Həzrət Peyğəmbərin Ailə Həyatindan Etüdlər / Prof. Dr. M. Yaşar Kandemir

      Share

      Digər insanlarla münasibətlərində olduğu kimi Həzrət Peyğəmbərin ailə həyatında da ən çox gözə çarpan vəsfi, onun davranışlarındakı təbiilik və sadəlikdir.

       Onun insanlara ən çox təsir edən halı saxta parıltlardan uzaq olan bu təbii görünüşü idi...

       

      Aralarında fərq qoymamağa son dərəcə riayət etdiyi xanımlarından növbə kimdə isə, axşam onun otağına getməzdən əvvəl, bəzən də səhər namazını qıldıqdan sonar bütün xanımlarını ziyarət edər, hallarını soruşar, ehtiyaclarını öyrənərdi. Axşam yanında qalacağı xanımının otağına girdiyi zaman salam verdikdən sonra etdiyi ilk iş dişlərini misvaklamaq olurdu. Daha sonra digər xanımları ora gələr, birlikdə söhbət edərdilər. Yatsı namazından sonra çox danışmazdı. Hamı istirahətə çəkilərdi. Hz. Peyğəmbər dəstəmaz aldıqdan sonra yatağa girər (Müsnəd VI, 85), duasını edər, bir az yatdıqdan sonra xanımını oyandırmamağa çalışaraq yavaşca qalxar, dəstəmazını alar və gecə ibadətinə başlayardı.

       

      Səhər namazı üçün məscidə çıxmazdan əvvəl sübh namazının sünnəsini evdə qılan Rəsuli-Əkrəm -salləllahu əleyhi və səlləm- xanımlarını namaza qaldırdıqdan sonra məscidə gedərdi.

       

      Əshabi-kiramdan və tabiundan bəzisi Rəsulullahın evdə nə ilə məşğul olduğunu Hz. Aişədən soruşmuşdu. Hz. Aişə də belə cavab vermişdi: “Hamı evində nə ilə məşğuldursa o da, elə. Paltarını yamayar, ayaqqabısını tikər, qoyunlarını sağar, öz işini özü görərdi.”

       

       

      BÖYÜK SEVGİ MÜHİTİ

       

      Həzrət Peyğəmbər xanımları ilə aralarından olan segi bağlarını gücləndirəcək, yaxınlığı artıracaq tərzdə xoş həyat yaşadı. Bunun ən gözəl örnəklərindən biri Hz. Aişə ilə evliliklərinin ilk illərində təşkil etdikləri qaçış yarışıdır. Anamızın nəql etdiyinə görə, Rəsulullah (s.ə.s) bir səfərə gedərkən Hz. Aişəni də aparmışdı. Yolda gedirdilər. Hz. Peyğəmbər yanındakı səhabələrə “siz davam edin” buyurdu. Səhabələr xeyli uzaqlaşdıqdan sonra Hz. Aişəyə “yarışaqmı?” deyə soruşdu. Hz. Aişə də bu təklfi sevərək qəbul etdi. Yarışdılar; gənc və enerjili Hz. Aişə birinci oldu. Aradan illər keçdikdən sonra yenə bir səfərdə bərabər idilər. Hz. Peyğəmbər yenə “yarışaqmı?” deyə soruşdu. Hz. Aişə bir vaxtlar yarışdıqlarını xatırlayaraq bu təklifi məmnuniyyətlə qəbul etdi. Yarışdılar; bu dəfə isə Rəsulullah birinci oldu. Hz. Peyğəmbər gülərək “bu, vaxtilə qalib gəldiyin müsabiqənin revanşıdır” buyurdu. (Müsnəd, Əbu Davud)

       

      ƏVVƏL KİM QOVUŞACAQ?

       

      Həzrət Peyğəmbərin xanımları ilə etdiyi zarafatlara aid bir missal da belədir: Hz. Aişə anamızın nəql etdiyinə görə bir gün bütün xanımları Peyğmbərimizin başına yığışmışdılar. Soruşdular:

      ­– Ya Rəsulallah! Sənin vəfatından sonra sənə ilk əvvəl hansımız qovuşacağıq? Hz. Peyğəmbər:

      “– Əli uzun olanınız” buyurdu. Hz. Aişə sözünə davamla deyir ki: Əlimizə bir çubuq aldıq, qollarımızı ölçməyə başladıq. İçimizdə qolu ən uzun olan Sevdə binti Zəma oldu. Sonra öyrəndik ki, qolu ən uzun olan deməklə ən çox sədəqə verənimizi qəsd edirmiş. Bununla bərabər Peyğəmbərimizin vəfatından sonra ona qovuşan ilk xanımı Sevdə oldu. Çünki Sevdə sədəqə verməyi çox sevərdi.” (Buxari, Nəsai, Müsnəd)

       

       

      PEYĞƏMBƏR ŞƏFQƏTİ

       

      Bir bayram günü həbəşlilər Məscidi-Nəbəvidə hərb oyunları səhnəsi göstərirdilər. Rəsulullah həbəşliləri seyr etmək üçün Hz. Aişəni arxasına alıb məscidə gətirmişdi. Səhnəni yaxşı görə bilməsi üçün də önə doğru əyilmişdi. Bu hədisi rəvayət edən Hz. Aişə gənc qızlara bu qəbildən əyləncələri göstərməyin faydalı olacağını söyləyir, eyni zamanda onlara anlayışlı və şəfqətli davranmağı tövsiyə edir. Çünki o özü də, Rəsuli-Əkrəmdən eyni anlayışı, şəfqəti görmüşdü.

      Altınoluk 1988 May

                                                                                                                                                                       Tərcümə: Saleh Şirinov

      • Hits: 823 clicks

      Tecox component by www.teglo.info