Bir Gün Dünyanin Da Qəlbi Dayanacaq / Dr. İbrahim Baz

      Share

      Ey könlüm!

      Qırx illik bir gündür geridə qalan dünənki ömrün. Sabah məchullarla dolu. Gün bu gün, dəm bu dəm. Bir nəfəsdə həm doğulursan, həm də ölürsən. Elə isə nə üçün gözün hələ də dünəndə və sabahda qalıb? Nəfəsini nə üçün tükədirsən? Əgər dünənini düşünmək istəyirsənsə dünəndən əvvəli, ələst bezmini düşün. Sabahı istəyirsənsə sabahdan sonrasını, məhşər meydanını düşün. Bax gör hardan gəlib hara gedirsən. Əsas məsələ isə necə getdiyindir.

      Ey könlüm!

      Nə üçün bəyənmədiklərin durmadan artaraq göyə doğru yüksələn dağlara çevrilir. Halbuki göydən gələn nə varsa gözəldir. Yoxsa gözlərində görmə əngəli var? Güzgünün qarşısına keçib gözlərinə bir bax! Elə hey həqiqət axtarırsan. Yoxsa həqiqətin gerçək üzünü görmək üçün gözünün gerçək üzünü görəcək bir göz lazımdır sənə? Gözündəki pərdələri qaldır ki, üzündəki pərdələri də həqiqət qaldırsın. Sevmək kor olmaqdır. Sevdiyinin qüsurunu görməmək, sevdiyindən başqasını görməməkdir. Əsl görmək isə qüsur görməməkdir. Kaş ki, belə görən kor olsan.

      Ey könlüm!

      Dildarı arzulayırsan, amma qəlbin pak deyil ki, dildar mehmanın olsun. Qəlbin pak olmadığı üçün dodağın söyləyər sözü. Sözün doğrusu isə dodaqdan deyil, qəlbdən gələr. Qəlbin danışmağa başladığı zaman dilin də doğrunu söylər. Elə isə başındakı dildən əvvəl sinəndəki dili təzkiyə etmən gərək. Əgər könlündə səni incidən, qanadan bir tikan varsa, onu sən əkmisən. Əkməyə gücün çatmışsa, sökməyə də çatar. Qaynaq necədirsə, ondan axan da elədir.

      Ey könlüm!

      Gözün və əlin elə hey toplayır. Niyə paylamırsan, paylaya bilmirsən axı? Həyat toplamaqdan, ölüm paylamaqdan ibarətdir. Əgər topladıqların dünyaya aiddirsə, ömrün boyu topladıqlarını ölüm bir anda paylayıb dağıdar. Bütün əmanətlər sahiblərinə verilər. Nə üçün ölümün dağıda bilməyəcəyini toplamırsan? Gündüz dünyanındırsa, gecələri nə üçün yatırsan? Necə yatırsan? Sevdiyi olanın gözünə yuxu gedərmi heç?

      Ey könlüm!

      İbadətlərinin adətə döndüyündən şikayətçisən. Həzz duymamağının, ləzzət almamağının, istəklə etməməyinin, vaxtını gözləməməyinin, yəni adət halına gətirməyinin səbəbi eşqdən məhrum olmandır. Biz eşqə xəyanət etdik. Eşq də bizi tərk etdi. İbadətlər adət oldu. Bunun əlacı eşq atəşi ilə yanmaqdır. Bəs yana bilmiriksə? Şəms kimi yanan bir ürəkdən qığılcım almaqdır. Mövlana həzrətlərinin dediyi kimi, şam başqa şamı yandırmaqla işığından heç nə əskilməz. Əksinə, işığı artar. Eşq işıqdır, aydınlıqdır. İşıq olub işıq saçan yolunu görər. Eşq varsa sən yox olarsan. Sən var olduqda eşq yox olar. Unutma ki, işığın kölgəsi yoxdur. Kölgə olmaqdan qurtulmaq istəyirsənsə, işıq olan eşqin qoluna girməlisən.

      Ey könlüm!

      İstərsən yaşamaq üçün öl, istərsən ölmək üçün yaşa. Dünyanın hər qarışı doğum evi və məzarlıqdır. Çəkdiyin doğum sancılarında doktor ancaq ölümdür. Unutma ki, “ol” əmrinə layiq olmaq üçün “öl”məyi bilmək lazımdır. Olmaq üçün ölmək. Bu ölüm ölməzdən əvvəlki ölümdür. Elə isə “olmuş” halda “ölmüş” olmalısan. Olmadan ölmək, ölmədən əvvəl ölməmək deməkdir. Zira olanlar ölmürlər. Yunus ölənin ancaq heyvan olduğunu deyir.

      Ey könlüm!

      Niyyətini xalis tut, daima ixlaslı ol. Ehsan məqamında insan olmağa çalış. Niyyət xeyir olarsa aqibət də xeyir olar. Yusuf (ə.s) Fironun evində böyüyür. Aqibət ölümdür. Ölümlü dünyada ölümsüz həyata hazırlaş. Ey könül, özünə tövsiyə vermək çox çətindir, elə deyilmi? Amma özünü görmədən, eşitmədən, bilmədən yaşanan həyat həqiqət deyil, həqiqətdən qaçışdır. Sənə son sözüm adı Əhməd olan iki şairin bir-birini tanıdan iki beytidir. Səni, dünyanı və ən aydın həqiqət olan ölümü xülasə edən iki beyt. Sənin kimi dünyanın da qəlbi bir gün dayanacaq. Bu dünyadan insana əsa olmaz. Bu gecə bunları düşünərək yat.

      Qismətindir gəzdirən yer-yer səni

      Ərşə çıxsan aqibət yer, yer[1] səni.

      Onun üçün onun adı yer oldu

      Öncə bəslər, sonra kəndi yer səni.

       

       

      • Hits: 648 clicks

      Tecox component by www.teglo.info