Yaxinliqdan Ötürü Qaçib Getmiş Yaxinliq / Nurlan Məmmədzadə

      Share

      “- Oğlum, şam yeməyi hazırdır, gəl!

      - Yox, ana, mən yeməyəcəyəm. Yolda gələndə dönər yedim.”

      “- Ata, mən bu gecə internet-klubda olacağam, nigaran qalmayın!”

      “- Biz uşaqlarla yedik, əllərini yu, yeməyini hazırlayıram.”

       

      Artıq bir çox mədəniyyətlərin dəbdə olduğu cəmiyyətimizdə tez-tez təsadüf etdiyimiz bu cümlələr yeni populyarlaşan qlobal cümlələrimizdəndir desək hər halda səhv etmərik. Qloballaşan dünyanın özünəxas qlobal problemlərindən biri də ailə və nəsil binasını yıxmağa yönəlmiş bəlalardır.

      Bir çoxunu kiçik yaşlarında gördüyüm, bir çoxunu da böyüklərimdən eşitdiyim və artıq keçmişə aid xatirələrdən ibarət bir neçə mənzərə canlanır gözümün önündə. Ağ-qara kadrlar gəlir xəyalıma.

      ... Əvvəllər qohum-əqrəba bir-birinə tez-tez gedib-gələrdi. Hamı bir-biri ilə yaxın idi. Yay axşamları hamı həyətdəki ağacın və ya çardağın altında oturar, yaşca kiçik olanlar samovara od salar, çay dəmləyərdilər. Xalaların, dayıların, əmilərin, bibilərin, olduğu çay söhbətlərində keçmiş keçəndən danışılar, maraqlı hadisələr yad edilər, maraqlı oyunlar oynayardılar. Gecəyə qədər davam edən söhbətlər, zəka oyunları o qədər şirin olardı ki, heç kim yatmaq istəməzdi. Yatanda da həmyaşıd oğlan uşaqları bağın külafirəngisində, sərin havada yatardılar. Sevgi atmosferində əsən sərin meh özü ilə sanki sevgi havası gətirirdi. Bugünkü uşaqlardan külafirənginin nə nə olduğunu soruşsaq əcəba, neçəsi doğru cavab verər?

      Böyüklər gəlmədən süfrəyə oturulmazdı. Süfrə arxasında böyüklər çörəyə əl uzatmadan yeməyə toxunulmazdı. Nə süfrə arxasında, nə də ailə söhbətlərində balacalar böyüklərin sözünü kəsməz, söz deyəndə də ədəb libasına bürünərdilər.

      Bayram yaxınlaşıb, hazırlıqlar başlayanda tamam fərqli ab-hava hökm sürərdi ailələrdə. Hamı bir yerə toplaşar, xalalar, bibilər, gəlinlər, baldızlar səfərbər olar, birlikdə bişirərdilər bayram şirniyyatını. Eynilə atalarımızın torpağı birlikdə əkib-becərməsi kimi. Birlikdə əkilən, biçilən buğdanın unu da birlikdə bişirilərdi milli mətbəximizdə... Bayram ab-havasında... Hələ o əsnada hazırlanan paxlavadan, şəkərburadan daha şirin və ləzzətli söhbətləri demirəm.

      Bəzən qutab bişirmə mərasimləri keçirilirdi. Xanım-xatın bacıların, gəlinlərin əlindən isti, yağ damlayan qutabları alıb yeyən dəliqanlıların şüur altına özləri də bilmədən ailənin, nəslin arxası, dayağı olduqları fikri yerləşirdi. O düşüncə ilə formalaşırdı gənclərimiz. Kimin dərdi olsa qohum söhbətlərində dilə gətirər, küsülülər barışdırılardı... Daha nələr, nələr...

       Bütün sadaladıqlarım bü günə yad və uzaq məsələlərdir. Hər gün bir az daha uzaqlaşırıq bir-birimizdən. Hər kəs öz dərdinin ardınca düşüb. Dünyamızı o qədər korlamışıq ki, artıq nə o külafirəngilər, nə altında oturub çay içdiyimiz çardaqlar, nə də bir-birinə yaxın qohumlar qalıb. Özüylə mehribanlıq və sevgi tozları gətirən o sərin mehin yerini isə kürəsəl isinmə bəlası alıb. Göydələnlər o qədər ucaldı ki, ailə səmamızı dəldilər. İnkişaf edən texnologiyanın ozon təbəqəsini dəlməsi kimi. Artıq ayda-ildə bir dəfə yaxınları ziyarətə gedərkən izlədiyimiz serialın saatına görə planlaşdırırıq hər şeyi. Oynadığımız zəka oyunlarını internet-şəbəkə oyunları əvəz edib. Daha nələr, nələr...

      Hər gün bir az daha uzaqlaşırıq bir-birimizdən. İnsan oğlunun fitrətində torpaqla təmasda olmaq ehtiyacı var. Çünki torpaqdan yaranıb. Torpaqdan ayağı üzülən, binalarda yaşamağa alışan insanların get-gedə bir-birindən qopması, ailədaxili və qohumlararası əlaqələrin zədələnməsi ən böyük qlobal problemlərimizdəndir. Bugünün yaşam tərzi insanları bir-birindən çox uzaqlaşdırdı. Dahi türk şairi və mütəfəkkiri ustad Necip Fazıl “Apartmanlar” şeirində halımızı necə də gözəl dilə gətirir:

      “Üst-üstə insan türü,

      Bu nə həyat, götürü!

      Yaxınlıqdan ötürü

      Qaçıb getmiş yaxınlıq...”

      Halbuki qloballaşma və mədəniləşmə adı altında milli-mənəvi dəyərlərimizdən qopub yad eybəcərliklərin təsirinə düşməməliyik. Qloballaşma bu deyil. Əsl qloballaşma ailədən başlayır, nəsildən başlayır. Sağlam ailəyə sahib olmayan bir millət sağlam topluma sahib ola bilməz. Nəcib duyğular, həqiqi mədəni məfkurəylə qloballaşmayan ailə ilə müasir qloballaşmada özümüzü, kimliyimizi itirmək təhlükəsi ilə qarşı-qarşıyayıq. Qloballaşma demək maddənin  arxasınca düşüb, mənadan uzaqlaşmaq demək deyil. Qloballaşma ailə bütünlüyü, atalardan miras qalan mədəni irs ilə özünü bütün dünyada təmsil etməkdir.   

      • Hits: 900 clicks

      Tecox component by www.teglo.info