El Dərdini Dağ Çiynində Daşiyanlar / Məmməd Məmmədzadə

      Share

      Günlər həftələri, həftələr ayları əvəz edir. Xəlil Rza isə hələ də Moskvada, Lefortovo zindanındadır. Eni, uzunu 5 addım olan kamera ona darlıq edir. 

      Biləkləri zəncirli olsa da könlü ipə-sapa yatmır. Doğma Azərbaycana dönmək, əzizlərini görmək, zindanda olarkən dünyaya göz açmış, hələ də üzünü görmədiyi nəvəsi Gültacı beşiyindən qapıb sinəsinə sıxmaq, süd qoxulu o körpəni qoxulamaq həsrəti ilə yaşayır zindanda...

      Zindanda vaxtı çoxdur, çoxdan da çox. Ötən günlərini, hərəkətlərini, atdığı addımlarını, yazdığı şeirlərini bir daha təhlil etməyə çalışır. Gəldiyi nəticə isə eynidir. Bütün hərəkətlərinə görə özünə haqq qazandırır:

      ...Atıb qaça bilməzdim gözü yaşlı elləri

      Şəhidlər məzarında sərgilənən gülləri...

      və buna “Bakı-Moskva yollarında qalan, kassalar qabağında növbə tutan ceyranını”, ömür-gün yoldaşı Firəngiz xanımı da inandırmaq istəyir:

      Yoxdur üçüncü bir yol, bir həyat var, bir ölüm.

       Yox, mən qaça biməzdim, qaça bilməzdim, gülüm.

      ...Ulutürk ötənlərdə etdiklərinin, dediklərinin, peşmançılığını çəkmir, apardığı mübarizədə özünün haqlı olduğunu bildirir. Təkcə sevimli Firəngizinin qarşısında özünü azacıq da olsa günahkar sayır:

      Edam meydanında sıxılma, sönmə

      İlgəyi boynuma salsa öz əlim

      Bəşər qarşısında üzüağam mən

      Bəs sənin qarşında?..

      Solğun gözəlim?!.

      Daha bir sual. Qəribədir həbsxana həyəti. Sanki dünyanın bütün suallarını bu kameralara doldururlar. Və suallar daş qəfəsdə gündən-günə artır, doğub-törəyir. Bütün günü müstəntiqin zəhlətökən suallarına cavab verir. Gecə səhərə qədərisə müstəntiq də özüdür, müttəhim də... Özü soruşur, özü də cavab verir. Bəzən suallara cavab axtararkən 60-cı illərdə yazdığı şeirlər köməyinə gəlir:

      Bəs sən nə bilirdin?

                       Elə bilirdin:

      Həyat sərvət dolu qızıl külçədir?

      Xayır! Bambaşqadır onun düsturu

      Beşikdən qəbrəcən mübarizədir!

      ...Xəlil azadlıq carçısı, azadlıq aşiqidir. Lakin hər azadlıq da onun azadlıq ölçüsünə, meyarına uyğun gəlmir. Əlləri azad ikən ruhu zəncirlənən insanların “azadlığı”nı qəbul etmir və belə azadlığı qoyun azadlığı adlandırır:

      Əgər tufan kimi doğulmuşamsa

      Qoyun azadlığı nəyimə lazım?

      Sürü azadlığı nəyimə lazım? –deyir.

      ...“K” hərfinə bənzəyən Lofortovo zindanı... Rus çariçası və bütün dünyada pozğunluğu ilə məşhur olan II Yekaterinanın qısaldılmış adının (Katyanın) baş hərfini daşlaşdıran əxlaqsız dövlətin daş zindanı... Keçmiş SSRİ-nin ən sərt rejimli DTK izolyatoru[1]...

      1937-ci ilin minlərlə repressiya qurbanlarının son mənzili... Minlərlə, on minlərlə məhv edilmiş, mənən sındırılmış insan talelərinin şahidi olan daş zindanda X.R. Ulutürkü də qaniçən Sovet rejimi məhv etməyə çalışır, fiziki cəhətdən aradan götürməyə qorxsalar da mənən sındırmaq arzusundadırlar. Lakin Xəlil dözür, özünə dözüm təlqin edir:

      Xəlil, sən ki, ac aslansan,

      Mürgüləyən bir ümmansan,

      Ruhun cahan, yerin zindan

      Zindandırsa dözməlisən.

      Və dözür, heç nədən çəkinmir, heç kimdən qorxmur. Görən qorxu hissi doğrudanmı ona yaddır, yoxsa bütün bunlar gəlişigözəl sözlərdir? Yox, damarlarında ulu türkün qanı axan Xəlil bəy də bəzən qorxur, “haram şöhrətə başının qarışacağından”, “bu dünyada özündən əvvəl mərdliyin qara tabuta qoulmasından” və bir də:

      Nə küləkdən çəkinirəm, nə kələkdən, nə fələkdən

      Azərbaycan çörəyinin dad-duzuna

      Layiq ola bilməməkdən  -

      Bircə bundan qorxuram mən.

      ...Zindan həyatı isə bitib-tükənmək bilmir. Qışın oğlan çağında həbs edilən Xəlil bəy Novruz bayramını həbsxana kamerasında qarşılayır. Firəngizi də bayram şirniyyatını həbsxanaya gətirir. Yazı yay əvəz edir, yavaş-yavaş havalar sərinləyir, dəmir barmaqlı həbsxana pəncərəsindən elə pəncərə boyda görünən Moskva səması payızdan xəbər verir. Amma doğma Türkanda isti qumlar üstə yatışan ağ şanı, qara şanı gündüzlər günəşin istisindən doymayıb gecələr də qumun istisini əmir, ballanır. Göbəyi ballı sarı əncir adama gəl-gəl deyir...

      Bütün bunları xatırladıqca Xəlil bəy darıxır, əzizləri, yaxınları, qələm dostları üçün, mübarizə üçün, meydan üçün, milyonların bir araya gəldiyi, bir yumruğa döndüyü meydan üçün... Həm də narahatdır, qan çilənmiş Bakı küçələri üçün, doğma vətəni üçün. Gah “göynən gedən durnalardan bizim ellərin yerində” olduğunu soraqlayır, gah da ayda bir dəfə müstəntiqinin görüş verdiyi Firəngizindən vətənini soruşur. Azərbaycanı düşünür. Yaman nigarandır vətənindən. Çünki:

      Vətənimi düşünürəm, bəxti dönük vətənimi,

      Əhdi böyük, dərdi böyük, özü böyük vətənimi!

      ...Orda rütbə nökərləri sürü-sürü

      Burnu dimdik, özü alçaq... iş başında dövran sürür.

      Bu cür insanları Ulutürk çox vaxt Şəngülüm adlandırır. Çünki onlar da canavarın yağlı dilinə aldanıb əvvəlcə doğma qardaşlarını qurdun ağzına atıb sonra özü də ona yem olan aldadılmış Şəngülüm kimi Moskvanın yağlı dilinə uyub öz soydaşlarını məhv etməyə həmişə hazır olan rütbə nökərləridir...

      Təsəllisi isə doğma Azərbaycanının diz çökməməsidir. 20 Yanvar faciəsi ilə xalqın gözünü qorxutmaq, azadlıq səsini boğmaq istəyən düşmənin istəyinə rəğmən xalqın döyüş əzmi birə-beş artır. Bütün bunlardan zindanda xəbər tutan Xəlil bəy daha da kəskinləşir və bilir ki, düşməndən qisas alası övladları var:

      Şir olacaq şir balası

      Hər oğlum bir dağ qalası

      Düşmənimdən öc alası

      Rzamla Təbrizim qaldı.

      ...Nəhayət 1990-cı ilin payızında 8 aylıq məhbəs həyatı sona çatır. Ulutürk artıq Bakıdadır. Və Xəlil bəy Azərbaycan Ali Sovetinin 1990-cı il seçkilərinə qatılır. Milli Məclisin deputatı olmaq üçün iki dəfə cəhd edir və hər ikisində Mütəllimov komandasındakı “Şəngülüm”lərin səyi nəticəsində “lazımi səsi” toplaya bilmir. Sevimli şairini azad etmək üçün 100 minlərlə imza toplayan xalq nədənsə bu dəfə öz şairinə “lazımi səsi” verə bilmir...

      ...Mövlana Cəlaləddin Rumi məşhur “ya göründüyün kimi ol, ya olduğun kimi görün” deyimini də sanki Xəlil bəy üçün deyib. Çünki onun dedikləri ilə etdikləri həmişə üst-üstə düşüb. Riyadan, yalançı “vətənpərvərlik”dən uzaq bir ömür yaşayıb. Əyilməz, alnıaçıq kişi ömrü. Övladlarını da məhz o cür böyüdüb. Bir şeirində dediyi kimi “öz kişi bətnindən süd verib onlara”:

      Boy at, oğlum, kişiləş, dərk et,başa düş məni

      Anla ki, xəbislikdir vətənin ilk düşməni.

      ...Öz atalıq haqqımı

      Haram bilərəm sənə

      Cılız, kirli hisslərin qarşısında əyilsən

      Mənim balam deyilsən!

      ...Qarabağ uğrunda döyüşlər səngimək bilmir. Hər gün radio və televiziyada qanlı döyüşlərdə şəhid olanlar haqqında acı xəbərlər verilir. “Vətən”, “xalq”, “Qarabağ” adından danışan boşdoğazların çoxu müxtəlif yollarla övladlarını Azərbaycandan kənara çıxarır, saxta xəstəlik kağızları düzəldirlər. Təki “papasının gül balası” Qarabağa getməsin... Amma...

      2 körpə qız atası Təbriz Xəlilbəyli Qarabağa döyüşə yollanır, atı “dəmir at” – tank əvəz edir. Şəhidlər Xiyabanında Ulutürk avtomatı ciyərparasının boynundan asır və ona son öyüdlərini verir... əli, son öyüdlərini. Bir neçə aydan sonra 1992-ci ilin qarlı qış günü Təbriz Xəlil Rza Ulutürk oğlu Xəlilbəyli Əsgəran rayonunun Xramord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

      ...Hələ neçə illər əvvəl tutulduğu şəkər xəstəliyi, haqsız tənqidlər, məhbəs həyatı, 1988-ci ildən başlayıb nə vaxt açılacağı bilinməyən Qarabağ düyünü və nəhayət Təbrizin şəhid olması yaşı 60-ı keçən Xəlil bəyin səhhətinə təsir edir. Türkiyədə əməliyyat olunur, Bakıya qayıdır, mərkəzi kliniki xəstəxanada müalicəsi davam edir.

      Sus, yoldaş Xəlil Rza, nə poladsan, nə dəmir

      El yükü daşımağa, gözəl, mərd yaşamağa

                                                bircə ömür bəs etmir.

      ...Bu gün Azərbaycana gələn bütün rəsmi və qeyri-rəsmi qonaqlar mütləq bizim üçün müqəddəs olan 2 məkanı ziyarət edirlər. Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını: Obrazlı desək qələm və qılıncla mübarizə aparanların son mənzili olan müqəddəs məkanı. Və ziyarət olunan məzarlar sırasında bu məkanlarda uyuyan Xəlilbəyli soyadlı iki qəhrəmanın, damarlarında Atillanın, Metenin qanı dolaşan ata və oğulun da məzarları var:

      Çağdaş Azərbaycanda Xəlil Rza ömrü var

                                            Neçə nəslə nümunə... 

       

       


      [1] Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanası

       

      • Hits: 724 clicks

      Tecox component by www.teglo.info