Nəslin Ehyasi Millətin Ehyasidir / Salih Zeki Meriç

      Share

      Millətlərin ümidi o milləti formalaşdıran fərdlərin ümidi kimidir. Yaşamaq üçün ümid lazımdır. Xəyallar və gələcəyə aid ümidlər hər yönü ilə var olmağın şərtidir. 

      İnsan nəfəs alıb-vermək qədər incə bir cizginin üzərində ikən ona verilən sonsuz dəyəri yenə onun varlığını mənalı qılan uca Yaradanın ona baxış tərzindən almaqdadır. Bir vəlinin “Allaha sahibsən nədən məhrumsan, Allahdan məhrumsan nəyə sahibsən?” ifadəsi insana məna verən gerçək amilin nə olduğunu necə də gözəl anladır.

      Biz keçmişimizin ümidiyik, bizdən sonrakılar da bizim ümidimiz. İnsan daima yaxşı ilə pis arasında bir mücadilənin içindədir.

      Hər millət yaşadığı müddət ərzində gələcəyini əmanət edəcəyi nəsilləri öz əlləri ilə yetişdirir. Öz gələcəyini hazırlayır. Mənəviyyatdan, millət və vətən sevgisindən uzaq, daima başqalarına həsədlə yetişdirilən nəsillərin millətinə faydalı olacağını gözləmək əbəsdir.

      Öz insanını anlamağın yolu o insanların könül və qəlb dilini bilmək, onların çəkdiyi acı və iztirablara ortaq olmaq və onların hər halı ilə həmhal olmaqdan keçir.

      Nəslin sağlam və dinamik olması sağlam evliliklər və sağlam ailə yuvaları ilə mümkündür. İnsan həyatında dönüş nöqtəsi deyə biləcəyimiz bir neçə xüsus vardır. Böyüklərimiz bunu müxtəlif təsniflərə ayırsalar da qısaca: doğum, evlilik, kişilər üçün əsgərlik və bir də ölümdür. Bunlar insan həyatının məhək daşlarını formalaşdıran hadisələrdir. İnsan bu hadisələrdə daima bir yol ayrıcında və daima seçim etməklə qarşı-qarşıyadır. Bəlkə də doğum və ölüm bizim seçim etməyəcəyimiz hadisələrdir, amma ən azından bu iki mühüm hadisənin arasında keçəcək olan ömrümüzün keyfiyyətinə insani iradəmizlə müdaxilə edə və həyatımızı faydalı, mənalı hala gətirə bilərik. Ya da yaşadığımız həyatımızla ölümümüzün necə olacağına təsir edə bilərik.

      Zəmanəmizdə get-gedə artan mənəvi səfalət ilk növbədə gənc nəslimizin istiqamətdən ayrılmasına və özləri ilə əvvəlki nəsil arasında uçurumlara səbəb olmaqdadır. Bütün dinlərin ortaq şəkildə birləşdiyi bu beş dəyərin qorunması insana, xüsusilə də gələcək nəslə nə qədər əhəmiyyət verilməsinin gərəyini göstərir: ağlın, nəslin, malın, dinin, həyatın qoruma altına alınması cəmiyyətin var olma zəmanətidir.

      Həyatımızın dönüş nöqtələrindən biri olan evlilik sosial hadisə olaraq ən çox həssaslıq göstərəcəyimiz mövzudur. Evlilik insanlığın var oluşundan bəri davam edən və nəslin qorunmasını ən sağlam bir şəkildə zəmanət altına alan bir müəssisədir. Təəssüf ki, bu gün evlilik müəssisəsini yox etmək üçün çalışan və qismən də müvəffəq olan anlayışlar cəmiyyətlərin iflasına səbəb olmuşlar. Ailə insan fitrətinə ən uyğun, qadının və kişinin bir-birilərinə şəfqət və mərhəmət qanadlarını açacaqları bu sevgi iqlimində uşaqlarını böyüdəcəkləri bir sahədir. Bu, hər yönü ilə insanidir. Evlilikdən kənar əlaqələrin və bu əlaqələr səbəbi ilə ortaya çıxacaq nəticələrin nə kimi fəlakətlər doğurduğunu anlatmağa gərək varmı, bilmirəm?

      Bu gün əxlaqi iflasın astanasında olan mədəniyyətlər öz gələcəklərini görə bilmirlər. Bu qaranlıq görünən gələcəyin qorxusu onların sabah yox olması deməkdir. Bu tarixi xətanı işləyən mədəniyyətlər bu qorxunu hər gün bir az daha düşünməkdədirlər.

      Bu gün qərbdə dünyaya uşaq gətirən ailələrə maaş verilməkdə və o uşağın müəyyən yaşa qədər bütün xərclərini dövlət təmin etməkdədir. Bu təlaşa düşən qərb dövlətləri islam ölkələrinin də öz hallarına düşmələri üçün bir yandan da boş dayanmamaqda və ailə planlaması adları altında müxtəlif fəaliyyətlər həyata keçirməkdədirlər.

      Araşdırmalar da göstərir ki, qərbin gələcəyi yoxdur. Çünki mövcud nəsil yaşlı nəsildir və gənc nəslin artımı xeyli azalmışdır. Bu, əslində insanlıq naminə kədərləndirici bir tablodur. İnsan öz gələcəyini öz əlləri ilə məhv edir. Halbuki bizim mədəniyyətimiz ailəni qoruma altına alaraq cəmiyyətin ən müqəddəs qurumu olaraq dəyərləndirir. Və bütün fəlakətlərin bu qurumun pozulması ilə başlaya biləcəyini xəbər verir. Qərbdə əsil-nəcabəti bilinməyən uşaq sayı durmadan artmaqda, hürriyyət adına əxlaqsızlıq qanuniləşməkdədir. Əsasən də gənclərin şəxsiyyətlərinin formalaşma mərhələsində qarşı cinsə olan münasibətləri hər cür əxlaqi anlayışın iflasına, xüsusilə ailə qurumuna baxış tərzinin formalaşmasında mənfi təsirlər doğurmaqdadır.

      Nəticə olaraq deyə bilərik ki, nəslin ehyası millətin ehyasıdır. Nəslin məhvi də millətin məhvidir. Mənəvi qidadan yoxsul və maddəçi zehniyyətlə yetişdirilən nəslin nə öz millətinə, nə də başqasına faydası olar.

       

       

      • Hits: 983 clicks

      Tecox component by www.teglo.info