Kimləri Sevməliyik? / Prof. Dr. Muammer ERBAŞ

      Share

      Sevgi Allah tərəfindən insana verilmiş ən üstün bir duyğudur. Sevgi xoşbəxtliyin açarıdır. Sevgi ictimai asayişin təminatıdır. İnsanın sağlam bir sevgiyə sahib ola bilməsi üçün kimləri necə sevməli olduğunu bilməsi də mühüm xüsusdur.

       Belə ki;

      a) İnsan ilk növbədə özünü sevməlidir: Özünü sevməyən insan başqalarını da sevə bilməz. İnsanın özünü sevməsi maddi və mənəvi cəhətdən ideal, sağlam və xoşbəxt olmasıdır. İnsan maddi cəhətdən güclü olmalıdır. Yəni, bədəni yöndən sağlam olmalı, başqasına möhtac olmamalıdır. Mənəvi cəhətdən də bilikli, inanclı və əxlaqlı olmalı, bunun üçün səy göstərməlidir. Hər birimiz ilk növbədə özümüzdən məsuluq (əl-Ənam, 6).

                  Özünü sevməyən insan maddi və mənəvi yöndən inkişaf edə bilməz. Məhz buna görə də hər iki cəhətdən o qədər də yaxşı halda olmayan bir insan dostuna, yoldaşına və ölkəsinə faydalı ola bilməz. Çünki belələrinin özü yardıma möhtacdır.

      b) İnsan öz ailəsini sevməlidir: Hz. Peyğəmbər “Hamınız çobansınız, ailə fərdlərindən məsulsunuz” (Buxari, 55 Vəsayə, 9) buyurmuşdur.

      İnsan öncə həyat yoldaşını sevməlidir. Çünki ömrü boyu bir yastığa baş qoymaqda, onunla qədərini paylaşmaqda və ən gizli sirlərini bilməkdədir. Qarşılıqlı olan bu əlaqə insanın axirətini də müəyyənləşdirir. Elə isə həyatı paylaşdığımız insanı sevəcək, bunu ona söyləyərək iltifat edəcəyik. Başqasına olan hirsimizi evdə həyat yoldaşımızdan çıxmamalıyıq. Ona qarşı ədalətli olmalı, başqalarının ayağına verməməliyik. Onunla məsləhət edərək planlarımızı paylaşmalı, hər şeyi birlikdə etməliyik. Çünki ər-arvad arasında uzlaşma yoxdursa, o ailədən və orada yetişən uşaqlardan xeyir gəlməz.

      Ailədə yoldaşımızdan sonra uşaqları sevməliyik. Peyğəmbər (s.ə.s) belə buyurur: “Kimin uşağı varsa, onunla uşaqlaşsın!” (Feyzul-Qadir, VI, 271) Lakin burada da onların tərbiyəsi xüsusunda səhlənkarlıq göstərməməyə diqqət edilməlidir. Onları həqiqi mənada sevmək, onları özünü idarə edə biləcək səviyyədə yetişdirmək deməkdir. Bunu da unutmamaq lazımdır ki, onların maddiyyatdan daha çox mənəviyyata ehtiyacı var.

      c) İnsan öz ata-anasını sevməlidir: Çünki ata-anaya qarşı yaxşı rəftar etmək Allahın əmridir. Bu xüsus Qurani-Kərimdə Allaha itaətlə yanaşı zikr olunur. (əl-İsra, 23-24) Hz. Peyğəmbərimizdən ən yaxşı əməlin nə olduğu soruşulduqda buna “Vaxtında qılınan namaz və ata-anaya yaxşılıq” deyə cavab vermişdir. (Müslim, I, 89) Bu mövzuda valideynlərin başqa dinə mənsub olması bizə əngəl olmamalıdır. Peyğəmbərimiz Əsma binti Bəkrə bütpərəst olan anasını ziyarət etməsini və onun ehtiyaclarını yoluna qoymasını tapşırmışdı. (Buxari, Ədəb 8)

      d) İnsan qohumlarını və yaxınlarını sevməlidir: Dinimizdə qohumluq və qonşuluq əlaqələrinın çox mühüm yeri vardır. Qurani-Kərimdə də qohumlara yaxşılıq etməyi təlqin edən ayələr vardır.  

      İnsanları sevməyə və onlara yaxşılıq etməyə əvvəlcə öz yaxınlarımızdan başlamalıyıq. İslamda zəkat, sədəqə və s. kimi yaxşılıqların ilk növbədə insanın yaxınlarından başlayaraq həyata keçirməsi lazımdır. Qohumlarla ünsiyyət insan üçün arxadır, dayaqdır. Öz yaxınlarını və qohumlarını sevməyən, onlarla maraqlanmayan kəslərin millət və ölkələrini sevməsi də düşünülə bilməz.

       

      e) İnsan öz millətini sevməlidir: İnsan sosial bir varlıqdır. Onun sosial mühitini ilk növbədə öz milləti formalaşdırır. İnsanın xoşbəxtliyi millətin xoşbəxtliyinə, millətin xoşbəxtliyi də onu formalaşdıran fərdlərin xoşbəxtliyinə bağlıdır. Belə olan təqdirdə hər kəs öz millətini sevməli, rahat bir həyat sürmək üçün iş birliyi etməlidirlər.

      Millət sevgisi əlbəttə ki, sözdən ibarət olmamalıdır. Milləti sevmək millətin yoxsul və kimsəsiz fərdlərinə yardım etməklə mümkündür. Yaşlılara hörmət göstərməklə mümkündür.

      f) İnsan bütün müsəlmanları sevməlidir: Eyni inancı, eyni ibadətləri və eyni duyğuları paylaşan müsəlmanlar Hz. Peyğəmbərin ifadəsiylə bir darağın dişləri kimi bir-biri ilə mütənasiblik təşkil etməlidir.

       

      g) İnsan bütün bəşəriyyəti sevməlidir: Müsəlman olan kəs bütün insanları sevməlidir. Çünki bizim düsturumuz Mövlananın ifadəsiylə “Yaradılanı sev, Yaradandan ötrü” şəklindədir.

      Allahı sevmək Onun yaratdığı hər şeyi sevməkdir. Onun yaratdığı ən qiymətli varlıq insan olduğu üçün Allahı sevmək insanı da sevməyi gərəkli qılır. Hətta insanlar içərisindən doğru yolda olmayanları da sevməliyik. İnanc yönündən bizdən fərqli olanları da sevməliyik. Onlarla aramızda olan fərqlilikləri deyil, ortaq tərəflərimizi düşünərək hər kəsə dəyər verməliyik.

      Bu barədə Quran ayəsində belə buyurulur: “Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.” (əl-Maidə, 32) Həzrət Peyğəmbər də “İnsan oğlu Allahın əsəridir. Bu əsəri yıxan, ona qarşı şiddət göstərən məlundur (lənətlənmişdir).” -buyurur.

       

      • Hits: 662 clicks

      Tecox component by www.teglo.info