Kərbəla və Füzuli / Vərağa Almasov

      Share

      Danılmaz bir gerçəkdir ki, 680-cı il oktyabr ayının onunda İraqi-Ərəbdəki Kufə şəhərinin yaxınlığında yerləşən Kərbəla səhrasında baş vermiş hadisə İslam aləminin köksünə saplanmış dərin bir xəncər yarasıdır.

       Vaxt ötdükcə bu yara hərdən köz bağlayıb qaysaqlansa da zaman-zaman sızıldamış, Əhli-beyt aşiqlərinin ürəklərini də sızlatmışdır. İmam hüseyn aşiqi, şair Füzuli:

      Tökmək övladi-rəsulun qanini asan degil,

      Ol səbəbdən kim, bu qan hər qanə bənzər qan degil!

      deyərək Peyğəmbər övladını qətlə yetirmək zülmünü özünə rəva görməklə Allah qatından birdəfəlik uzaqlaşan kəslər üçün əslində böyük bir üz qaralığının olduğunu vurğulayır. Çünki Əhli-beytin qanı istər Allah yaxınlıq, istər Rəsulullaha birbaşa bağlılıq, istərsə də etiqadi, əməli və əxlaqi dəyərlər baxımından heç bir məfkurə daşıyıcısında, məzhəb və təriqət nümayəndəsində olmayan bir saflığa malikdir.

      Bəs “övladi-Rəsul” deyib, bəzən üzərindən sükutla keçdiyimiz Kərbəla qəhrəmanı, görəsən kimdir? Məgər o, Rəsulullahın “Reyhan qoxulu nəvəsi” Həzrət Hüseyn və ətrafında olan iyirmiyədək Əhli-beyt fədaisi deyilmi? Füzulinin çoxsaylı Kərbəla soraqlı poeziya örnəklərindən olan aşağıdakı rübai məhz bəzilərinin ədalətsizcəsinə “ərəb tarixinin yüzlərcə adi döyüşlərindən biri” adlandırdığı bu möhtəşəm əqidə timsalına əsl bədii yanaşmanın bariz təzahürüdür.

      Dərda ki əhli-danişü idrak getdilər,

      Məcruhü dilşikəstəmi qəmnak getdilər!

      Alayişi-zəxarifə aludə olmayıb

      Dünyayə pak gəldilərü pak getdilər!

      Füzuli deyir: ictimai faciə və mənəvi fəlakətdir ki, Kərbəlada amansızcasına qətlə yetirilənlər sözün gerçək anlamında cəmiyyət həyatında gedən prosesləri dərindən dərk edib, obyektiv mömin mövqeyi tutan Əhli-beyt zəncirinin seçmə halqaları olmalarına baxmayaraq, natəmiz əllərə düşmüş xilafətin idarə üsulunun cəza mexanizmi onları birər-birər yaralamış, ruhən, qəlbən sıxıb əzmiş və əzəli-əbədi bir bəşəri kədər rəmzinə çevirmişdir. Bununla belə, onlar qətiyyən dünyanın maddiyyat çirkabına bulaşmayaraq, ləkəsiz Peyğəmbər ətəyində aldıqları saf tərbiyə nəticəsində pak ömür sürdükləri kimi əbədi axirət həyatına da pak getmişlər.

      Bu yerdə Rəsulullahın inci sözləri yada düşür: “Siz necə yaşamışsınızsa, o cür də vəfat edəcəksiniz; necə vəfat etmişsinizsə, o cür də dirildiləcəksiniz!” Rəsulullahın bu parlaq bəyanı Qurani-Kərimdə elə onun özünə xitabən əksini tapmış ilahi xəbərdarlıqdan qaynaqlanır: “Kafir olanlar özlərinin heç vaxt dirildilməyəcəklərini iddia edirlər. Onlara de: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz, sonra isə gördüyünüz işlərin hamısı bir-bir sizə bildiriləcəkdir...” (ət-Təğabun, 7)

      Həzrət Hüseynin mal-mülk sevdalı, mənsəb havalı yırtıcılar qarşısında əqidə və azadlıq timsalı kimi dayanaraq bədəninin hər bir hüceyrəsi ilə söylədiyi aşağıdakı rəcəz döyüş çağırışı bir yandan cəsarətli Allah bəndəsinin tükənməz gücünü göstərir, bir yandan da bu gücün başlanğıc götürdüyü peyğəmbərlik çeşməsinin duruluğundan, saflığından soraq verir:

      Ol mənim kim; cəddi-pakimdir çıraği-ənbiya

      Afitabi-övci-himmət, sərvi-baği-istifa!

      (Babası peyğəmbərlər çırağı olan şəxs mənəm! Mənim peyğəmbər babam bacarıq və alilik zirvəsində işıq saçan bir günəş və saflıq bağçasında ucalan möhtəşəm bir sərv ağacıdır!)

      Ol mənim ki, mədəni-dürri-vücudimdir Əli

      Şahi-ərbabi-həqiqət, şəmi-cəmi-övliya!

      (Mən o kimsəyəm ki, həqiqət yolu ilə gedənlərin və bütün müqəddəslərin şamı, nur qaynağı olan Həzrət Əli məhz mənim varlıq incimin sədəfidir!)

      Ol mənəm ki, nuri-çeşmi-xilqətimdir Fatimə

      Cövhəri-kani-şərəf, şəmi-şəbistani-həya!

      (Mən o kimsəyəm ki, izzət və əzəmət mədəninin mayasını təşkil edən və həya məclisinin (yeganə) şamı olan xanım Fatimə məhz mənim yaradılışımın gözünün işığıdır!)

      Göründüyü kimi, Füzuli Həzrət Hüseynin dilindən verdiyi bu rəcəzi sarsılmaz islami istinadgahlarla möhkəmləndirmişdir. Belə ki, o, Rəsulullahı “çiraği-ənbiya” adlandırarkən bilavasitə Qurani-Kərimə söykənmişdir: “Ey Peyğəmbər, həqiqətən biz səni şahid, müjdələyici və xəbərdaredici olaraq göndərdik! Sən həm də Allahın izni ilə ona doğru çağıran nurlu bir çıraqsan!” (əl-Əhzab, 45-46)

      “Heç vaxt alçaqlığa boyun əymərəm, çünki Allah, onun peyğəmbəri və möminlər bizim zilləti qəbul etməyimizə razı deyillər, namuslu analar və qeyrətli atalar belə bir şeyə icazə verməzlər.” (İmam Hüseyn hərəkatı haqqında 72 sual, Xosrov Təqaddüsi Niya, Qum, 1998, səh. 47)

      Beləliklə aydın olur ki, bəşər tarixinin ayrılmaz tərkib hissələrindən birinə çevrilən və iman-küfr, haqq-batil savaşının bir halqasını təşkil edən Kərbəla vaqiəsi öz təxəyyül gücünü real həyat həqiqətlərindən alan böyük sənətkarın yaradıcı təfəkkürününə yön vermiş, “Hədiqətü-s-süəda” (Xoşbəxtlər bağçası) kimi bir şah əsərin meydana gəlməsinə yol açmışdır ki, bu da son nəticədə İslam aləminin köksündə açılmış bu dərin xəncər yarasının sızıldatdığı Əhli-beyt aşiqlərinin təşnə ürəklərinə zaman-zaman su səpmişdir.

      Vərağa Almasov

      Filologiya elmləri namizədi 

      • Hits: 1067 clicks

      Tecox component by www.teglo.info