Möminlər Ancaq Və Ancaq Qardaşdırlar / Elvin Ağayev

      Share

      Biz bilirik ki, birlikdə bir anlam ifadə edirik. Biz müsəlmanlar birlikdə bir dəyərik. Ancaq nəfəslərimiz birlikdə olarsa, yalnız o zaman ədaləti iqamə etmək mümkün ola bilər.

       Biz ancaq bərabər olduqda bir anlam ifadə edərik. Biz biz olarsaq, mənlər bir araya gəlib biz olarsa, qardaşlığımızı kəşf edərsək, o zaman çarxı-sükanı-nizamı əyri olan bu gedişə, yəni qardaş ayrlığına həqiqi mənada dayan demək mümkün ola bilər. Biz əgər biz ola bilsək, mənlər bir araya toplaşıb biz olarsa, Allahın rəhmətini özümüzə cəlb edərik və üzərimizə rəhmət yağışları yağar. Əgər biz öz imkanlarımızı kəşf edər, fərqliliklərimizi barışdırarıqsa yalnız o zaman bir anlam və dəyər ifadə edə bilərik. Dilimizdən heç düşürmədiyimiz, amma ən çox da laqeyd qaldığımız qardaşlıq mövzusu əslində çox vacib və həyati bir mövzudur. Möminlər ancaq qardaş ola bilərlər buyurur Allah. Quranda qardaşlar mömin olarlar deyilmir, çünki mömin olmayanlar da qardaş ola bilərmiş. Amma mömin olanlar qardaşdan başqa bir şey ola bilməzlər buyurulur.

      Qardaşlıq dedikdə ağlımıza gələn ilk fikir qan bağıdır. Əslində dilimizdə qardaş sözünün əsli "qarın" və "daş" sözlərinin birləşməsindən irəli gəlir. Qarın dedikdə əslində "ana rəhmi" nəzərdə tutulur, birlikdə isə rəhimdaş, yəni eyni rəhimdən olmaq mənasına gəlir. Peyğəmbərimiz (s.ə.s) buyurur ki: "Qadının rəhmi, Rəhmandan bir budaqdır." Buna görə də qardaşlığı, rəhmət qardaşlığı deyə bir başqa mənada da izah edə bilərik. Əslində "qarındaşlıq" yəni qan qardaşlığı da Allahın rəhmə təcəlli edən mərhəmətinin bir nəticəsidir. Buna görə də istər qan bağı olsun istər din bağı olsun, hansı bağ olursa olsun onun arxasında ilahi rəhmət durur. Birində ilahi rəhmətin fiziki və feli ölçüsü digərdində isə ilahi rəhmətin şəri ölçüsü. Birində ilahi rəhmətin insana olan təcəllisi yəni bioloji təcəllisi, digərində isə ilahi rəhmətin insana din olaraq təcəllisi yəni əqidə və iman təcəllisi. Ancaq əqidə qardaşlığı, qan qardaşlığından daha öndə gəlir və daha çox qalıcı olur. Çünki əqidə qardaşlığının əhatə dairəsi "ikinci dünyanı" da, yəni axirəti də əhatə edir. Qan qardaşlığının əhatəsi və gücü isə bu dünya ilə kifayətlənir. Qurani-Kərimin Hucurat sürəsinin onuncu ayəsi möminlərin ancaq və ancaq, yalnız və yalnız qardaş ola bilcəyini bildirən ədat ilə başlayır ki, bu ədat möminlərin qardaşdan başqa bir şey olmadıqlarını bildirir. Hətta biz bu ayəni Allahın bizə verdiyi gizli əmr kimi də anlaya bilərik. Hucurat sürəsinin onuncu ayəsinin ilk cümləsi möminlərin qardaş olmasını bəyan edirsə, ikinci cümləsi "qardaşlarınızın arasını düzəldin" şəklindədir. Demək ki, qardaşların da arası dəyər və ya pozularmış. Amma qardaşların arası pozularsa, gərək qardaşlar düzəltsinlər qardaşların arasını. Qardaşların arasını “niyə düzəldək, nə üçün düzəldək?” kimi suallar gələ bilər ağlımıza. Bu sualların cavabı isə həmin ayədə ikinci cümlənin ardından qısa və mənalı şəkildə bildirilir: "Allahdan qorxun". Bu cümlədə Allaha qarşı məsuliyyətininizin şüuruna varın,  Allah şüuru ilə bəzənin, Allah qarşısında tir-tir titrəyin və Allaha qarşı təqvalı olun deyilir. Qardaşlığın təsisi təqvanın təsisidir. Biz yenə də iki mömin arasındakı əlaqənin Allaha qarşı məsuliyyətlə nə əlaqəsi var deyə bilərik. Çünki biz Allahla aramızı pozmadıq ki, mömin qardaşımızla aramızı pozduq. Cavab: Möminlər arasında əlaqələr Allah qatında o qədər dəyərlidir ki, möminin möminlə arasının dəyməsi, möminin Allahla arasının pozulmasına yol açar. Çünki möminlərin qardaşlığı Allahın diqqət etdiyi bir məsələdir. Yəni Rəbbimlə olan dostluğum niyə yara aldı sualının bir çox cavabı əslində möminlərlə olan dostluğum niyə yara aldı cavabında gizlənir. Buna görə də möminin möminlə yaşayacağı  problem imanın zəifləməsinə səbəb olur və təbir caiz isə imanın sütunlarından bir neçəsini zədələyir. Din birləşdiricidir. Haqq din isə ən böyük birləşdiricidir. Çünki əl-Haqq olan Allah möminləri həqiqət yolunda birləşdirir. Bu ayədəki axırıncı cümlə isə "Bəlkə rəhm olunasınız!"dır. Yəni qardaşlarınızın arasını düzəldin, onların aralarının düzəlməsində vasitəçi olun, onları barışdırın ki, bu səbəblə bəlkə sizə də rəhm oluna. Görürsünüzmü gözəllər gözəli olan Allah o qədər mərhəmətlidir ki, bəndələrini o qədər sevir ki, həm küsən möminlərin barışmasını, həm də onları barışdıraraq bizim bağışlanmağımızı və xeyir iş görməyimizi istəyir.

       

       

      • Hits: 711 clicks

      Tecox component by www.teglo.info