155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Hicazda Ramazan / Lokman Helvacı

      Share

      Peyğəmbərlərin xatirələriylə dolu və bəzi ümmətlərin ibrətli aqibətlərinə məkan olmuş bölgələrdə edilən ibadətlər,

       içərisində Qədr gecəsi də olan Ramazan kimi bir ayda gerçəkləşərsə imanın şirinliyi də ən zirvə nöqtədə hiss edilər.

      Zamanın hakim olduğu oruc ibadəti günün yarısından çoxunu oruclu keçirərək, gecəsində sahuru ilə oruca hazırlanaraq bir ay ardarda tutulmasıyla da müdhiş bir riyazət yükləməsi edildiyi üçün bəlkə də ehsan duyğusuna çatmaq üçün ən təsirli ibadət növüdür. Çünki oruca yeni alışdırılan bir uşaq belə tənha qaldığı halda heç nə yeməməyi ailə içində öyrənib tətbiq edərkən şüur altına yerləşdirilən şey Allahın onu görməsindən başqa bir şey deyildir. Bu isə tam mənasıyla ehsan duyğusudur.

       Ehsan duyğusunu güclü yaşadan oruc bir də Mədineyi-Münəvvərə və Məkkeyi-Mükərrəmə kimi bir məkanda tutularsa, bu o deməkdir ki, ən müqəddəs zaman kəsiyi ən müqəddəs məkanla qovuşur. Yəni ehsan keyfiyyətində bir oruc yenə ehsan halında namaz və ehsan ümmanı ümrə ilə qovuşduqda ortaya hansı mənzərənin çıxacağını siz düşünün.

      Mədinədə görüşdüyümüz Əbu İsmayıl ər-Riyadi adlı bir nəfər ümrə üçün Məkkəyə gedəcəyimizi eşidincə bizi xəbərdar edərək belə demişdi: Məkkənin bir adı da Ümmül-Quradır, yəni Şəhərlərin Anası. Kəbənin bir mənası isə məmə deməkdir. Əgər siz 1-2 yaşlı körpələrin bələndiyi ağ bələklər kimi ehramlarınızı geyərək sanki ananızın məməsindən bəslənməyə gedəcəksinizsə, buradan ancaq bir şərtlə doymaq olar ki, o da anasından süd əmən körpənin paklığı ilə Kəbəyə getməkdir. Süddən kəsilmiş bir uşaq kimi getsəniz az istifadə edərsiniz.

      Hicazda Ramazanı Həcc mövsümü ilə müqayisə edərsək ən üstün cəhəti şeytanların Ramazanda zəncirə vurulmuş olmalarıdır hər halda. Çünki həcc mövsümündə hacılar üç gün boyunca şeytana daş atmaqla mükəlləfdirlər. Çox vaxt da şeytanın hacılarımızın səbir kasasını doldurduğunu zəvvarlarımız yaxşı bilirlər. Ayrıca həccin məkanı da müəyyəndir (Ərəfat, Müzdəlifə, Mina…), zamanı da. Xüsusi günlərdə bütün hacılar bir yerə toplaşdığı üçün müəyyən sıxıntılarla qarşılaşılır. Ümrədə isə əksinə, daha çox təfəkkür və mənəvi dərinləşmə fürsəti yaxalamaq mümkündür. Təbii ki, həcc də ümrə də istifadə edənlər üçün çox zirvə ibadətlərdir. Hərəsinin öz yeri var…

      Şəxsən öz adıma bunu ifadə edim ki, builki Ramazan ayı həyatımdakı daimi qulluq şüurunu hiss etdiyim çox özəl bir zaman oldu.

      Düşünün ki, bir gününüz ikindi namazından sübh namazına qədər başdan-ayağa ibadətlə keçir. İftar süfrəsində yerinizi alıb təxminən 3 cüz Quran oxuyaraq, təsbihatla məşğul olarkən bir də görürsünüz ki, hər kəs əlindəki Mushafları rəflərə qoymağa başlayıb. Elə isə dua vaxtı gəlmişdir. Artıq könlünüzdən, dilinizdən nə tökülərsə… Aclıqdan iy gəlsə də Rəbbinizin müşk kimi qəbul etdiyi ağzınızdan çıxan sözlər “Allahummə, innəkə afuvvun kərimun, tuhibbul afvə, fə’fu anni – Allahım, şübhəsiz ki, Sən əfv edənsən, kərəm sahibisən, əfv etməyi sevərsən. Nə olar məni əfv et...”, “Allahummə ləkə sumtu və bikə əməntu və alə rizqikə əftartu – Allahım, Sənin üçün oruc tutdum, Sənə iman gətirdim, Sənə təvəkkül etdim və Sənin verdiyin ruziylə orucumu açdım…” sözləridir. Bəlkə yarım milyon adamın eyni duanı oxuduğunu eşidərsiniz o anda. Sanki hamı bir-birinə şahidlik edir.

       Orada hər kəs iftar verməyə çalışır. Qəflətən kiminsə qolunuza girib israrla sizi aparmağa başladığını görsəniz heç təəccüblənməyin. Cəmi-cümlətanı 10 dəqiqədən artıq çəkməyən iftarda 7-8 xurma, bir az qatıq və kiçik bir kökə iki stəkan zəmzəmlə qovuşunca artıqlamasıyla doyduğunuzu hiss edərsiniz. Bəzi süfrələrdə ərəb qəhvəsi, bəzilərində Mədinənin nanəli çayı da ikram edilir.

      İftardan sonra dəstəmaz təzələmək üçün otelinizə gəldiyinizdə suisidicinizdə qaynadacağınız suyla bir stəkan çay içəcək qədər çox az bir vaxtınız vardır.

      Artıq namazın da dadını almaq zamanı gəlmişdir. Hər rükətində 1 səhifədən az Quran oxunmayan təravih namazı yatsı ilə birlikdə 2 saatdan az çəkmir. Tədili-erkanı da eyni mütənasiblikdə. Artıq namazınız da təfəkkür dolu, ehsana qapı açan bir namaz olmağa başlamışdır. Təravihdən sonra saat 1-də başlayacaq olan təhəccüd namazına 2 saata yaxın zaman qaldığı üçün yatmağa imkan olmayan bir zaman kəsiyindəsiniz artıq.

      Təkrar hazırlanıb gəldiyiniz və camaatla qılacağınız təhəccüd namazı vitrlə birlikdə 11 rükətdir. Amma nə namaz! Peyğəmbər (s.ə.s)-in ayaqlarının şişənə qədər qiyamda qalmasının kiçik bir təmsilini yaşayırsınız. Uzun rükular, ondan daha uzun səcdələr sizi Allaha bir az daha yaxınlaşdırmışdır artıq. Hz. Peyğəmbərin təhəccüddə, səcdədə hıçqıra-hıçqıra ağlayaraq “Allahummə əuzu biridakə min səxatik və bimüafətikə min uqubətik və əuzu bikə minkə lə uhsi sənaən aleykə, ənkə kəmə əsneytə alə nəfsik – Allahım, Sənin qəzəbindən Sənin rizana, cəzalandırmandan əfvinə sığınıram. Allahım, Səndən yenmə Sənə sığınıram. Səni öyməkdə acizəm. Sən özünü necə öydünsə eləsən.” (Muvatta, Salət, 222) deyişini Məscidi-Nəbidəki təhəccüdün səcdələrində təkrar etməniz və Onunla eyni hissi yaşamağa çalışdığınız səcdələr şübhəsiz ki, Rəbbimizin “səcdə et və yaxınlaş” dediyi səcdələrdir…

      Şahid mələklərin də iştirak etdiyi sübh namazına qədər “onlar səhər vaxtlarına qədər istiğfar edərlər” ayəsinə əməl etmək üçün kifayət qədər vaxt var. Sübh namazını qıldıqdan sonra günortaya qədər istirahət etməyi bədəniniz haqq etmişdir. 3-4 saatlıq istirahətdən sonra isə müəzzin sizi günorta namazına dəvət edir.

      Məhz bir gününü anlatmağa çalışdığım ibadət dolu Hicazın Ramazan gündəliyi… İmanımızı ehsan səviyyəsinə çatdıracaq vəsilələrlə dopdolu. Yanılmıram, elə deyimli?

      • Hits: 843 clicks

      Tecox component by www.teglo.info