Bir Əlyazma Nağili / İskəndər Pala

      Share

      Bir kitabın gözəlliyi sadəcə içindəki mövzunun bizi cəzb etməsi ilə deyildir. İncə zövqə sahib olanlar kitabın elmi və bədii qiyməti ilə yanaşı onun şəkli və təbii gözəlliyinə də etibar edərlər.

       Günümüzdə nəşr olunan kitabların əksəriyyəti bu zövqdən məhrumdur.

      Zahiri gözəllik əşyaya ruh verər. Bir şeyin bəyənilməsi, sevilməsi və yaşaması üçün onun bir ruhu olmalı, yəni gözəllikdən nəsib alması şərtdir. Anlayan insanlar üçün vitrində görülən bir kitabın qapağının rəngindən və naxışından tutmuş adından və arxa qapaq yazılarından içərisinə doğru zəncirvari gözəllik ölçüləri vardır. Lakin təəssüflə qeyd edək ki, mətbəəçiliyin bu qədər tərəqqisinə, estetika elminin bu qədər yayğnlaşmasına, dizaynerlərin göbələk kimi çoxalmasına baxmayaraq, üzünə baxdıqda ruhunu bəyənəcəyimiz kitabların sayı bir o qədər də artmadı. Halbuki kitab Türk sənətinin əsalətini, qüdrətini, zəriflik və nəzakətini bir bütün halında göstərəcəyimiz nadir sahələrdən biridir. Atalarımız yüzillər uzunu bir çox sənət növlərini kitab çərçivəsində sərgiləmişlər. Bu baxımdan nə Van Qoqun çiçəklər, sünbüllər, ağaclar və çəmənliklərə verdiyi rəngləri, nə də İvan Konstantinoviç Eyvazovskinin gəmiləri, dalğaları, işıqları və qırılmaları meydana gətirən rəngləri qarşısında hər yönü ilə mükəmməl bir kitaba, bəlkə də bir əlyazma kitaba toxunmağın həzzi olmaz.  

      Könül və ruh sənətlərini ənənəvi əl işlərinin bir çox növünə bürüyərək zəbt etdiyi halda, bəlkə də sənətinin özünü yazı formalaşdırdığı üçün qədim zamanların kitablarına biz əlyazma deyirik. Onlarda da bir çox sənətkar əllərinin hünərini görmək mümkündür. Bəlkə də buna görə əski əlyazmaçılığın da çeşidli sənətlərdən topladığı özünəxas terminalogiyası olmuş, söz gəlişi kitabın hər bir səhifəsinə vərəq, ilk səhifəsi ilə cild qapağının iç qisminə zahriyə, başlığa sərlövhə, səhifə kənarlarına yazılan qeydlərə dərkənar deyilmişdir. Kitabın sonunda bir xatimənin olması da adətdir.

      İstərsəniz bir əlyazmanın macərasını izləyək və hər hansı bir divanı ələ alaq.

      Şair, rəhləsinin önündə dizini bükmüş, titrək şam işığında divarlara əks edən duman və alov kölgəsinə bulanmış misralarını yazar, şeirlərini toplayıb bir xəttata aparar.

      Xəttat əvvəlcədən yazmaq üçün hazırladığı kağızları götürərək şeirin ahənginə uyğun gəlməsi üçün ona şairin ruhundan ufürdüyü gözəlləyi verəcək xətti seçər, adamı heyrətə salacaq cizgilər və sətirlərlə səhifələri bəzəyər. O, əsl heykəltəraşdır. Hərflərinə baş, qaş, göz, boy, ayaq kimi bədən əzalarından adlar verərək çalışar.

      Təzhibçi şöhrəti bütün şəhərə yayılmış bir bəzəkçidir. Sənətini şeirə və xəttə uyğun olacaq şəkildə icra edər. Əcdadımız rənglərə hökm etməyə təzhib demişdir. Onların əlindəki kitab səhifələri gəlin kimi bəzənər, nazənin dilbərə çevrilər. Sürmələr, tutyalar, allıqlar, zərəfşanların bir-bir səhifə çöhrələrinə tətbiq olunması qarşısında zəmanəmizin bərbəzəyi cılız qalır.  Altun çərçivələr içinə alınan səhifələrə əlvan rəngli naxışlar çəkilib başlıqları lalələr, qərənfillər, qızılgüllərlə bəzədilir.

      Bu mərhələdən sonra kitabın miniatür ustasına yolu düşəcəkdir. Orada xüsusi boş qoyulmuş yerlərə şeirlərə uyğun surətlər, təsvirlər, tablolar çəkilir. Əksəriyətlə bitki-heyvan-insan üçbucağındakı bir təbiət ön plandadır. Miniatür ustasının gözündə məkan  məfhumu bu üçündən kənarda təcəlli etməz.

      Sonra növbə cildçiyə gəlir. Əvvəlcə vərəqləri əzmədən, səliqə ilə şirazəyə qoyar. Sonra xüsusi alətlə sıxıb kənarlarındakı artıqlıqlara estetik bir neştərlə nizam verir. Kitabın hər işi tamamlandıqdan sonra ona uyğun kostyumu biçmək məharət istər. Cildçi zərafətlə dabbağlanmış incə dəridən ona bir kaftan biçər. Onun da üstünə naxışlı guşələr, şəbəkələr çəkər. Onu geyindirmək ayrı məharət istər. İlk növbədə ebrulardan hazırlanmış iç paltara, sonra qalın bir astara ehtiyac olur.

      Ah, o təzə cild qoxusu!.. Təzə cildlərin o bərraqlığı, aydınlığı və təravəti!..

      Ah... Bu qədər sənətkarlığa, məharətə baxmayaraq əsərlərinə imzasını atmayan təvazökar ustalar!   

      Artıq bir divanın kitab olma prosesi beləliklə sona çatmışdır. Artıq məclislərdə dolaşacaq, könüllərdə zövq mənbəyi olacaqdır. Bir musiqi ustadının qulağına çatmaqla bəstələnən qəzəllər, şərqilər, mürəbbelər şux zövqlərin, gül söhbətlərin xidmətçisidir.

      Divandakı qəsidələr, mədhiyyələr hüzurlarda oxunduqca qabaran ruhları öz nəfis dalğalarında məsti-xumar gəzdirir və gündəlik kədərlərdən azad edər.

       

      Hər halda biz əlyazmaların qiymətini bilmədiyimiz kimi, nəşr etdiyimiz kitablara da qiymət qatmağı bacarmırıq. Halbuki tarixi kitabxanalarımızda bu zəngin estetik sənətin ən az 400000 ədəd nümunəsi mövcuddur

       

      • Hits: 1072 clicks

      Tecox component by www.teglo.info