Cəhənnəmə Getmirəm Ki / Niyazi Yusifov

      Share

      Əməvilər zamanında vəzir olan Əbül Hüseyn, onu həcv edən şair İbn Rumini qonaq çağırır və şairin yeməyinə zəhər qatdıraraq, onu zəhərlədir. Yeməyini 

      yedikdən sonra zəhərləndiyini anlayan şair ayağa qalxır və qapıya doğru irəliləməyə başlayır, bu arada vəzir sanki bilmirmiş kimi soruşur:

      - Hara gedirsən?

      - Göndərdiyin yerə gedirəm.

      - Atama salam de o zaman.

      Şair  ölümə gedərkən belə həcv etməyindən qalmaz:

      - Yox, cəhənnəmə getmirəm.

       

       

       

       

      Gör səni nə qədər döyəcəklər

       

      Xəlifə bir gün başqa otaqda vəzir ilə söhbət etdiyi zaman Bəhlul onun taxtına çıxıb yerində oturur. Xəlifənin saray xidmətçiləri başlayırlar onu döyə-döyə taxtdan düşürtməyə. Bəhlul başlayır ağlamağa. Xəlifə gəlib görür ki, Bəhlul ağlayır, soruşur ki, qardaş, niyə ağlayırsan?

         Bəhlul deyir:

         - Sənin taxtında cəmisi beşcə dəqiqə oturduğum üçün məni  belə  döydülər. İndi sənin halına ağlayıram ki, neçə illərdir bu taxtda oturursan, vaxtı çatanda gör səni necə döyəcəklər!

       

       

       

      Dəvələri qəlbimə bağlamıram…

       

      Bir nəfər İmam Əzəmin yanına gələrək: “Ey imam, mən namazlarımı xüşu içində qıla bilmirəm. Namazda ikən dəvələrimi otarır, onlara nəzarət edirəm. Halbuki siz məndən daha zənginsiniz. Bəs siz ibadətlərinizdən necə həzz alırsınız, onları xüşu içində necə edirsiniz?” deyə soruşur:

      İmam Əzəm Əbu Hənifə həzrətləri də belə cavab verir:

      “Mən dəvələrimi qəlbimə deyil, axıra bağlayıram.”

       

       

       

       

       

      Miras

       

      Günün birində Əbu Hüreyrə (r.a) küçədə gördüyü insanlara:

      “Burda boşu-boşuna nə gəzib dolaşırsınız? Məsciddə, Rəsuli-Əkrəmin (s.ə.s) mirası bölüşdürülür, siz də gedin öz payınıza düşəni alın” deyir. Bunu eşidən hər kəs məscidə axışır. Amma orda hər hansı bir malın paylandığını görməyib geri qayıdır, Əbu Hüreyrəyə: “Biz sənin dediyin kimi mal bölgüsünə şahid olmadıq”, deyir. Əbu Hüreyrə (r.a):

      “Yaxşı, bəs nə gördünüz?” deyə soruşur. Onlar da:

      “Məsciddə kimiləri Quran oxuyur, kimisi zikr edir, kimisi də elmlə məşğul idi” –deyə cavab verirlər.

      Əbu Hüreyrə (r.a) belə cavab verir: “Elə Rəsuli-Əkrəmin mirası da odur.”

       

       

       

      Qorxulu dilənçi

      Teymurləng Molla Nəsrəddinə əmr eləyir ki:

      - Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, elə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız-qələm götürüb o həyasızların siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.

      Molla kağız-qələm götürüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:

      - Niyə hirslənirsən, əlahəzrət! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də…

      Teymur deyir:

      - A kişi, mən boyda Teymurləng dilənçiyəm? Özü də lap həyasızı?

      - Niyə hirslənirsən, əlahəzrət!? Cidanı çuvalda gizlətmək olmaz. Dilənçisən, özü də lap həyasızından.

      - Demək, sənin fikrincə gərək mən şəhərdən sürgün olunam?

      - Bəli, əlahəzrət! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyə-döyə alırsan.

       

       

       

      Axmaq dəftəri

       

      Məşhur şairlərdən birinin xüsusi bir dəftəri varmış. Özünə görə axmaq işlərlə məşğul olanların adlarını bu dəftərə yazarmış. Bir nəfər başqa birinə hirsləndiyi zaman belə: “Sənin adın da şairin axmaq dəftərində var,” deyə sataşırmış. Bir gün o dövrün padşahı görəsən dəftərdə kimlərin adları var? deyə maraqlanır. Əmr verərək şairin əlindəki dəftərin tez hüzuruna gətirilməsini istəyir. Dəftər şairdən alınıb padşaha gətirilir. Padşah axmaqların adlarının yazılı olduğu o dəftərdə öz adına da rast gəldikdə çox hirslənir, hadisəni  heç kimə söyləməyərək vəziyyətdən çıxış yolu axtarmağa çalışır. Mükafat vermək adı ilə şairi hüzuruna çağırtdırır, şairə öz adının nə üçün o dəftərdə yazılı olduğunu soruşur. Şair:

      - Padşahım, siz mehtərinizə yüz min  qızıl verərək Ərəbistandan at gətirməsini istəmədinizmi? O qədər pulu alan bir şəxs heç geriyə qayıdarmı?

      Padşah biraz düşündükdən sonra:

      - Yaxşı, birdən qayıtsa... Şair dərhal cavab verir:

      - Padşahım, heç narahat olmayın, o zaman sizin adınızı silib, onun adını yazaram.

       

       

      Bilmirdim

       

      Ustad Nəcib Fazil kişilərin uzun saç saxlamağın moda olduğu 70-ci illərdə bir avtobusa minir. Qız zənn etdiyi uzun saçlı bir nəfərə:

      - Qızım,  zəhmət olmasa biraz yan tərəfə otura bilərsən, mən də oturum?

      Uzun saçlı cavan oğlan ona tərəf dönərək:

      - Mən qız deyiləm qoca! deyir. Nəcib Fazil:       

      - Üzr istəyirəm balam, dul olduğunu bilmirdim.

       

       

      • Hits: 711 clicks

      Tecox component by www.teglo.info