Yaradiliş Qayəsi / Elşən Rzayev

      Share

      Diqqətli oxucularımız xatırlayarlar, jurnalın 32-ci sayındakı yazımda “Mənim qəlbim təmizdir!” iddiasında olanlardan söhbət açımışdım. Bu yazıdan sonra tanışlardan bir neçəsi telefonuma zəng edərək

       “Bizi qəsd etmisən?” deyə sual soruşdular. Oxuculardan bir neçəsi də elektron poçtuma məktub yazaraq “Sanki bizdən bəhs edirdi!” dedilər. Hətta yazıda özünü görən bir dostumuz təşəkkür dolu sözlərlə yazdığı məktubunda lazımi dərsi aldığını bildirirdi. Yazıda özünü görənlərə rəhmətlik M.Ə. Sabir yaxşı deyir:

      “Niyə bəs böylə a qare, bərəldirsən gözünü

      Yoxsa bu ayinədə əyri görürsən özünü?”

      Gələn zənglərdən və məktublardan ilham alaraq bu yazımda da cəmiyyətdə özünə xeyli tərəfdar qazanmış bir fikir haqda yazmaq qərarına gəldim. Təəssüflə qeyd etməliyəm ki, xalq arasında belə bir fikir formalaşıb ki, ibadət yalnız qocaldıqdan sonra edilər. Yəni ibadət qocalara məxsusdur. Hətta bu fikir milli kinolarımızda da öz əksini tapmışdır. “Şərikli çörək” filmində balaca Vaqif İsmayıl babanı axtararaq gəlib məscidə çıxır. Məscid qoca kişilərlə doludur. İsmail baba arxaya baxdıqda balaca Vaqifi görüb təəccüblə “Vaqif, bala sən burda neynirsən, çıx çöldə gözlə.” deyir. Digər filmlərimizdə də namaz səhnələrində hər zaman qocalar göstərilir. Təbii ki, cəmiyyətdə də bu fikir formalaşıb.        

      Bəs, həqiqətən də belədirmi? Gəlin görək Yaradan və Elçisi bu haqda nə deyir.

      Yaradan deyir ki:

      “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat, 56)

       Bütün Peyğəmbərlər insanları Yaradana ibadətə dəvət etmişdir:

       “Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!” (Ali-İmran, 51)  

      Yaradan deyir ki:

       “Siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım!” (əl-Bəqərə, 152) Baxın, burada yalnız qocalara deyil, bütün bəşəriyyətə xitab edir uca Allah.

      Rəsulullah (s.ə.s) belə buyurur:

      “Uşaqlarınıza yeddi yaşına çatanda namazı əmr edin...” (Buxari) Göründüyü kimi hələ uşaq yaşdan etibarən Yaradanla ünsiyyətə öyrədilir insan.  

      İbadət dedikdə insanın ağlına ilk gələn islamın 5 şərti və ya daha geniş mənada 32 fərz olur. Ancaq ümumi mənada ibadət bəndənin yalnız öz Yaradanına qarşı yerinə yetirdiyi bütün əməllərə deyilir. Şübhəsiz ki, insan yaşadığı bir ömür içərisində hər an bir hərəkət halındadır. Bu hərəkətlər onun gündəlik həyatını əhatə edir ki, müəyyən bir məqsəd və niyyətlə yerinə yetirildiyi təqdirdə ibadət sayılır. Beləcə insan gündəlik davranışlarında ibadətlə Yaradanı xatırlayır ki, O da, bəndəsini xatırlayır.

      Nəzərə asaq ki, təkcə insan deyil bütün yaradılmışlar Rəblərinə ibadət halındadır. “Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər!” (ər-Rəd, 15) Bu ibadətdən qafil olan yeganə varlıq insandır. Halbuki, insan digər varlıqlardan daha çox ibadət halında olmalıdır.

      İbadət ki, Yaradılışın ən böyük qayəsi, Yaradana ucalan ulu bir yolun ilkin pilləsidir.

      İbadət ki, Allah ilə bəndə arasında canlı bağlantıdır.

      İbadət ki, qulluq şüurunu yeniləyən, insanı “əhsəni-təqvim” mərtəbəsinə ucaldan bir əməldir. Bütün bu üstün keyfiyyətləri özündə cəmləyən ibadət vəzifəsini yerinə yetirənləri: “(Ya Rəsulum!) Belə möminləri (cənnətlə) müjdələ!” (Tövbə, 112) buyurur uca Allah.

      Xülasə, ibadətin başlanğıc zamanı ahıllıq çağı deyildir. Həddi-büluğa çatdıqdan sonra “Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” (Hicr, 99) əmrinə tabe olaraq hər bir insanın borcudur ki, Rəbbinin hüzurunda insanlıq vəzifəsini yerinə yetirsin. 

      • Hits: 987 clicks

      Tecox component by www.teglo.info