155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Saylar Həyatda, Yoxsa Həyat Saylarda? / Adem Şahin

      Share

      “Omnia in numeris sita sunt – Hər şey saylarda gizlidir” sözü var. Sayların içində gizlənməyən və saylarla ifadə edilməyən nə var görəsən? Allahın birliyi və ikiliyə düşməmək

       Quranın təməl prinsiplərindəndir. Doğulduqdan sonrakı həyat üçün “sayılı nəfəs” deyirik. İnancımıza görə heç kim ruzisini yemədən və nəfəsini tükətmədən dünyadan köç etməz.

      İbadətlər də say qəlibinə daxildir. Beş vaxt namaz, bir ay oruc və qırxda bir zıkat kimi. Bütün ibadətlərdə say və limit olduğu halda Qurani-Kərimdə Allahı zikr haqqında limit və sərhəd müəyyən edilməmişdir.

      “Ey iman gətirənlər, Allahı çox zikr edin və səhər-axşam Onu təsbih edin.” (əl-Əhzab, 42)

      Böyükbaş heyvanlara bir-birindən ayırmaq üçün damğa vurulur. Əsli çox-çox əvvəllərə dayanan damğalama işinin müasir forması nömrələmə və kodlamadır.

      Nömrələndirmə mallarda olarsa barkod, maşınlarda nömrə, uzunluğu ölçmək üçün samtimetr, istilikdə dərəcə, kompyuterlərdə IP adlanır. Telefondan ayaqqabıya, evlərdən gözlük şüşəsinə qədər hər bir varlıq nömrələrdən nəsibini almışdır.

      Saylar və rəqəmlər tərəfindən çərçivəyə alınmağımız hələ biz dünyaya gəlmədən başlamışdır. Təqribən 280 gün keçmədən doğum baş tutmaz.

      Marketlərdə mallar kassada barkodları oxudularaq keçər. Müasir mal halına gətirilən insanlara da doğum şəhadətnaməsi verilir. İbtidai sinfə başladığı zaman yenidən nömrə verilir. Əsgərliyə gedər, təkrar bölüyündən taburuna qədər nömrələndirilər. İnsanın da kimlik, passport, diplom nömrəsi yoxdursa bir yerdən başqa bir yerə gedə bilməz və bir çox qapılar üzünə örtülər.

      Böyükbaş heyvanlar həyatlarını bir damğa ilə davam etdirdikləri halda (zəmanəmizdə plastik kartlar) insanlar passportlarından kimliyinə, ev-ev cib telefonlarından qapı nömrələrinə qədər rəqəmlərin əsarəti altında yaşayarlar. İnsanlardakı nömrə ilə ayırd etmə istəyinin Uca Yaradana bənzəmək həvəsində yatdığına inanıram. Necə? Uca Allah hər insanı səsindən tutmuş barmaq izlərinə qədər orijinal, təqlidi imkansız və yalnız bir dənə yaradaraq digərlərindən fərqləndirir. Gündəlik həyatı nizamlayaraq insana hökm etməyin də yolu onun digərlərindən ayırd edilməsidir. Bunun üçün hər kəsin və hər şeyin nömrələndirilməsi lazımdır.

      Qərb mədəniyyətində 13 rəqəmi uğursuz qəbul edilir. Musiqidəki rəqəmsal ahəngə ritm deyilir. Kilsələrdə çalınan zəngin ritmi və səsi qəlbin döyünməsinə və çıxardığı səsə yaxındır. “Müasir” dünyadakı bütün şans oyunlarının (qumar) əsası saylara dayanır.

      Aldatma, yalan və saxtakarlığı ifadə etmək üçün Anadolu türkcəsində “numara çevirmək”, Azərbaycan türkcəsində isə “nömrə gəlmək” ifadəsi vardır. Şeytan hələ hüzuri-ilahidən qovulmazdan əvvəl insanları aldatmaq üçün onlara hər cür nömrə gələcəyini belə dilə gətirir:

      “(İblis) dedi: "Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”  (əl-Əraf, 16-18) Şeytan dörd cəhəti saydığı halda aşağı və yuxarını dilə gətirməmişdir. Çünki səcdə aşağı, dua isə yuxarı istiqamətdədir. Şeytanın fırıldaqlarına qarşı ən yaxşı səcdə və dua ilə sinə gərmək mümkündür.

      Gün gələr, telefon nömrələrimizi, maşın nömrələrimizi, hətta evimizi başqalarına vermək məcburiyyətində qalarıq. Nömrələr qalar, nömrə sahibləri köçər. Eyni vəziyyət yaxşı və pis olan əxlaqi vəsflər üçün də keçərlidir. Comərdlər, xəsislər, həsədçilər ölər, amma comərdlik, xəsislik, qeybət və həsəd davam edər. Əbu Cəhllər – 10-larda gəzərkən, Əbu Bəkrlər +10-lardadır. Mühüm olan kimin və hansı qrupun nömrələrinə yaxınlaşdığımızdır.

      Hər şeyin riyazi tərəfinin olduğuna inandığım üçün “hər şey saylarda gizlidir” sözünə önəm verirəm. Qurani-Kərimdə tərəzi kəlməsi 9 yerdə keçir. Yeməkdəki duzun, qəhvədəki şəkərin miqdarı da riyazidir. Riyaziyat olmasaydı heç bir elm və sənət olmazdı. Riyaziyyatdakı dörd əməliyyat həyatın özüdür. Necə?

      Rəqəmlərlə vurulur: Həyat deyil, həyatdakılar vuraraq bizi sərsəmlədir.

      Rəqəmlərlə çıxılır: Beynimizi qızdıranlar, canımızı sıxanlar və hövsələdən çıxaranlar var olmuşdur, var, və olacaqlar.

      Rəqəmlərlə bölünür: “Dilim-dilim olasan, dilim.” Sözü var. Dilimizi və ya başqalarının dilini bölmək istədiyimiz anlar həyatın içində yaşanır.

      Rəqəmlərlə toplanır: Vurulmuşkən, bölünmüşkən və hövsələdən çıxmışkən əliylə, diliylə, təbəssümüylə könül bağçasından sızan Kövsər yazılarıyla, sms-lə və ən əsası dualarıyla toplayanlara qoçlar deyil, canlar qurban…

       Altı yüz kəlmə sərhədinə gəldik, rəqəmlər artıq yazmağa izn vermir. Qurban bayramınız mübarək olsun!..

      .                                                         

      • Hits: 847 clicks

      Tecox component by www.teglo.info