib çıxarmamışsa, demək ki, bu sahədə bir natamamlıq var. Bu yarımçıqlığımız mükəmməl saydığımız İslamdan deyil, bizim İslam haqqında yanlış təsəvvürlərimizdən qaynaqlanır.

      İrfan jurnalı: Bu gün Azərbaycan müxtəlif sahələrdə inkişaf etməkdədir. Eyni zamanda dini sahədə də bu kimi dəyişikliklər müşahidə olunur. Sizcə dini kimlik məsələsində Azərbaycan modeli necə olmalıdır?

      Fazil Mustafa: Azərbaycanda təbii olaraq din sistemində çox maraqlı təzahürlər ortaya çıxır. İlahiyyat profilli məktəblərin, dini biliklərə sahib adamların sayının artması, dini ədəbiyyatın sürətlə yayılması son illərdə daha çox müşahidə olunur. Bununla yanaşı Azərbaycanın din modelinin arayışları da cəmiyyət həyatının bütün sferalarında diqqətlə izlənilir. Hicablı şəkil, hicablı təhsil və başqa mövzular hələ də gündəmdə aktuallığını saxlayır. Fikrimcə, bu məsələlərin müzakirəsi, müxtəlif təklif və təşəbbüslərin ortaya qoyulması narahatçılq doğrmamalıdır. Doğru modelin tapılması üçün müxtəlf görüşlərin ələkdən keçirilməsi ancaq faydalı olardı. Bütün hallarda Azərbaycanda bu sahədə əsas problem özünəməxsus modelin tapılmasında deyil, tarixən formalaşan adətlərlə dinin dəqiq sərhədlərinin müəyyən olunmasıdır. Cəmiyyətimiz Quran İslamından daha çox Mərasim İslamı yaşamaqdadır ki, bu da zehnlərdə olan qarışıqlığın əsas səbəblərindəndir.

      İrfan jurnalı: Sizcə, Azərbaycan gənci əcdadımızın çoxəsrlik milli-mənəvi irsinə söykənərək inkişaf edirmi?

      Fazil Mustafa: Azərbaycan gəncliyi üçün ilk növbədə dinin, tarixi-milli dəyərlərin gerçək mənasını anlamaq vacibdir. Bunun doğru aşılanması isə təhsil sisteminin əsas vəzifələrindən olmalıdır. Təəssüf ki, bu biliklərin əldə olunması üçün müəyyən əngəllər və bir sıra halda istəksizlik də var. Hansı gənclik formalaşdırılması bütün cəmiyyətlərin qarşısanda duran və cavabı çətin tapılan suallardandır. Hər halda mənim düşüncəmə görə ən böyük milli-mənəvi dəyərimiz İslam dinidir və Azərbaycan gəncliyi iman yönü ilə möhkəmlənməsə öz ölkəsinin aparıcı gücünə çevrilə bilməyəcək.    

      • Hits: 960 clicks

      Tecox component by www.teglo.info