Düşünmək Və İnanmaq / Mustafayev Nazim

      Share

      Allah təala düşünmək və inanmaq qabiliyyətini yer üzündə yalnız insana vermişdir. Düşünmək təkcə insana məxsus bir xüsusiyyət olduğu kimi, inanmaq da eynilə insana məxsus bir xüsusiyyətdir.

       Necə ki, hiss etmə qabiliyyəti heyvanlarda var olan bir xüsusiyyətdir, düşünmə və inanma qabiliyyəti də varlıqlardan ancaq insana verilmiş, ona məxsus edilmişdir.

      İnsanı insan edən və onu digər yaradılmış varlıqlardan ayıran əsas üstünlük və məziyyət ona verilmiş olan ağıldır. Ağlın təmsil etdiyi düşünmə hissi kimi, dinin təmsil etdiyi inanma və iman gətirmə də insanla birlikdə mövcud olmuşdur. İnsandakı düşünmə ilə inanma qabiliyyət və istedadının bir-birindən ayrılmaz iki parça olduğunu, Quranın ümumi ruhundan və sünnənin ümumi üslub və metodundan anlamaq olar.

      Ağıl sahibi bir insanın düşünmək xüsusiyyəti olduğu kimi, inanmaq kimi fitri bir xüsusiyyəti də vardır.

      Hz. Adəm insan olması baxımından ağlı və düşünmə xüsusiyyətini təmsil etdiyi kimi, Peyğəmbər olması baxımından da dini və inancı təmsil edir. Bu səbəblə də inanmaq və düşünmək, insana mənsub olmaq baxımından bir-birlərindən ayrı deyillər.

      Hz. Adəm ilk növbədə bir insandır, düşünən, ağıl sahibi olan bir varlıqdır, bundan sonra isə peyğəmbər və dinin təmsilçisidir. Çünki din, mahiyyət etibarı ilə ağıl sahibi olanlara xitab edir.

      Bu iki dəyərin eyni insanda birləşməsi də, inanma ilə düşünmənin bir-birlərilə əlaqələrinin olduğunu ortaya çıxarır.

      Ağıl və düşüncə bəzən içindən çıxa bilmədiyi promlemlərin həll edilməsində, üfüqünün genişlənməsində, bəsirəti bağlandıqda və korlaşdıqda onun önünü açıb yol göstərməsində həmişə dinə və inanmağa borclu və möhtac olmuşdur.

      Eddington adlı bir mütəfəkkir elmin ortaya qoyduqlarının xaricində başqa bir həqiqəti qəbul etməyən elm adamını sadəcə bir torla dənizə çıxan balıqçıya bənzədir. Balıqçı torunun tuta bilmədiyi balıqların var olduğuna inanmaz. Elmin çata bilmədiyi həqiqətləri yox sayan bir mütəfəkkirin vəziyyəti də bu balıqçıdan fərqli deyildir.

      İnsan düşüncəsinin bir çox mövzuda ilahi vəhyin nurundan uzaq qaldığını söyləmək mümkün deyildir. Ammonius Saccas adlı bir mütəfəkkir bu təsirlənməni açıqlamaq üçün məşhur filosof olan Platon haqqında; “O, yunanca danışan Musadır” demişdir. Yəhya ən-Nəhvi də Platonun Hz. Musadan ilham alaraq öz fəlsəfəsini təkmilləşdirdiyini və inkişaf etdirdiyini iddia edir. İnsanlar hansı dövrdə yaşadıqlarından asılı olmayaraq ilahi vəhyin nurundan məhrum edilməmişdirlər.

      İslam dininə gəldikdə isə, burada “Allahın zatının düşünülməsi” xaricində bütün düşüncə və elm fəaliyyətlərinə icazə verilmiş və sərbəst buraxılmışdır.

      Ağıl və düşüncə dinsiz və inancsız doğru yolu tapa bilmədiyi kimi, din və inanc da ancaq ağıl ilə anlaşıla bilər və açıqlanar. Düşünmək gözə, inanmaq isə işığa oxşayır. İşıq olmazsa göz görə bilməz. Göz olmadıqda da sırf işıqla da görmək mümkün deyildir. Düşüncə dinin rəhbərliyindən məhrum qaldıqda, işığın yoxluğu səbəbilə gözün aciz qaldığı kimi, bir çox şeydən aciz qalır. Başqa bir ifadə ilə inanc bir binadır, düşünmək isə onun təməlidir. Binasız təməl mənasızdır. Təməlsiz bina isə ayaqda dura bilməz.

      Düşünmək və inanmağın hansının ilk və əvvəl gəldiyi haqqında Paul Regnaud adlı mütəfəkkir belə demişdir: “İlk mütəfəkkirlər dini mətnlərin ilk müfəssirləri və açıqlayıcıları olmuşdurlar”.

      Ağlın əsli düşünmək, dinin əsli isə inanmaqdır. Qəzalinin ifadəsi ilə inanmaq və iman gətirmək; “ruhani bir zövq və həzz halını yaşamaqdır”. Düşünmə ilə məşğul olarkən bir fikrə sahib olmaq lazımdır. Dini yaşayarkən isə inanmaq, anlamaq, hiss etmək və ibadət etmək lazımdır. Ancaq inanmaq, dua etmək və ibadətin düşüncə və təfəkkür yönü olduğu kimi, düşüncə və təfəkkürün də dini və inanc yönü vardır.

      Mustafayev Nazim

      mustafayev-nazim@rambler.ru

       

      • Hits: 1107 clicks

      Tecox component by www.teglo.info