Məsnəvidən / Kamran Məmmədov

      Share

      Səbirsiz qadın...

      Bir qadın ərinə belə dedi:

      “- Mənə heç baxmırsan, niyə belə edirsən? Nə vaxta kimi bu qıtlıqda qalacağam?”

      Əri cavab verdi:

       “- Mən keçim üçün çarə axtarıram. Çılpaq olsam, da əl və ayağım çalışır. Boğazına və paltarına baxmaq fərzdir. Mən ikisinə də baxıram. Bu xüsuslarda heç bir korluq çəkmirsən.”

      Qadın köynəyinin qolunu göstərdi. Köynəyi çox sərt və kirli idi. Sonra belə dedi:

      “- Sərtlikdən bədənimi yeyir, kim kimə belə bir paltar geyindirər ki?

      Kişi:

      “- Ey qadın!” dedi, sənə bir sualım var. Mən yoxsul adamam, əlimdən ancaq bu gəlir. Ancaq bir düşün. Bu daha pisdir, yoxsa boşanmaq. Sənin üçün bu daha ağırdır, yoxsa ayrılıq?

      Mömin və filosof

      Bir mömin məclisdə söhbət edirdi:

       “- Kainat sonradan yaradıldı. Yox olacaqdır. Əbədi olan ancaq Allahdır.”

      Bir filosof buna etiraz etdi:

      “- Sonradan yaradıldığını haradan bilirsən? Yağış buludun sonradan yaradıldığını necə bilər?  Bu kainatda sən bir zərrə belə deyilsən, sonradan yaradıldığını necə  biləcəksən? Zibillik içindəki bir balaca qurd dünyanın başını-sonunu necə bilər? Sən bu sözləri kimdənsə eşitmisən, təkrar edib durursan.”

       Mömin belə cavab verdi:

       “- Allahı inkar etdin. Gecə-gündüzü ardarda gətirəni, ruzi verəni yox saydın.”

       Filosof yenə dilləndi:

       “- Mən dəlilsiz, əsassız sözü qəbul etmərəm. Dəlilini gətir”.

       “- Dəlil könlümdədir. İçimdə gizli bir dəlil var. Gözü zəif olan hilalı görə bilməz, sənin gözün zəifdir. Amma mən görürəm.”

      Söhbətə qulaq asanlar çaşıb qaldılar. Axırda mömin belə dedi:

       “- Mən kamil iman etdim. İnancı kamil olan atəşə girsə də yanmaz.”

      Filosofsa belə dedi:

      “- Mən belə bir şeyə inana bilmərəm. Hər kəsin görə biləcəyi dəlil lazımdır.”

      Nəhayət mömin dedi ki:

       “- Xalis qızıl ilə saxta qızıl mübahisə etsə, imtahan yeri atəşdir. Atəşə girdikləri zaman hansının həqiqi, hansının saxta olduğu ortaya çıxar. İkimiz də atəşə girəcəyik.”

       Beləliklə ikisi də atəşdən (cəhənnəmdən) keçdilər. Mömin qurtuldu, inkar edən isə yanıb kül oldu.

      Ərəb atlarına həsəd aparan uzunqulaq

      Bir adamın yük daşıdığı uzunqulağı vardı. Uzunqulağın belində ağır yüklərdən açılmış yaralar vardı. Arpa bir tərəfə, quru otla belə qarnı doymurdu. İztirab içində yaşayırdı. Sahibi də kasıb olduğu üçün ona yaxşı baxa bilmirdi.

      Bir gün padşah sarayının əmiraxuru köhnə dost olan uzunqulağın sahibi ilə rastlaşdı. Hal-xətir soruşduqdan sonra “Bu uzunqulaq niyə bir dəri, bir sümük qalıb?” –deyə soruşdu.

      Adam cavab verdi:

      “Mənim yoxsulluğumdan bu dili-ağzı bağlı heyvan yeməyə saman belə tapmır.”

      Əmiraxur:

      “Onu bir neçə günlük mənə ver. Aparıb padşahın atlarının yanına bağlayım, bir az özünə gəlsin, qüvvətlənsin.” –dedi.

      Uzunqulağın sahibi heyvanı xeyirxah dostuna verdi, o da aparıb padşahın axırına bağladı. Uzunqulaq bol yemlə bəslənmiş kök, güclü ərəb atlarını gördü. Ayaq basdıqları yerlər sulanmış, süpürülmüşdü. Vaxtlı-vaxtında samanları, arpaları verilirdi. Atların qaşovla tumarlandığını görüb dayana bilmədi, başını yuxarı qaldırıb:

      “- Ey böyük Allahım!” –dedi.

      “Deyək ki, mən bir uzunqulağam, amma Sənin məxluqun deyiləmmi? Axi nə üçün pərişan haldayam, belim yaralar içindədir? Hər gecə yaralarımın sızıltısından, qarnımın aclığından ölümü arzulayıram. Bu atlara baxıram, bol yem yeyirlər, rahatlıq içində ömür sürürlər. Axı niyə ancaq mən əzab və bəla çəkməliyəm?”

      Bu zaman anidən döyüş səsi eşidildi. Ərəb atlarını yəhərləyib müharibə meydanına apardılar. Döyüş əsnasında düşmən oxları ilə oxlandılar, hər tərəfdən yara aldılar. Bir neçəsi öldü. Döyüşdən sağ çıxan atlar güclə özlərini axıra çatdırdılar və bir tərəfə leş düşdülər. dərhal ayaqları möhkəm kəndirlərlə bağlandı, nalbəndlər sıraya durdular. İti bıçaqlarla yaralarını yarır, ox və nizə qırıqlarını çıxarırdılar.

      Bunları görən uzunqular:

      “- Ya Rəbb!” dedi: “Mən kasıblığımdan, sağlığımdan razıyam. O gözəl yemləri də istəmirəm, o çirkin yaraları da. Firavan yaşamaq istəyən, xilas olmaq istəyən dünyanı tərk edər.”

      • Hits: 839 clicks

      Tecox component by www.teglo.info