Ticarət Əxlaqi / Dr. Mehman İsmayılov

      Share

      Hər məsələdə bizdən əxlaqlı olmağı tələb edən Quran ticarətdə də əxlaqlı olmağı tələb edir. İqtisadi fəaliyyətlərimizə yön verən iqtisadi zehniyyətin formalaşdırdığı iqtisadi düşüncə deyil,

       sosial və psixoloji ünsürlərlə hörülmüş zehniyyətdir. İnsanlar sadəcə o və ya bu şəkildə hərəkət etməklə qalmazlar, eyni zamanda hərəkət tərzlərinin doğru olduğuna özlərini inandırmaq üçün öz fəaliyyətlərinə, özləri də çox dəfə bilmədən mənəvi şeylər qatma ehtiyacını hiss edərlər. Beləliklə fərdlərin iqtisadi fəaliyyətinə təsiri olan düşüncələrin və əxlaqi prinsiplərin əsasını iqtisadi zehniyyət formalaşdırır. (S. Ülgener, “İktisadi Hayatta Zihniyetin Rolü ve Tezahürleri”, İktisat Fakültesi Mecmuası II, İstanbul: 1940, s. 357-358.)

      Quran ayələrindən çıxardığımız nəticəyə görə iqtisadi həyat həyatımızdan ayrı deyildir, həyatımızın bir parçasıdır. İqtisadi həyatda da bəzi əxlaqi prinsiplərə tabe olma məcburiyyəti vardır. Quranda bəhs olunan ticari əxlaqsızlar bir cəmiyyətin gələcəyini formalaşdırmada təkbaşına güclü faktor sayılmasalar da, formalaşdırdıqları zehniyyətin təsiri ilə toplumun parçalanmasına və yıxılmasına gətirib çıxara bilərlər.

      Quran “Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin.” (Hud, 84), “Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun...” (Hud, 85), “Ölçüdə və çəkidə düz olun.” (Ənam, 152) buyuraraq ticarət əxlaqının əhəmiyyətini vurğulamışdır.

      İlk ayəni təfsir edən müfəssirlərə görə Mədyən xalqı ticarət zehniyyətinin, qarmaqarışıq ticarət əlaqələrinin olduğu və ticarətdə hiylə və saxtakarlıqların yayıldığı bir cəmiyyət idi. Ancaq bu ayənin verdiyi mesaj sadəcə o dövr üçün deyil, eyni zamanda bizim zəmanəmizə də aiddir. Hz. Şüeyb qissəsində qəsd olunan, Quranın hər dövr və hər cəmiyyət üçün dilə gətirdiyi ümumi əxlaqi prinsipdir ki, bu da, fərdin bəşəri əlaqələrdə dürüst olmadıqca - yəni, həm mənəvi sahədə, həm də ictimai sahədə dürüst olmadıqca- Allaha qarşı da dürüst ola bilməyəcəyi prinsipidir.

      Bəşəri əlaqələr və əxlaq qaydaları, mütləq, dəyişən faktorlardan təsirlənməyən möhkəm təməl üzərində bərqərar olmalıdır. Əgər sosial əlaqələr və əxlaq qaydaları dəyişməyən təmələ dayanarsa, maddi və qısamüddətli mənfəətlərdən təsirlənmədikləri kimi, sosial mühit və bu mühitə hakim olan mənfi təsirlərdən də uzaq qalarlar.

      Quran “ Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki özləri insanlardan  (bir şey) aldıqları zaman onu tam ölçüb alar, onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əksildərlər. Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?! Özü də dəhşətli bir gündə?!”  (əl-Mutaffifin,1-5) ayəsi ilə ticarətdə əxlaqsızlıq edənlərin cəzalandırılacağını bildirir.

      Hədis qaynaqlarına baxdığımız zaman burada da ticarət əxlaqına geniş yerin ayrıldığını görürük. Bu hədislər içində “ Dürüst və güvənilən tacir nəbilər, siddiqlər və şəhidlərlə birlikdədir” (Tirmizi, Büyü, 4) hədisi Hz. Peyğəmbərin ticarət əxlaqına yanaşma tərzini ortaya qoyma baxımından çox önəmlidir.

      Hz. Peyğəmbər ticarətdə dürüst olmaq və yalandan uzaq durmaq barədə belə buyurmuşdur:

      “Alver edən iki nəfər (yəni satıcı ilə alıcı) bir-birindən ayrılana qədər sərbəstliyə sahibdirlər. Bunların hər biri dürüst və doğru söylər və (maldakı nöqsanları) bir-birinə deyərlərsə, bu alverdə onlar üçün bərəkət vardır. Əgər iki tərəf də (malın və mal əvəzində verilən şeyin) nöqsanını gizlədər və yalan söyləyərlərsə, bu ticarətin bərəkəti olmaz.” (Buhari, Büyü 19, 22; Müslim Büyü, 47)

                  Nəticə olaraq deyə bilərik ki, islam dini bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də əxlaqa çox geniş yer vermişdir.

      • Hits: 631 clicks

      Tecox component by www.teglo.info