Qardaşliğimizi Sarsidan Hallar / Aqil Əliyev

      Share

      İslam dini sevgi, birlik və qardaşlıq dinidir. Bu dini digər dinlərdən ayıran ən mühüm amil, birlik-bərabərlik və yüksək qardaşlıq amilidir. Elə cəmiyyətlərin də səadəti üçün yuxarıda saydığımız xüsuslara ehtiyac vardır.

      İslam qardaşlığının ilk təməlləri Rəsulullah (s.ə.s)-in Mədinəyə hicrətindən sonra atılmışdır. Mədinəyə  hicrət edən məkkəli müsəlmanlarla, onlara kömək edən  mədinəli müsəlmanlar arasında tarixdə misli-bərabəri görülməmiş qardaşlıq bağı qurulmuş və bu qardaşlıq dillərə dastan olmuşdur.

      Belə bir sarsılmaz qardaşlıq bağlarının qurulması heç də təsadüfi deyildi. Çünki bu qardaşlıq Allahın Qurandakı əmri, Rəsulullahın tövsiyəsi ilə Allah rizası əsasında təsis edilmişdi.

      Bu gün ən çox ehtiyac hiss etdiyimiz məsələ birlik, bərabərlik, sevgi, sülh və qardaşlıqdır. Bunu da əldə etmək üçün  Hz. Peyğəmbərimizin mübarək kəlamlarına qulaq verməli, onları həyatımızda tətbiq etməliyik. O, özü cismən aramızda olmasa da kəlamları, öyüd-nəsihətləri ilə bu gün də bizim yolumuza işıq tutmaqdadır. Peyğəmbərimiz (s.ə.s) ayrılığı,təfriqəni, pərakəndəliyi, nifaqı, kini, yalanı sevməmiş, biz ümmətini də bu mənfi xüsusiyyətlərdən, birlik və bərabərliyi zədələyən bu kimi hallardan daim uzaq durmağa çağırmışdı. Gəlin görək, Əziz Peyğəmbərimiz bu xüsusda bizə hansı məsləhətləri verir. Əbu hüreyrə rəvayət edir:

      Rəsulullah (s.v.s) belə buyurdu: “Bir-birini­zi qısqanmayın...  Bir-birinizə nifrət etməyin. Bir-birinizə arxa çevirməyin. Sizdən heç bir kimsə başqasının  alış­-verişi üstünə alış-veriş etməsin. Ey Allahın qulları! Qardaş olun, müsəlman müsəlmanın qardaşıdır. Ona zulm etməz, onu yalnız qoymaz. Ona yalan danışmaz.” Sonra üç dəfə sinəsini (qəlbini) göstərərək: “Təqva buradadır. Bir müsəlmana pis bir əməl kimi müsəlman qardaşını xor görməsi kifayətdir. Müsəlmanın qanı, malı və namusu diğər bir müsəlmana (haqsız yerə) haramdır.” (Müslim, əl-Birr vəs-Sıla, 32)

      Bu hədis, ictimai və sosial nizamı, müsəlmanların birlik və bərabərliyini qorumaq baxımından çox əhəmiyyətlidir.

       

                  QISQANCLIQ

                  Bu hədisdə qadağan olunan xüsuslardan birincisi qısqanclıqdır. Buradakı qısqanclıq Allah təalanın başqasına lütf etdiyi neməti qısqanmaqdır. Başqasının sahib olduğu var-dövlətin zay olmasını arzulamaqdır. Bir adamın digər müsəlman qardaşının əlindəki var-dövlətin onun əlindən çıxmasını və özünə aid olmasını arzu etməsidir. Bu da Allah-Təalanın ruzi bölgüsünə razı olmamaq və nankorluqdur. Müsəlman bu xəstəlikdən uzaq olmağa çalışmalıdır.

                 

       

      KİN BƏSLƏMƏK

       

      Qrdaşlıq bağlarını zədələyən bir başqa xüsusiyyət də kin bəsləməkdir.Rəsulullah (s.ə.s)-in; “Bir-birinizə kin duymayın” tövsiyəsi bizə kin bəsləməyə səbəb olacaq hallardan uzaqlaşmağı göstərməkdədir. Çünki kin İslamın bizə əmr etdiyi sevginin ziddidir və Uca Allahın rizasından başqa bir səbəblə kin bəsləmək haramdır.

      İslam kin bəsləməyə aparan hər şeyi haram etmişdir. Bu haqda Qurani-Kərimdə Allah-Təala belə buyurmuşdur: “Həqiqətən şeytan içki və qumarla aranıza kin və düş­mənçilik salmaq, sizi Allahı anmaqdan və namazdan uzaqlaşdırmaq istəyər. Artıq bu işdən vaz keçdiniz elə deyilmi?” (əl-Maidə, 91)

      Bu ayədə müsəlmanlar arasında kini yayğın hala gətirən  hər şeyin ha­ram olduğuna dəlil vardır. Çünki içki, qumar və bunun kimi acı nəticələrə səbəb olacaq mənfi xüsusiyyətlər, sevgi və qardaşlığın bir növ qayçısıdır. Bütün bunlar qardaşlığın təmiz duyğularını bulandırır, müsəlmanlar arasında kin və mübahisəni yayğınlaşdırır.

       

      ARXA ÇEVİRMƏK (TƏDABÜR)

       

      Qadağan olunan davranışlar arasında müsəlmanların bir-birlərindən küsməsi və bir-birlərinə arxa çevirməsi də vardır. Rəsulullah (s.ə.s)-in: “Bir-birinizə arxa çevirməyin” buyuruğu  (tədabür), əlaqələri qoparmayın, inciyib-küsməyin deməkdir. Dünya mənfəəti səbəbi ilə nəfsin istəklərinə uyaraq bir-birinə arxa çevirmək və üç gündən artıq müsəlman qardaşından küsülü qalmaq müsəlmana halal deyildir. İslamda dinə və müsəlmanlara açıq-aşkar düşmənlik bəsləyənlərdən başqasına kin duymaq, arxa çevirmək doğru deyildir. Çünki bu da müsəlmanlar arasında təfriqə və ayrı-seçkilik salmağa səbəb olur.

       

      TİCARƏTLƏ BAĞLI ƏLAQƏLƏR

       

      Rəsulullah (s.ə.s)-in; “Sizdən heç kim digərinin alış-verişi üstünə yenidən alış-veriş etməsin” sözü o deməkdir ki, hər hansı bir malın satıldıqdan və alındıqdan sonra bir başqası çıxıb yenidən malla bağlı təklif etməsin. Bu da cəmiyyətin ticari əxlaqının normallaşdırılması üçün önəmli bir tövsiyədir. Eyni zamanda müsəlmanların qardaşlığına xələl gəlməsinin qarşısını almaqdadır.

      Mövzumuzun əvvəlində qeyd etdiyimiz hədisin geri qalan hissəsində Rəsulullah (s.ə.s) bizə qardaş olmağı tövsiyə edərək bir-birimizə zülm etməyi, harda olursa-olsun onu tək qoymağı və ona yalan danışmağı onu təhqir etməyə icazə verməmiş, haqsız yerə malına, canına və namusuna toxunmağı da qadağan etmişdir. Bunun kimi bir çox hədislərində Allah Rəsulu (s.ə.s) ümmətin birlik və bərabərliyini daima qorumağa çalışmış, onlar arasına hər hansı bir təfriqənin girməsinə könlü razı olmamışdır. Biz də Rəsulullah (s.ə.s)-in öyüd və nəsihətlərinə qulaq asmalı qardaşlığımızı sarsıdacaq mənfi duyğu və düşüncələrdən uzaq olmalıyıq.

      • Hits: 671 clicks

      Tecox component by www.teglo.info