Nə Qədər Sevməliyik? / Sedat Demir

      Share

       

      İnsan həyatı yaşama sevinci ilə ölüm ürpərtisi arasında keçər. Ancaq həyatı gözəlləşdirərək ölümü şirin xəyala çevirmək mümkündür. İnsan ölümlü dünyada ölümsüzlük axtarışındadır. 

      Ölümsüzlüyə təşnədir. Əməlləriylə bizim üçün sədəqeyi-cariyə olacaq övladlarımız bu baxımdan çox önəmlidir.

      Bizə əmanət olaraq verilən övladlarımızın yetişdirilməsi böyük əhəmiyyət kəsb edir. Mükəmməl yetişdiriləcək uşağın mükəmməl atmosferdə olması lazımdır. Bu atmosfer ilk növbədə ailə, sonra isə çevrədir. Uşaq su kimi girdiyi qaba görə şəkil alır.

      Uşaqlarımızın oturub-duracağı, dostluq edəcəyi yoldaşlarını, gedib-gəldiyi yerləri dəyərlərinin sövq etdiyi duyğulara görə təyin etməmişiksə, istəmədiyimiz davranışlar sərgiləmələrinə göz yummuş olarıq. Onları ətraf mühitdən təcrid etmək düşüncəsində deyilik. Lakin daxil olduqları mühitdə yoluxacaq viruslara qarşı onları müdafiə edəcək anti-virus proqramları yükləmək lazımdır.

      Sözünü etdiyimiz bu xüsusları yerləşdirmək üçün, onları böyütmək üçün bizə verilmiş ən böyük sərmayə məhəbbətdir. İnsan oğlu ölümsüzlük arzusundadır. Bu arzusunu həyata keçirəcək varlıq kimi öz uşaqlarını görür.  “Onların malları və övladları səni təəccübləndirməsin” ayəsi bunu xatırladır.

      Heç bir valideyn övladına gözəl əxlaqdan daha yaxşı miras qoymamışdır. Bu dünyadan köçdükdən sonra əməl dəftəri bağlanmayacaq üç qrup insandan biri saleh övlad olaraq zikr edilir hədisdə.

      Ümumiyyətlə övladlarımıza taxt qurma dərdindəyik... Əcəba, bəxtlərini qurma xüsusunda səylərimiz nə ölçüdədir. Qursağımızdakı bir parça haram, ya da hər hansı bir yolla əldə etdiyimiz şübhəli qida - bu, həyat yoldaşımıza da aiddir – o uşağın pis yola düşməsinə səbəb olacaq amillərdən biridir.

      Allah təala bir övlad verdikdə, Quranın bir ayəsində ifadə edildiyi kimi, bütün qəlbimizlə və hədsiz məhəbbətlə ona yönələrək, haşa, Allahı sevmək ölçüsündə bir əlaqə ifratına girməməliyik.

      Onların namaz qılmalarını arzu ediriksə namazımızı gözləri önündə həssaslıqla, kamil şəkildə əda etməli, Allaha qarşı ədəbin sərhədləri məsələsində tövrümüzü ortaya qoymalıyıq. Daima düz danışmalı və yalandan uzaq durmalıyıq. Onların pis söz söyləməsini istəmiriksə, yaşadığımız evdə pis söz danışmamalı və onların hafizə lüğətlərinə bu cür sözlərin yazılmasının qarşısını almalıyıq. İzzətli olmalarını, namuslu yaşamalarını, öz namusumuz qədər başqalarının da namusuna həssas yanaşmalarını istəyiriksə, eyni vəziyyətin o evdə yaşanmasını təmin etməli və bu işin ilk qəhrəmanları biz olmalıyıq. Qurani-Kərim oxumalarını, Quranın həqiqətlərindən agah olmalarını düşünürüksə, o evin içində səhər-axşam onların duyacağı şəkildə Quran oxumalı, müzakirə etməli, Quranın uca mövqeyinə ehtiramla yanaşmalıyıq ki, onları təzadlar içinə salmayaq. Biz nə öyrədiriksə öyrədək, onlar gördüklərini edəcəklər. Ata-ananın gözəl örnək olması mühümdür.

      Söz, duyğu, qəlbi həyəcanlar və davranışlar evdə ən təsirli tərbiyə əsaslarıdır. Bu sadaladıqlarımız haqda mütləq ciddi düşünmək lazımdır. Əks təqdirdə məsələni sadəcə başqasına bağlayıb “bu uşağa tərbiyə ver, nə isə öyrət” desək, övladlarımıza heç nə öyrədə bilmərik.

      Bizə Allahın lütfü olaraq ehsan edilən balalarımız “Onların malları və övladları səni təəccübləndirməsin; Allah bunlarla ancaq onları dünyada ikən əzablandırmaq və canlarının onlar inkar içindəykən çətinliklə çıxmasını istəyir” ayəsində olduğu kimi əzab səbəbimiz ola bilər. 

      • Hits: 822 clicks

      Tecox component by www.teglo.info