Dünya Maliyyə Böhranının Mənəvi Aspektləri / Ruslan Atakişiyev

      Share

      2008-ci ildə özünü daha qabarıq bir şəkildə büruzə verən Qlobal maliyyə böhranı dünya iqtisadiyyatının heç də hesab etdiyimiz kimi dayanıqlı və sarsılmaz olmadığını önə çıxartdı.

       Əslində iqtisadi inkişaf özü-özlüyündə tsiklik olduğundan o həmişə qalxıb-enən xətlər üzrə tərəqqi edir. İqtisadçılar bunu çox vaxt böhran – durğunluq – canlanma – yüksəliş – böhran kimi fazalara bölürlər.

      Qeyd edək ki, bəşər aləminin iqtisadi inkişaf tarixində qlobal iqtisadi böhranlar bir neçə dəfə olub və bunlardan ən məşhuru XX əsrin 29-33-cü illərində baş vermiş dünya iqtisadi böhranıdır. Ümumiyyətlə, beynəlxalq səviyyədə baş verən iqtisadi böhranlar əslində dünya iqtisadiyyatının qloballaşmasının təzahür formalarından biridir. Belə ki, beynəlxalq aləmdə dövlətlərarası iqtisadi inteqrasiyanın möhkəmlənməsi sonda onların daxili bazarının dünya iqtisadi məkanından asılılığını artırır. Nəticədə bu iqtisadi inteqrasiyada daha çox çəkiyə və digər dövlətlərlə iqtisadi əməkdaşlığa malik olan dövlətlərdə baş verən hər hansı bir iqtisadi tənəzzül dalğavari şəkildə digər ölkələrə də təsir göstərir. O cümlədən son illərdə bütün dövlətləri bürümüş dünya iqtisadi böhranı da öz başlanğıcını vahid beynəlxalq bazarda xüsusi çəkiyə malik olan ABŞ-dan götürmüşdür. Büynəlxalq təşkilatlar olan Dünya bankının, Beynəlxalq Maliyyə Fondunun və digər bu kimi qurumların ekspertlərinin qiymətləndirmələrinə əsasən hazırki böhranın baş vermə səbəblərindən biri ABŞ-ın ipoteka (daşınmaz əmlak krediti) bazarında baş vermiş tənəzzüldür. Belə ki, ipoteka bazarında kreditə olan tələbatın böyüməsi və ABŞ iqtisadiyyatında mövcud olan iqtisadi yüksəliş səbəbindən Banklar daha çox qazanc əldə etmək üçün vəsaitlərin verilməsi proseduralarını daha da asanlaşdırmış və müştərilərin seçimində sosial fərqlərə əhəmiyyət verməmişdir. Həmçinin, əmlak dəyərindən baha qiymətə satılaraq ipoteka bazarında spikulyasiya və yalan şayələrin buraxılması ilə yaranan qiymət fərqləri arasında külli miqdarda vəsait qazanılırdı.

      Bütün bunlar əslində məsələnin iqtisadi, daha doğrusu görünən maddi tərəfidir. Əslində bu böhranın yaranmasında dərin mənəvi problemlər də dayanmaqdadır. Biz burada onlardan yalnız birinə Rəsulullah (s.ə.s)-in hədisləri işığında nəzər salmaqla ümumilikdə qeyri-ədalət prinsiplərinə dayanan və yalnız şəxsi gəlirlərini düşünərək mənfəət arxasınca qaçmağın necə də ağır nəticələrə gətirib çıxardığını önə çəkmək istərdik.  

      Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi böhranın yaranmasının səbəblərindən biri də ipoteka bazarında hətta əmtəə, valyuta və fond birjalarında (bazarlarında) spikulyasiya hallarının artması olmuşdur. Belə ki, bura alıcı və satıcı arasına girərək alqı-satqı prosesində iştirak edib arada pul qazanmaq və qiymətlərin qaldırılması üçün şayələrin buraxılması kimi məsələləri aid etmək olar. Bununla bağlı Əbu Hüreyrə (r.a) yolu ilə nəql edilmiş bir hədisdə Rəsulullah (s.ə.s) belə buyurur: “(Alıcı olmadığınız halda) müştəri ilə satıcının arasına girməyin.”[1] İbn Əbi Əvfanın nəql etdiyi digər bir hədisdə: “Müştəri qızışdıran, riba yemiş xaindir. Bu iş batil bir aldatmadır və halal deyildir.”[2] – deyə qeyd olunur.

      Bütün bunlar onu deməyə əsas verir ki, insan övladı ilahi nizam və intizama tabe olmadıqca, yalnız öz mənfəətini güdmək dalınca haram və halalı ayırd etmədən getdikcə nəticədə zərərlə üzləşər. Amma pis görünən hər bir hadisədə bir xeyir olduğu kimi dünya maliyyə böhranı da insanların artan nəfslərinin haradasa cilovlanmasına və bizi əhatə edən cəmiyyətin qayğısına qalmağa, həmçinin ilahi nizama tabe olmağın zəruriliyinə diqqətləri cəlb etdi.

      Bu hadisədə bəlkə də haqq-ədalət tərəzisinin pozulmasının yüzlərlə hətta minlərlə göstəricilərini tapmaq mümkündür. Allah bizi nəfsimizin tamahkarlığından qorusun. Amin.

       


      [1] Buxari, büyü 58; Müslüm, büyü 11, (1515) Nigah 52 (1413)

      [2] Buxari, büyü 60

       

      • Hits: 728 clicks

      Tecox component by www.teglo.info